Azərbaycanın böyük dividend əldə edəcəyi QƏLƏBƏ - Kosmosun nəhəngləri Bakıya gəlir
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın böyük dividend əldə edəcəyi QƏLƏBƏ - Kosmosun nəhəngləri Bakıya gəlir

Azərbaycan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bir neçə gün öncə Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilən seçkilərdə Bakı şəhəri bu hüququ qazandı.

Bakının rəqibləri Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Lakin sonda Bakı qələbə qazandı. Sinqapur, Braziliya və Hindistan Azərbaycanla müqayisədə daha böyük ölkələrdir, bu baxımdan, belə bir mühüm tədbirin ev sahibliyinə Bakının seçilməsi Azərbaycanın növbəti qlobal uğurudur. Bu, artıq Bakının dünya şəhərləri arasında, Azərbaycanın da dünya ölkələri arasında mühüm yer tutduğunu təsdiqləyir.

Belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün bir sıra kriteriya önəmlidir:

- Təhlükəsizlik;
- Təcrübə;
- İnkişaf;

Azərbaycan Şərqdə ən sabit müsəlman ölkəsi və MDB-də ən təhlükəsizlik ölkələrdəndir. Dünyanın aparıcı maliyyə və analitik jurnallarından biri olan “Global Finance” “2019-cu il dünyanın ən təhlükəsiz ölkələrinin” reytinqi də Azərbaycanın regionda ən təhlükəsiz ölkə olduğunu təsdiqləyir.

Azərbaycan müxtəlif sahələrə aid beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bağlı zəngin təcrübəyə malikdir. Bura “Avroviziya” mahnı müsabiqəsini, I Avropa Oyunlarını, Formula 1 yarışlarını, Avroliqanın final oyununu, beynəlxalq forumları, Qərb və Şərq cəbhəsinin mühüm görüşlərini və s. aiddir. Təkcə oktyabr ayında Bakı miqyası və əhəmiyyəti baxımından iki nəhəng tədbirə ev sahibliyi edib: Türk Şurası və Qoşulmama Hərəkatı. Hər iki təşkilatın Bakı Zirvəsi təhlükəsiz və səmərəli keçib.

Bu və digər amillər Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün namizəd olan şəhərlər arasından niyə Bakının seçilməsinin səbəbini aydın izah edir. Və təbii ki, astronavtika sahəsindəki inkişaf və Azərbaycanın kosmik ailənin üzvü olması burada mühüm səbəblərdən biridir.

Azərbaycan bu gün Cənubi Qafqaz regionunda kosmik ailənin üzvü olan yeganə ölkədir. Prezident İlham Əliyevin 2010-cu ilin 3 may tarixli sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədinə xidmət edən “Azərkosmos” yaradıldı. Qısa zaman ərzində kosmik istiqamətdə nailiyyətlərə imza atıldı. 2013-cü ilin 8 fevralında Azərbaycanın ilk peyki – “Azerspace -1” orbital mövqeyinə çıxarıldı. 2014-cü il 30 iyun tarixində “Azersky” adlı müşahidə peyki orbitə buraxıldı. 208-ci ilin 26 sentyabr tarixində “Azerspace – 2” peyki orbital mövqeyində yerini aldı.

Dəyəri 233 milyon dollar olan “Azərspace-1” telekommunikasiya peykininin 80 faiz resursu kommersiya məqsədilə istifadə olunur. İndiyə qədər 80 milyon dollardan artıq gəlir gətirib. İstifadə müddəti 15 il olan peykin ümumilikdə 250 milyon dollara yaxın gəlir gətirəcəyi proqnozlaşdırılır. Bu peyk vasitəsilə yerli telekanallarla yanaşı, bir sıra xarici ölkələrin telekanalları da yayımlanır.

Dəyəri 157 milyon avro olan “Azersky” müşahidə peyki həm müdafiə və təhlükəsizlik, həm də kommersiya məqsədilə istifadə olunur. İndiyə qədər 24 milyon avrodan artıq gəlir gətirib. Bu peyk vasitəsilə cəbhə xəttində rahat müşahidə aparmaq və işğalçı ölkənin hərəkətlərini izləmək mümkündür.

Dəyəri 400 milyon dollar olan “Azerspace-2” telekommunikasiya peyki isə Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir, o cümlədən, regiondakı ölkələrə və özəl şirkətlərə şəbəkə xidməti təklif edir.

Göründüyü kimi, Azərbaycan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi üçün bütün kriteriyalara cavab verir.

Burada tarixə ekskursiya etmək zərurəti də var. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin SSRİ-də keçirilməsi ilə bağlı qərar qəbul edildi. Həmin vaxt ümumilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində həmin Konqres məhz Bakı şəhərində keçirildi. Təxminən 50 il sonra Bakı yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək, bu dəfə müstəqil Azərbaycanın paytaxtı kimi.

“Azərkosmos” ASC-nin sədrini qəbul edərkən, bu tarixi məsələni ictimaiyyətin diqqətinə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu, böyük rəmzi məna daşıyır: “O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdir. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir”.

Təxminən 50 il öncə beynəlxalq miqyaslı kosmik konqresin Bakıda keçirilməsi üçün böyük səylər göstərən və buna nail olan Heydər Əliyev kimi Prezident İlham Əliyev də müstəqil Azərbaycanın paytaxtı Bakıın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi üçün ciddi fəaliyyət həyata keçirib, xüsusilə Azərbaycanı kosmik ailənin üzvü etməklə buna nail olub.

Bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidentinin Azərbaycanda səfərdə olduğunu xatırladan dövlət başçısı Konqresin Bakıda keçirilməsini diqqətə çatdırıb: “Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.

“Konqres niyə Bakıda keçirilir” sualının cavabı Prezidentin çıxışında aydın şəkildə ifadə olunub:

- Azərbaycanın beynəlxalq siyasi nüfuzu;
- Ölkəmizə olan inam;
- Azərbaycanda həyata keçirilən siyasətin dəstəklənməsi;
- Həyata keçirilən işlərin dünya miqyasında rəğbət qazanması;
- Azərbaycanın yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biri olması;


Dünya miqyasında müasir texnologiyaların inkişafında ən mötəbər tədbir olan Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycana böyük dividendlər qazandıracaq:

Dövlət başçısının da dediyi kimi, Konqresdə iştirak üçün ölkəmizə 6-7 min xarici qonağın gələcəyi gözlənilir. Dünyanın, xüsusilə elm sahəsinin diqqəti Azərbaycana yönələcək. Bu, Azərbaycanın “yumşaq güc” siyasətinin güclənməsi, beynəlxalq nüfuzunun daha da artması deməkdir. Prezident də bu Konqresə ev sahibliyi etməyimizdən böyük dividentlər əldə etmək istiqamətində tapşırıqlarını verdi. Konqresin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi də yaradılacaq və dünyanın texnoloji gündəliyini müəyyən edən qonaqların qarşılanmasından tutmuş, Azərbaycanın siyasi-iqtisadi dividendlər əldə etməsinə qədər bütün işlər həyata keçiriləcək.

Prezident İlham Əliyev bu mötəbər hadisədən ölkəmizin gələcəyi üçün istifadə edilməsinin vacibliyini vurğulayıb və vacib istiqamətləri elan edib.

Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Əlbəttə ki, müasir texnologiyaların inkişafı bizim gündəliyimizin əsas məsələlərindən biridir. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Məhz buna görə Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biridir. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq. Siz də qeyd etdiyiniz kimi, hazırda artıq böyük biznes də bu sahəyə çox böyük maraq göstərir. Əslində inkişaf etmiş ölkələrdə müasir texnologiyalar, o cümlədən astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Biz elə etməliyik ki, dünyanın aparıcı biznes strukturlarından hansıların rəhbərləri Azərbaycanda keçiriləcək Konqresdə iştirak edəcək, onlar bu tədbirə qədər ölkəmiz haqqında geniş məlumata malik olsunlar. Ona görə növbəti 2-3 il ərzində sizin və digər aidiyyəti qurumların rəhbərləri gərək bu şirkətlərlə sıx təmaslar qursunlar. Konqresə hazırlıq dövrü elə olmalıdır ki, buraya gələcək qonaqlar artıq bizimlə müəyyən müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olsunlar. Ona görə Konqresin keçirilməsi çox önəmli hadisədir. Ancaq Konqresdən sonrakı dövr də az əhəmiyyət daşımır. Çünki Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır. Əlbəttə ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verəcək ki, Konqres ən yüksək səviyyədə keçirilsin”, - dövlət başçısı bəyan edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm