Dünya Ermənistan kimi bir caninin siyasi qiymətini verdi - Politoloq
Bizi izləyin

Nida Təhlil

Dünya Ermənistan kimi bir caninin siyasi qiymətini verdi - Politoloq

"Dünya bu cür aqressiv həyat tərzinə alışmış Ermənistan kimi bir caninin siyasi qiymətini verməklə belə məsələlər üçün digərlərinə də mesaj çatdırmış olur".

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, ermənilər saxta "seçki" keçirməklə dünya ictimai rəyinə meydan oxuyurlar: "Bütün beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin böyük əksəriyyəti artıq bu "seçki"nin nəticələrini tanımadığını, onun qeyri-qanuni olduğunu vurğulayıb. Birinci və ikinci turun nəticələri belə deməyə əsas verir ki, bu, ermənilər tərəfindən uydurulmuş "seçki" oyunudur. Ssenarisi də İrəvanda yazılıb. Kimin qalib gələcəyi əvvəldən məlum idi. Çünki Araik Arutyunyan Paşinyanın adamı idi. Birinci turda onun cüzi səs fərqi ilə qalib gəlmədiyi vurğulansa da əslində bu, "seçkilər"in guya dırnaqarası demokratik şəraitdə keçirildiyini dünyaya bəyan etmək üçün uydurulmuş bir ssenaridir. Ermənilər əsasən bu "seçkilər"i çox qeyri-təbii və dünya ictimaiyyətinin arzulamadığı bir şəraitdə keçirirlər".

Politoloq beynəlxalq təşkilatların Ermənistanın "seçki" şousuna olan münasibətini belə ifadə edib: "BMT baş katibi belə bir şəraitdə hər hansı kütləvi tədbirlərin, o cümlədən seçkilərin təxirə salınması barədə arzu bildirdi və əksər dövlətlər buna tabe oldu. Ölkələrin əksəriyyətində idman tədbirləri, eləcə də buna bənzər seçkilər tamamilə gündəlikdən çıxarıldı və ya təxirə salındı. Ermənilər özlərini başqa vaxt sivil cəmiyyətin yaradıcılarından biri kimi təqdim etsələr də, dünyanın bu çağırışlarına əhəmiyyət vermədilər. Öz nöqteyi-nəzərlərində istəklərinə çatdılar. Dünya miqyasında ictimai rəydə baş verənləri olduğu kimi təqdim etməyə nail ola bilməyəcəklər. Çünki dünya artıq bununla bağlı öz qərarını bəyan edib. Müxtəlif ölkələr, eləcə də beynəlxalq təşkilatlar ermənilərin bu cür özbaşınalıqlarından və "seçki" oyunlarından nəticə çıxarmalıdır.

Dağlıq Qarabağın statusu bəlli deyil. Orada yaşayan azərbaycanlılar etnik təmizləməyə və Xocalı kimi soyqırıma məruz qalıblar. Üstəlik Dağlıq Qarabağın ətrafındakı 7 rayon da Ermənistan tərəfindən işğal edilib. Burada etnik təmizləmə və əhalinin var-dövlətinin mənimsənilməsi prosesi həyata keçirilib. Baş verənlər dünyanı belə bir həqiqətə gətirib çıxarmalıdır ki, etnik münaqişələrin kökündə böyük şovinizm dayanır. Məlum şovinizm başqa xalqların həyati maraqlarına, mənafelərinə sui-qəsddən ibarət müxtəlif hərbi kontekstlər düşünüb həyata keçirir. Bu isə dünyada sülhü və əmin-amanlığı təhdid edən başlıca amillərdən biridir".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm