120 dövlətin Qarabağ çağırışı, Bakının böyük qələbəsi və İrəvana vurulan AĞIR ZƏRBƏ
Bizi izləyin

Nida Təhlil

120 dövlətin Qarabağ çağırışı, Bakının böyük qələbəsi və İrəvana vurulan AĞIR ZƏRBƏ

Soyuq müharibə SSRİ-nin dağılması ilə başa çatdı, hərçənd, dünyanın hazırki mənzərəsində Qərb ittifaqı ilə Şərq blokunun mübarizəsi açıq müstəviyə keçib. ABŞ başda olmaqla Qərb, Rusiya və Çin başda olmaqla Şərq cəbhəsi faktiki olaraq dünyanın müxtəlif məkanlarında nüfuz müharibəsi aparır və belə mənzərə fonunda bəşəri sülh naminə Qoşulmama Hərəkatının aktiv fəaliyyətinə ehtiyac yenidən aktuallaşıb.

Bu baxımdan, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi qlobal təhlükəsizlik baxımından əhəmiyyətlidir. Çünki Şərqlə Qərbi birləşdirən Azərbaycan hazırda bəşəri sülh üçün ən vacib məsələlərdən hesab olunan multikulturalizmin məkanı sayılır. Bununla yanaşı, Qərb və Şərq cəbhələrinin ən təhlükəsiz və etibarlı müzakirə platforması rolunu oynamaqdadır.

2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov, 2018-ci ilin aprelində yenə Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti, 2019-cu ilin iyulunda Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasındakı qlobal əhəmiyyətli görüşlərin keçirilməsi üçün məkan kimi Bakı seçildi.

Azərbaycan faktiki olaraq dünyanın bütün cəbhələri üçün təhlükəsiz və etibarlı müzakirə məkanıdır. Dünyanın III böyük müharibəyə doğru getdiyi fonunda bu rolu oynamaq təkcə ölkəmiz üçün yox, bütün bəşəriyyət üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsinin qlobal sülhə böyük töhfə verəcəyi şübhəsizdir.

Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzundan və Azərbaycan liderinin düşünülmüş siyasətindən xəbər verir. Təsadüfi deyil ki, Azərbaycan 2011-ci ildə üzv olduğu QH-yə cəmi 5 il sonra ev sahibliyi etdi və 2019-2022-ci illər üzrə sədrlik hüququnu qazandı. Nəzərə alsaq ki, özündə 120 ölkəni birləşdirən QH BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisatdır, hərəkatın 18-ci Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 3 il ərzində sədrliyin Azərbaycana həvalə edilməsi böyük diplomatik uğurdur.

Beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlərin müzakirə olunduğu Zirvə görüşü 2 gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə oldu. Zirvə görüşündə 159 nümayəndə heyəti dövlət və hökumət başçısı, parlamentin sədri, xarici işlər naziri və digər yüksək səviyyələrdə təmsil olundu. həmçinin, BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının prezidenti Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər etdi. Azərbaycan dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzinə çevrildi.

Zirvə görüşü bir neçə aspektdən diqqət çəkir:

Birincisi, Azərbaycan liderinin görüşə peşəkarlıqla sədrlik etməsidir. Azərbaycan indiyə qədər onlarla beynəlxalq tədbirlərə ev sahibliyi edib, lakin QH-nin Zirgə Görüşü miqyası baxımından müstəqillik tariximizin ən böyük beynəlxalq tədbiri hesab oluna bilər. Zirvəyə hərəkatın 120 üzv dövləti, 38 müşahidəçi, qonaq dövləti, o cümlədən beynəlxalq təşkilatlar qatılmışdı. Prezident İlham Əliyev Zirvə görüşünün yüksək peşəkarlıqla idarə etdi, qlobal sülhdən, beynəlxalq təhlükəsizliyin mühafizə olunmasında danışdı, xüsusilə BMT-də islahatlara ehtiyacın olduğunu vurğulamaqla dünyaya açıq mesaj verdi.

Prezident İlham Əliyev Azərbaycanın QH-da sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını qeyd etdi. Ölkəmizin QH-nın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafa və ədalətin təmin olunması üçün var gücü ilə çalışacağını qeyd etdi.

“Bandunq prinsipləri” bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini ehtiva edir.

İkincisi, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyi möhkəmləndi, 120 dövlət Ermənistanı işğalçı ölkə kimi tanıdı.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı.

Qoşulmama Hərəkatının 18-ci Sammitinin yekun sənədlərində Azərbaycanla bağlı bəndlər işğalçı Ermənistana böyük zərbə vurulduğunu təsdiqləyir.

“Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəflərin münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar”.

“Dövlət və Hökumət başçıları Azərbaycan və Ermənistan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də həll olunmamasından təəssüf hissi keçirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxununulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar”.

“Bu xüsusda, Dövlət və Hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir Dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanmasına hər hansı kömək göstərməyəcək”.

Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Yekun Sənədə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edildi. Bu bənddə Dövlət və Hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur.

Üçüncüsü, Azərbaycan liderinin işğalçı Ermənistanın nasizm sevgisinə daha bir zərbə vurdu.

Azərbaycanın təklifi ilə Zirvə Görüşünün yekun sənədində Dövlət və Hökumət başçıları Nasist hərəkatının, neo-nasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, Nasist keçmişi, Nasist hərəkatı və neo-nasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və Nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar.

Bu, Prezident İlham Əliyevin MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.

Dördüncüsü, Azərbaycanın təklifi ilə yekun sənədlərə bir sıra bəndlər daxil edildi və bu, ölkəmizin beynəlxalq imicinə daha bir töhfə verdi.

- Üzv dövlətlərin Dövlət və Hökumət başçıları Azərbaycan Respublikasının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Bakı Sammiti çərçivəsində 24-25 oktyabr 2019-cu il tarixlərində ilk dəfə olaraq təşkil olunmuş QH Gənclər Sammitinin təşkil olunmasını alqışlayır və dayanıqlı tərəqqinin təmin olunması sahəsində çağırışlar barəsində və onların cavablandırılmasına yönəlmiş birgə səylərə dair QH üzv dövlətlərinin gəncləri arasında fikir mübadiləsinin aparılmasına imkan yaradan QH Gənclər Şəbəkəsinin yaradılmasını dəstəklədilər.

- Dövlət və Hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlər üçün, o cümlədən onların təhlükəsiz və ləyaqətli geri qayıdışı və insan hüquqlarının təmin edilməsi, qorunması, əməl olunması və bərpası sahəsində davamlı həll yollarının təşviq edilməsində üzv dövlətlərin başlıca məsuliyyəti olduğunu tanıdılar.

- Dövlət və Hökumət başçıları Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş “Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında effektiv və səmərəli dialoqun qurulmasına töhfəsini qiymətləndirdilər.

Beşincisi, Qoşulmama Hərəkatının Zirvə toplantısı Azərbaycanın dünya dövlətləri ilə ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dünya dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə 20-dən artıq görüş keçirtdi. Bu, həm iqtisadi, həm də siyasi dividentlərin əldə edilməsi deməkdir.

Azərbaycan Qoşulmama Hərəkatı ilə növbəti qələbəsini qazandı. Xüsusilə yekunda qəbul olunmuş Bakı Bəyannaməsində “Biz Dövlət və Hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik” sözləri ilə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstəyin ifadə olunması olduqca əhəmiyyətlidir. 120 dövlət Ermənistanın işğalçı olduğunu rəsmi şəkildə qeyd etdilər. Beləliklə, Ermənistan və onun havadarlarının dəridən qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail oldu.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm