Nida Təhlil
Azərbaycan güvənli liman, etibarlı tərəfdaşdır - ŞƏRH
"Biz həm enerjidən səmərəli istifadə etməklə, həm də bərpa olunan mənbələrin istehsalını artırmaqla təbii qaz istehlakını son dörd il ərzində stabil saxlamağa nail olmuşuq. Buna baxmayaraq bu dövrdə mənzillərdə qazlaşdırma səviyyəsi 14% artaraq 84,1%-dən 96%-ə yüksəlib, habelə sənayedə təbii qazın sərfiyyatı əvvəlki illərlə müqayisədə artıb".
Bunu Publika.az-a açıqlamasında ölkə Prezidentinin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri təhlil edən energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib.
Ekspert bildirib ki, atılan əsaslı addımlar nəticəsində son illərdə elektrik enerjisinin istehsalında alternativ mənbələrin payında önəmli artım qeydə alınıb: "2015-2018-ci illərdə külək enerjisinin istehsalı 18 dəfə, günəş enerjisinin istehsalı 9 dəfə, biokütlə enerjisinin istehsalı isə 3,2 dəfə artıb. Biokütlə enerjisindəki artım kənd təsərrüfatı və emal sənayesinin sürətli inkişafı ilə mümkün olub. Bütün bunlar öz növbəsində elektrik enerjisinin istehsalında təbii qazın payının 10%-dən çox azalmasına səbəb olub".
E.Axundzadə qeyd edib ki, enerji təhlükəsizliyi baxımından ixracatçı ölkələr üçün ümumi ilkin enerji istehlakının şaxələndirilməsi əsas prioritetlərdən biri olmalıdır: "İlkin enerji istehlakı nə qədər şaxələndirilərsə, bir o qədər daxili bazarda neftin və qazın istehlakı azaldıla bilər. Yəni, Azərbaycanın timsalında götürsək, bu gün enerji balansımızda bərpa olunan enerji mənbələrinin payı təqribən 17% təşkil edir və bu göstəricinin 2030-cu ilə qədər 30%-ə yüksəldilməsi hədəflənir. Bildiyiniz kimi, elektrik enerjisi istehsalında Azərbaycanda əsasən təbii qazdan istifadə olunur. Ancaq bizim bərpa olunan enerji mənbələri ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda neft-qazla yanaşı, külək, günəş, biokütlə və hidro enerjidən istifadə olunur. Enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması daxili bazarda təbii qaz sərfiyyatının azalmasına səbəb olacaq. Beləliklə qənaət edilən təbii qazı həm emal sənayesində xammal kimi istifadə edə bilərik, həm də xarici bazarlara ixrac edib gəlirlərimizi artıra bilərik”. Bu da öz növbəsində ölkənin xarici ticarət saldosuna müsbət təsir göstərəcək".
Ekspert vurğulayıb ki, dünyada neft və qaz ehtiyatları ilə zəngin olan ölkələrə ən yaxşı nümunələrdən biri Norveçdir. Belə ki, ölkədə istehsal olunan elektrik enerjisi alternativ enerji mənbələrindən əldə olunur: "Bunun nəticəsində, Norveç hasil etdiyi təbii qazın 96%-ni xarici bazarlara ixrac edə bilir. Bu çərçivədə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "Acwa Power", BƏƏ-nin "Masdar" şirkətləri arasında külək və günəş elektrik stansiyalarının tikintisinə dair müqavilənin imzalanması ölkəmiz üçün çox mühüm hadisədir. Baxmayaraq ki, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olan bir ölkədir, ancaq dünyanın nəhəng şirkətləri burada bərpa olunan enerji sahəsinə investisiya qoymaqda maraqlıdır. Bu onu göstərir ki, Azərbaycanda əlverişli investisiya mühiti, makroiqtisadi sabitlik mövcuddur. Ölkə beynəlxalq öhdəliklərini bundan əvvəl tam yerinə yetirə bilib və ən əsası güvənli liman, etibarlı tərəfdaşdır. “Acwa Power” və “Masdar” şirkətlərinin yatıracağı investisiyalar nəticəsində ölkədə illik 1,4 milyard kilovatt/saat enerji istehsalı proqnozlaşdırılır ki, bu da Azərbaycanın mövcud enerji istehlakının təqribən 6,6%-ə bərabərdir. Eyni zamanda, bu bizə il ərzində 350 milyon kubmetr təbii qaza qənaət etmə imkanı verəcək. Bu miqdarı həm ixrac edərək ölkəyə əlavə valyuta qazandıra, həm də emal sənayesində xammal kimi istifadə edə bilərik".
E.Axundzadə əlavə edib ki, hazırda "SOCAR Methanol" və SOCAR Karbamid zavodlarının əsas xammal ehtiyacını təbii qaz təşkil edir: "Təbii qaz emal olunub karbamid istehsal olunduqda onun dəyəri iki dəfədən çox artır. Nəzərə alsaq ki, Karbamid zavodunun illik təbii qaz ehtiyacı 335 milyon kubmetrdir, qoyulacaq investisiyalar ilə biz müəssisənin illik ehtiyacından daha çox təbii qaza qənaət edə biləcəyik. Bununla yanaşı, Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq 2030-cu ilə qədər istixana qazı emissiyalarının səviyyəsinin 35% azaldılması hədəf kimi götürülüb. Bərpa olunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün bu, həm Azərbaycanın Saziş çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə, həm də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək".
Məhərrəm Əliyev
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA