Sahibkarlar postkoronavirus dövründə də dəstək alacaq - Deputat
Bizi izləyin

Nida Təhlil

Sahibkarlar postkoronavirus dövründə də dəstək alacaq - Deputat

“Məcburi tədbirlərin həyata keçirilməsində əsas məqsəd ölkə vətəndaşlarının sağlamlığının qorunmasıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan koronavirusla mübarizəyə ilk başlayan ölkələrdən biridir: “Azərbaycan koronavirusun yayılması və onun təsirlərinin minimallaşdırılmasına çevik reaksiya verən ölkələrdəndir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd olunub ki, Azərbaycan koronavirusa qarşı effektli mübarizə aparan ölkələr sırasındadır. Bu baxımdan təbii ki, mübarizə tədbirləri və COVID-19-a qarşı mübarizədə sosial təcrid tədbirləri mərhələli şəkildə həyata keçirildi. Yəni şərtlərin sərtləşdirilməsi mərhələli şəkildə reallaşdı. Təbii ki, bu da cəmiyyətin uyğunlaşması ilə bağlı idi”.

Vüqar Bayramov dövlətin dəstək paketinin əhəmiyyətindən də danışıb: “Artıq sahibkarlara, eyni zamanda mikro sahibkarlıq subyektlərinə və muzdla işləyən vətəndaşlarımıza dövlət yardımının həyata keçirilməsinə başlanılır. Təsnif olunmuş qaydalara əsasən, istər kiçik, orta və iri müəssisədə çalışan muzdlu işçilər, istərsə də mikro və ya fərdi sahibkarlar bu yardımdan faydalana biləcək. İqtisadiyyat Nazirliyi tərəfindən koronavirus pandemiyasının ən çox təsir etdiyi 20 fəaliyyət sahəsi müəyyənləşib. Bunlar 4 sektoru əhatə edir. Həmin fəaliyyət sahələrində çalışan sahibkarlar və sahibkarlıq subyektlərində çalışan muzdlu vətəndaşlarımız dövlət yardımı almaq imkanına sahib olacaqlar.

Birinci istiqamət üzrə nisbətən orta və iri müəssisələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat vəsait ayrılacaq. Bu zaman həmin müəssisələrdə əmək haqqı məbləği və ya orta aylıq əmək haqqı məbləği əsas götürüləcək. Nəzərə alsaq ki yanvar ayında orta aylıq əmək haqqı məbləği 712 manat idi. Bu o deməkdir ki, müəssisədə çalışanların orta aylıq əmək haqqı məbləği 712 manatdan azdırsa, bu zaman bütün məbləğ dövlət tərəfindən ödəniləcək. Hər hansı sahibkarlıq subyektində çalışan işçilərin əmək haqqı 650 manatdırsa, pandemiya dövründə dövlət 650 manatın ödənilməsi üçün həmin sahibkara vəsait ayıracaq. Məqsəd də ondan ibarətdir ki, sahibkarlıq subyekti işçilərini ixtisar etməsin və onların əmək haqlarını ödəsin. Əgər əmək haqqı məbləği 712 manatdan çoxdursa, məsələn, 800 manatdırsa, onun 712 manatı dövlət tərəfindən ödəniləcək. Bundan əlavə, mikro və fərdi sahibkarlar üçün də ödəniş həyata keçiriləcək. Belə ki, mikro sahibkarlar üçün minimum 250 manat, maksimum isə 5 min manat vəsaitin ödənilməsi nəzərdə tutulub.

Əgər mikro sahibkarın əvvəlki illərdə ödədiyi məcburi ödənişlərin məbləği 250 manata çatmırsa, o zaman 250 manat ödəniş alacaq. Ancaq məcburi öhdəliklərin məbləği çoxdursa, təbii ki, həmin məbləğə uyğun olaraq 5 min manata qədər yardım alacaq. Praktik olaraq ödənişlər hər bir sahənin bank hesabına ödəniləcək və hər bir sahibkar elektron vergi səhifəsinə daxil olmaqla ödənişlərlə, eyni zamanda sektorlarla bağlı məlumat əldə etmə imkanı qazanacaq. Bu imkan verəcək ki, sahibkarlar elektron olaraq bütün məlumatları əldə etsin. Beləliklə bank hesabı vasitəsilə yardım əldə etmə imkanı yaranacaq. Şəffaflığın qorunub saxlanılması baxımından əhəmiyyətli addımdır. Sahibkarlara vergi güzəştlərinin təklif olunması da nəzərdə tutulub. Kifayət qədər çoxlu sayda vergi güzəştlərindən söhbət gedir.

Sadələşdirilmiş vergi subyektləri üçün müddətli güzəştlər, əmlak, eləcə də torpaq vergisi ilə bağlı güzəştlər, mənfəət, gəlir vergisi güzəştlərinin həyata keçirilməsi nəzərdə tutulub. İdxalla bağlı strateji məhsullar üzrə güzəştin tətbiq edilməsi planı var. Ərzaq və dərman preparatlarının istehsalı üçün idxal olunan xammalın vergidən azad edilməsi də qeyd olunub. Söhbət əlavə dəyər vergisindən gedir. Bu baxımdan həm birbaşa yardım, həm də təşviqedici vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulub. Praktik olaraq təklif edilən paketdə koronavirusun sahibkarlara təsirini minimallaşdırmaqla yanaşı, strateji olaraq postkoronavirus dövründə sahibkarların dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulub”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm