"Azərbaycanı sevməyən milli dönüklər tutarlı cavablarını alır" - Qarabağ Seyid Ocaqlarının rəhbəri
Bizi izləyin

Nida Təhlil

"Azərbaycanı sevməyən milli dönüklər tutarlı cavablarını alır" - Qarabağ Seyid Ocaqlarının rəhbəri

"Dünya liderlərinin II Bakı Sammitini Azərbaycan xalqının, dövlətinin uğurunu bütün dünyaya, beynəlxalq aləmə yayan, Azərbaycanın milli və dövlət mənafeyini müdafiə edəcək və bəyan edəcək bir tədbir kimi qiymətləndirirəm".

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Şərqşünas Sammitin Azərbaycanda keçirilməsinin əhəmiyyətini bu sözlərlə vurğulayıb: "İnsan, xüsusi olaraq, tədbirdə dünyanın dini liderlərinin hansı nüfuz sahibi olduqlarını nəzərə aldıqda, çoxlarının birmənalı olaraq öz ölkələrində xalqları, millətləri tərəfindən qəbul olunduğunu düşündükdə, bu tədbirin əhəmiyyətinin nə qədər yüksək olduğunu və Azərbaycanın milli mənafeylərinə xidmət edəcəyinin fərqində olmağa başlayır. Bu baxımdan, ölkə başçısının orada Qarabağla bağlı verdiyi mesaj insan haqlarının, digər din mənsublarına olan münasibətin, dini dözümlüyün və digər xalqların nümayəndələrinə olan münasibətlə bağlı verdiyi mesaj, mən düşünürəm ki, özünün də dediyi kimi bütün dünyada Azərbaycanı istəməyənlərə tutarlı mesaj oldu. Amma bütövlükdə düşünürəm ki, Qarabağla bağlı, Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq arenada Azərbaycan dövlətinin apardığı siyasətə bu Sammit böyük bir stimul olacaq. Bir şeyi də unutmamalıyıq ki, Azərbaycan son 10 ildə dünyanın aparıcı ölkələrinin ən qlobal, ən yadda qalan tədbirlərinə ev sahibliyi edir. Deməli digər tərəfdən də Azərbaycanda sabitliyin bir nişanəsini artıq Azərbaycanda təxribat törətmək istəyən digər güc mərkəzlərinə də göstərməyə nail olacağıq. Məncə bu da Azərbaycan dövlətinin, Azərbaycan xalqının bir uğurudur".

C.Əzimbəyli qeyd edib ki, ölkə başçısının da bildirdiyi kimi Azərbaycanda din-dövlət münasibətlərinin möhkəmlənməsi və bünövrənin qoyulmasında mərhum Heydər Əliyevin misilsiz xidmətləri var: "İlham Əliyev tərəfindən də bu prinsiplərin qorunaraq mühafizə olunması, təqdir olunasıdır. Hər zaman söyləyirəm, Azərbaycan yeganə dünyəvi müsəlman ölkəsidir ki, dini dəyərlərimizin, milli-mədəni irsimizin təəssübkeşi Azərbaycan dövləti və Azərbaycan dövlət başçısı özüdür. Yəni bu baxımdan düşünürəm ki, din-dövlət münasibətlərinin ölkə daxilində daha da möhkəmlənməsi, daha da inkişaf etməsi üçün belə tədbirlər Azərbaycanın daxilində belə Azərbaycanı sevməyən milli dönüklərə qarşı tutarlı bir cavabdır. Hər zaman din-dövlət münasibətlərinin möhkəmlənməsi uğrunda mücadilənin önündə olan biri kimi demək istəyirəm ki, bu tədbirlərin Bakıda keçirilməsi, Bakının belə tədbirlərə ev sahiblik etməsi bir ziyalı kimi mənim timsalımda yüzlərlə, minlərlə inanclı Azərbaycan insanlarının ruhuna mənəvi qidadır. Dövlətin mühafizə olunması, qorunması bir iman məsələsidir. Biz dövlətsizliyin acı nəticələrini Suriyada, İraqda, Yəməndə gördük və Allah qorusun, ən təhlükəlisi dövlətsizlikdir. Dini müqavimət adı altında Yaxın Şərqdə baş verən proseslərə baxdıqda görürük ki, əslində, insanların dini duyğularından sui-istifadə edən, istismar edən terror qrupları hər zaman bunu din adına edirlər. Azərbaycanın özünün bir modeli var artıq və Quranın gətirdiyi, Allahın buyurduğu hökmlərə bir dünyəvi ölkədə necə riayət olunur, bu məncə hər bir inanclı insan tərəfindən seviləsi və təqdir ediləsi hadisədir. Konkret olaraq ayrıca söyləmək istəyirəm ki, ardıcıl belə tədbirlərin, xüsusi olaraq dünyanın dini liderlərinin Bakıda Qarabağla bağlı ölkə başçısının dilindən səslənən o mesajı dinləməsi və öz ölkələrində Qarabağla bağlı həqiqətlərin çatdırılmasında müstəsna xidmətləri ola bilər".

O, dünyanın çox sayda Avropa ölkəsində olduğunu və Azərbaycanı istəməyən bəzi beynəlxalq təşkilatların üzvlərinin belə Azərbaycanda tolerantlıqdan, mehriban qardaşlıqdan, məzhəblərarası, dinlərarası, xalqlararası münasibətlərin yüksələn xətt üzrə inkişafından hətta narahatlıqlarını gördüyünü diqqətə çatdırıb: "Düşünürəm ki, Azərbaycanı sevməyənlər belə birmənalı olaraq Azərbaycanın tolerantlıq modelinin bütün dünyaya bir nümunə olduğunu dilə gətirirlər. Düzdür elələri də var ki, guya Azərbaycanda dini dözümlülük yoxdur, bu kimi də çağırış edənlərə məncə bu tədbir tutarlı bir cavab oldu. Mən xalqın haqqı ilə də bağlı demək istəyirəm ki, dövlətin mənbəyi olan Azərbaycan xalqının nümayəndələri özlərinin genefondundan gələn mərhəmət, rəhmət, şəfqət hissləri ilə bürünən bir könül sahibidirlər. Bu baxımdan da düşünürəm ki, inşallah bu birlik, bərabərlik, tolerantlıq və vəhdət xüsusi olaraq qiyamətə qədər qorunacaq və qorunması üçün də də hər zaman dövlətin yanında yer almalıdır. Dövlətin və milli-mənafelərin mühafizə olunması üçün Azərbaycanda fikir adamları, düşüncə adamları təkan rolunu oynamalıdırlar".

Şərqşünas Seyid Camal Əzimbəyli Azərbaycanın milli-mənafelərini beynəlxalq təşkilatlara satanları milli dönüklər adlandırıb: "Mən birmənalı olaraq düşünürəm ki, ölkə başçısının verdiyi bütün mesajlar, Azərbaycan dövlətçiliyinin bütövlüyü üçün bir xidmətdir və ölkə başçısının çıxışlarını bəziləri sosial şəbəkələrdə təhrif edir, onu 1918-ci il AXCP ilə də bağlamağa çalışırlar. Amma mən düşünürəm ki, Azərbaycanın milli-mənafelərini, Azərbaycanın dövlət maraqlarını hansı siyasi partiya olur-olsun, hansısa beynəlxalq təşkilatın maraqlarına satırsa, onları mən milli dönüklər adlandırıram. Hər zaman əsrlərdir milli-mənafelərini düşünən, Azərbaycanda dini dəyərlərin olduğu kimi yaşadılması üçün mübarizə aparan bir soyun təmsilçisi olaraq da bildirmək istəyirəm ki, bizim üçün hər şeydən irəlidə gələn bir dəyər var: Azərbaycanın milli maraqları. Sözdə deyil, əməldə, fəaliyyətdə olan hər bir şəxs Azərbaycan dövlətinin və Azərbaycanın milli mühafizəsini istəyən şəxslərdir. Allah-Təala dövlətimizin, xalqımızın düşmənlərinə heç bir zaman fürsət verməsin, Allah Azərbaycanımızda vəhdətimizi pozmaq istəyən istər xarici, istərsə də daxili dönüklərə, Azərbaycanı istəməyən o hiyləgər güclərə heç bir halda fürsət verməsin".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm