Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın xarici siyasətinin böyük uğurudur
Bizi izləyin

Nida Təhlil

Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın xarici siyasətinin böyük uğurudur

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin xarici siyasətinin böyük uğuru kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra dünya dövlətləri sülhün və təhlükəsizliyin əhəmiyyətini daha aydın dərk etdilər. Hərbi-siyasi bloklaşmaların bəşəriyyət üçün nə dərəcədə təhlükəli olmasının fərqinə varan əksər dünya dövlətləri qoşulmama ideyasını genişləndirdilər:

"1955-ci ildə qəbul olunmuş Bandunq prinsipləri əslində dünyanın dinc, sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin edəcək on zəruri "resept"ini ifadə edirdi. Əslində, Bandunq prinsipləri dövlətlərin təbii olaraq, əməl etməli olduqları prinsiplərdir. Lakin dünyada xeyli sayda dövlətin bu prinsiplər əsasında ayrıca təşkilatlanması olduqca əhəmiyyətli idi. Qoşulmama Hərəkatının rəsmi yaranması tarixinə diqqət yetirsək, onun dünya üçün əhəmiyyətini daha aydın dərk edərik. Belə ki, hərəkatın 1961-ci ildə Karib böhranından bir il əvvəl yaranması bəlkə də dünyanı böyük bəladan xilas edib. Çünki belə bir təşkilatın yaranması haqqında ideyaların genişlənməsi sərt qlobal qütbləşməni müəyyən qədər əngəlləyə bilib".

Politoloq hesab edir ki, soyuq müharibənin Üçüncü Dünya Müharibəsinə çevrilməsini əngəlləyən amillərdən biri rolunda məhz Qoşulmama Hərəkatı çıxış edib. Soyuq müharibənin bitməsi və SSRİ-nin süqutu ilə Təşkilatın aktuallığı gözlənildiyi kimi zəiflədi. Çünki ABŞ-ın başçılığı altında tək qütbün əlamətləri özünü göstərirdi. Lakin dünya sürətlə dəyişir. XXI əsrin əvvəllərindən başlayaraq, dəqiq bəlli oldu ki, dünya təkqütblü olmayacaq. Beynəlxalq münasibətlər sistemində digər aktorların da təsiri aydın hiss olunmağa başladı. Bununla da Qoşulmama Hərəkatının əhəmiyyəti soyuq müharibə dövründən zəif olmayan şəkildə özünü nümayiş etdirdi".

Qoşulmama Hərəkatını insani və iqtisadi resurslarına görə kifayət qədər böyük və ciddi bir təşkilat sayan E.Mirbəşiroğlu qeyd edib ki, bu təşkilat çərçivəsində əməkdaşlıq ən müxtəlif hədəflərə xidmət edə bilir:

"Belə ki, Qoşulmama Hərəkatı üzv ölkələri qlobal sülhün və təhlükəsizliyin qorunması üçün vacib olan prinsiplər əsasında birləşməni təmin etməklə yanaşı, həm də bu ölkələr arasında digər sahələrdə də əməkdaşlıq və qarşılıqlı anlaşma mühitini daha da yaxşılaşdırır. 120 ölkə təşkilata qoşulmaqla hər şeydən öncə mövqelərini və beynəlxalq münasibətlər sistemində fəaliyyətlərinin prinsiplərini bəyan etmiş oldu. Yəni insan hüquqlarına hörmətlə yanaşmaq, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirəcək hərəkətlərdən çəkinmək və s. kimi prinsipləri dəstəklədiklərini nümayiş etdirirlər".

E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatının 2011-ci ildən tamhüquqlu üzvüdür. Ölkəmiz ona qədər də təşkilatda müşahidəçi statusunda kifayət qədər fəallıq nümayiş etdirib:

"Nəzərə almaq lazımdır ki, 2011-ci ildə Hərəkata tamhüquqlu üzv statusunda qoşulan ölkəmiz çox qısa zamanda - cəmi 5 il sonra, yəni 2016-cı ildə artıq ona sədrlik etmək hüququ qazandı. 2016-cı ildə Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik edəcəyi haqqında qərar qəbul olunub. Bu da Azərbaycanın xarici siyasətinin böyük uğuru, diplomatiyasının keçərliliyi kimi qiymətləndirilməlidir. Bundan başqa, ölkənin bütün istiqamətlərdə potensialının yüksək olması üzv ölkələr tərəfindən qəbul olunur ki, bu da Azərbaycana olan marağı və dəstəyi gücləndirir".

Politoloqun sözlərinə görə, Azərbaycanın 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi üçün əsas dəstəyi məhz Qoşulmama Hərəkatına üzv olan ölkələrdən alması təsadüfi deyil. Bu, onu göstərir ki, Azərbaycan elə ilk vaxtdan Hərəkata üzv ölkələrin diqqətini və rəğbətini qazana bilib:

"Bu, olduqca əhəmiyyətlidir. Çünki Qoşulmama Hərəkatı kifayət qədər təsir imkanlarına malikdir və dünya siyasətində korrektələr etmək iqtidarındadır. Bu platformada Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması istiqamətində də səmərəli fəaliyyəti həyata keçirə bilir. 2012-ci ildən başlayaraq, Hərəkatın sammitinin yekun sənədlərində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyi aydın şəkildə vurğulanır. Bundan başqa, hesab edirəm ki, 25-26 oktyabr tarixində Azərbaycan özünün müstəqillik tarixində ən böyük bir tədbirə ev sahibliyini həyata keçirib. Bu, Azərbaycanın bir daha tanıdılması, yeni əməkdaşlıq imkanlarının açılması baxımından yaxşı nəticələrə səbəb olacaq. Azərbaycan həmçinin bir daha nümayiş etdirəcək ki, ən mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Bu da Azərbaycanın beynəlxalq pozitiv imicinin daha da güclənməsini təmin edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm