DAS: “Hüseyniyyun” qruplaşmasının Avropa qanadı
Bizi izləyin

Nida Təhlil

DAS: “Hüseyniyyun” qruplaşmasının Avropa qanadı

18 iyul, 2019-cu il: “Siyasi mühacir” adı ilə Almaniyaya sığınmış azərbaycanlıların yaratdığı “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı Essen şəhərində “siyasi məhbuslara dəstək” aksiyası keçirib.

Bu xəbər Azərbaycanda bir gün sonra – iyulun 19-da yayımlandı. İki gün sonra isə “Alman-Erməni Cəmiyyəti” sosial şəbəkə hesabında xəbəri tirajladı. Aksiyanın hətta cəmiyyətin eyniadlı qəzetində işıqlandırıldığı haqda da məlumatlar var.

Bu fakt “erməni diasporu/lobbisi ilə DAS-ı nə birləşdirir” sualını gündəmə gətirir. Avropada erməni xüsusi xidmət orqanlarının “siyasi mühacir”ləri ələ aldığı, erməni diasporu/lobbisinin onlardan Azərbaycana qarşı bu və ya digər formada istifadə etdiyi məlumdur. Hollandiyada yaşayan Əlikram Hümbətovun oğlu Tural Hümbətovun adına yaradığı CODA (Committee Outlines of Democracy in Azerbaijan) – “Azərbaycanda Demokratiya Komitəsi” adlı təşkilat bu işi həyata keçirən əsas platforma rolunda çıxış edir. Bu faktlar fonunda DAS-ın da eyni fəaliyyəti həyata keçirdiyi – demokratiya adı altında Azərbaycana qarşı planda yer alması istisna deyil. Lakin DAS-la bağlı apardığımız araşdırmada təşkilatın İranın radikal dini dairələrinə bağlılığı, Azərbaycanda terror aktları həyata keçirməyə cəhd edən Tohid İbrahimbəylinin rəhbərlik etdiyi “Hüseyniyyun” təşkilatının Avropa qanadı olduğu ortaya çıxır.

Proseslərin analizi arxasında bəlli ölkələrin dayandığı, “siyasi mühacir” – terror təşkilatı – erməni xüsusi xidmət orqanlarını özündə birləşdirən “üçlü qüvvənin” Azərbaycana qarşı “demokratiya”, “insan haqları” kimi dəyərlər üzərindən məkrli fəaliyyət göstərdiyini üzə çıxarır.

2018-ci il iyulun 3-də “Hüseyniyyun” terror təşkilatının üzvü Yunis Səfərov Gəncədə terror aktı həyata keçirdi. Gəncə hücumunun ildönümündə “Hüseyniyyun”un rəhbəri Tohid İbrahimbəylinin bağlı olduğu İranın radikal dini dairələrinin ruporu rolunda çıxış edən “nur-az.com” Y.Səfərovun Suriyada döyüşdüyünü əks etdirən videogörüntülərini yaydı. Bununla təsdiqləndi ki, Azərbaycan müxalifəti adına çıxış edən Milli Şura da daxil olmaqla, bəlli qrupların israrla “qəhrəman”laşdırmağa çalışdığı Səfərov Azərbaycan dövlətinə qarşı sui-qəsd planları quran dairələrə bağlı terrorçudur.

Səfərovun terror aktını həyata keçirməsi və onun “qəhrəmanlaşdırılması” prosesində erməni xüsusi xidmət orqanlarının iştirakı isə OTV-nin rəhbəri Zabil Məhərrəmovun (Madoj) terrorçunu “Mənim əsərimin qəhrəmanı” kimi təqdim etməsi ilə təsdiqini tapdı. Faktlar təsdiqləyir ki, eyni şəbəkə Gəncə hücumu ərəfəsində Avropadakı “siyasi mühacir”lərin təşkilatlandırılmasına da start verib.

“Demokratik Azərbaycanı Seç” təşkilatı 2018-ci ilin 3 iyun tarixində - Gəncə hücumundan düz bir ay öncə - yaradılıb. Təşkilatı yaradan şəxs Cavid Cabbarlı (Alışov) 2018-ci ilin yanvarında Almaniyaya mühacirət edib.

Cavid Cabbarlı kimdir? – Cəlilabad rayonunda doğulub, əslən Yardımlıdandır. Azərbaycan İslam Partiyasının (AİP) aktiv üzvü olub, bir müddət partiyanın mətbuat xidmətinə rəhbərlik edib. 2013-cü ildə Vətəndaş İnkişafı Partiyasına (VİP) keçib. VİP-də olmasına baxmayaraq, daim AİP və VHP-yə simpatiyası ilə seçilib. Nardaran hadisələrini törədən “Müsəlman hərəkatı birliyi”inin rəhbəri Tale Bağırzadənin müdafiəçisi kimi tanınıb. Vaxtilə “Kanal-13”-də aparıcılıq edib, hazırda “xeber.info” sayını idarə edir. Sayt İrandakı dini rejimin alovlu müdafiəçidir. C.Cabbarlı Feysbuk profilində də açıq mətnlə İranın dini rejiminin təbliğatını aparır, hətta İranın dini rəhbərini Şah İsmayıl Xətai ilə eyniləşdirir, Ermənistana silah satdığı üçün İranın Bakıdakı səfirliyinin önündə keçirilən aksiyanı pisləyir, Gəncə terrorunun iştirakçılarının “siyasi məhbus” olduğunu iddia edir və s.

C.Cabbarlı Almaniyaya mühacir edəndən təxminən 6 ay sonra DAS-ı yaratdı və Azərbaycan hakimiyyətinə qarşı radikal mövqeyi ilə tanınan Orduxan Temirxanı, Fikrət Hüseynlini, Tural Sadıqlını və digərlərini bu təşkilatın çətiri altına topladı. DAS yaranandan etibarən Azərbaycan əleyhinə aksiyalar təşkil edir, “siyasi məhbus” məsələsini gündəmə gətirir və Avropa ölkələrinin liderlərinin Bakıya səfərinə qarşı çıxır. Misal üçün, ötən ilin 22 avqustunda Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinə qarşı etiraz aksiyası təşkil olundu. Motiv “siyasi məhbus” məsələsi olsa da, aksiyanın məqsədinin Avropa ölkələrinin Azərbaycanla əlaqələrini kəsməsi, rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməsi və bununla İrana qarşı gündəmə gələn sanksiyaların arxa plana keçməsi olduğu istisna deyildi. Buna nail ola bilməsələr də, təşkilat bu gün də eyni məqsədli fəaliyyətini davam etdirir.

Araşdırmalar təsdiqləyir ki, İranın radikal dini dairələrinə bağlı “Hüseyniyyun” kimi qruplaşmalar, erməni xüsusi xidmət orqanları və “siyasi mühacir” kimliyinə sığınan bir çoxları Azərbaycana qarşı eyni hücumun müxtəlif cinahlarında yer alır və eyni mərkəzlərdən idarə olunur. Burada Azərbaycan müxalifətinin, daha dəqiq desək, Milli Şuranın prosesdə iştirakına dair da suallar meydana çıxır.

Y.Səfərovu “qəhrəmanlaşdıran” Milli Şura və rəhbərliyi “Hüseyniyyun” qruplaşmasının Avropa qanadı olan DAS-ın fəaliyyətini alqışlayır. Əli Kərimli 2018-ci ilin 23 avqustunda DAS-ın Almaniya kanslerinin Azərbaycana səfərinə qarşı keçirdiyi aksiya haqqında belə yazırdı: “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının təşəbbüsü ilə siyasi mühacir fəalların dünən Berlində keçirdiyi tədbiri yüksək qiymətləndirirəm. Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edirəm. Almaniyanın kansleri xanım Angela Merkelin iqamətgahı önündə keçirilən tədbirdə Avropada yaşayan soydaşlarımız Azərbaycanda insan haqları və siyasi məhbus probleminə diqqəti cəlb ediblər. Azərbaycanda vəziyyət günü-gündən pisləşir. Vətəndən didərgin düşmüş siyasi mühacirlərin fəallıq göstərmələri, dünyanın diqqətini ölkəmizə cəlb etmələri olduqca təqdirəlayiqdir”.

Kərimlinin bu paylaşımı Milli Şuranın Feysbuk səhifəsində tirajlandı və bu, onların da bəlli dairələrin “siyasi məhbus” adı altında Azərbaycan dövlətinə qarşı apardığı prosesdə yer aldığını isbatlayır. Bunu isbatlayan daha bir fakt isə C.Cabbarlının Leyla Yunus və Oqtay Güləliyev tərəfindən 2017-ci ildə yaradılan “Siyasi Məhbusları Müdafiə Mərkəzi”nin Avropa üzrə koordinatoru olmasıdır. Bu fakt fonunda “Avropada yaşayan, lakin Leyla və Arif Yunusun Ə.Hümbətovun CODA təşkilatı ilə əlaqələri və Azərbaycana qarşı apardıqları kampaniyaya dəstək verməyən azərbaycanlıların onların “arayışı” ilə deportasiya təhlükəsi ilə üzləşdiyi haqda informasiyalar yada düşür.

Göründüyü kimi, Azərbaycana qarşı “demokratiya” adı altında həyata keçirilən bu hücumun müxtəlif cinahları mövcuddur:

- İranın radikal dini dairələrinə bağlı “Hüseyniyyun” qruplaşması: sifariş aldığı dairələrin maraqlarını həyata keçirmək üçün Azərbaycana qarşı terror hücumları edir;
- “Hüseyniyyun”un Avropa qanadı olan DAS: eyni məqsədlə siyasi hücumları təşkil edir;
- Erməni xüsusi xidmət orqanları; azərbaycanlı kimliyi altında gizlənənlərdən Azərbaycana qarşı istifadə edir;
- Azərbaycan müxalifəti – Milli Şura; “düşmənimin düşməni dostumdur” prinsipi ilə siyasi hakimiyyət ambisiyaları naminə bu şəbəkədə bu və ya digər formada yer alır;

Şəbəkə eynidir, hədəf Azərbaycan dövlətidir, hərçənd hücumun cinahlarında yer alanların hər birinin öz maraqları var...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm