Nida Təhlil
“Azadlığ”ın qara mikrofonu, yaxud səs Amerikanındırmı? – Bakıya hücumun səbəbləri...
“Amerikanın səsi” və “Azadlıq radiosu”. Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yerli bölmələri fəaliyyət göstərən bu media resursları ABŞ hökuməti tərəfindən maliyyələşir və əsas prinsiplərinin “obyektivlik, tərəfsizlik” olduğunu bəyan edirlər.
Bəs, “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Azərbaycan xidmətləri bu prinsiplərə əməl edirmi?
Hər iki media resursunun yerli xidmətinin əsas fəaliyyəti Azərbaycana qarşıdır. Bunu xəbər yayımından aydın görmək olur və sərgilədikləri mövqe nə ABŞ-Azərbaycan münasibətlərinin ruhuna, nə “obyektivlik və tərəfsizlik” prinsipinə, nə də milli maraqlara uyğun gəlmir.
“Amerikanın səsi” və “Azadlıq radiosu”nun iyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumunu və sonra baş verənləri necə təqdim etdiyini araşdıranda Azərbaycana qarşı qərəz və “obyektivlik” prinsipindən uzaq mövqe açıq şəkildə görünür.
Tovuz döyüşləri ilə bağlı məlumat verən hər iki media resursu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepyanın hücumla bağlı Azərbaycanı ittiham etdiyi açıqlamasını da yayımlayırlar.
Cəbhədə baş verənlər və erməni təxribatları haqda məlumatlarda işğalçı Ermənistandan “qarşı tərəf” deyə bəhs olunur. O cümlədən, döyüşlərdən sonra ermənilərin xarici ölkələrdə azərbaycanlılara qarşı təxribat hücumları haqda ya məlumat verilmir, ya da erməni təbliğatına yaxın mövqe sərgilənir.
“Amerikanın səsi” Los-Ancelesdə 3 min erməninin 50 azərbaycanlıya hücumu haqda yazır: “Rəsmi Bakı etiraz aksiyasının “radikal erməni daşnakları” tərəfindən təşkil olunduğunu və azərbaycanlı nümayişçilərə qarşı “zorakılıq və aqressiya” nümayiş etdirildiyini bildirərək, ABŞ-ın Azərbaycandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb”.
Ardınca Amerikanın Erməni Milli Komitəsinin təmsilçisi Aleks Qalitskinin rəsmi Bakının açıqlamasını təkzib edən mövqeyinə yer verilir.
“Azadlıq radiosu” isə ümumiyyətlə ermənilərin azərbaycanlılara qarşı hücumlarını işıqlandırmayıb.
Ermənistanı düşmən hesab etməyən bu media resursları iyulun 12-dən sonra əsas xəbər yayımını “Azərbaycanda insan haqları pozulur” iddiası üzərində həyata keçirir.
Əsas təbliğat istiqaməti də iyulun 14-də erməni təxribatına etiraz olaraq paytaxtda keçirilən “Qarabağ yürüşü” üzərində qurulub. Ermənistan mediası bu yürüşü “azərbaycanlılar müharibə istəmir”, “Azərbaycan hakimiyyəti etirazları boğdu” deyə təqdim edirlər, “Amerikanın səsi” və “Azadlıq radiosu” da eyni təbliğatı aparır.
Misal üçün, “Amerikanın səsi” fəaliyyətinin əsas hissəsi Azərbaycana qarşı olan “Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendtin müsahibəsini yayımlayıb və müsahibədə “Qarabağ yürüşü”nün hökumətə etiraz olduğu, hökumətin də “rezin güllələrdən, su şırnağından istifadə edərək, aksiyanı dağıtdığı” iddiaları irəli sürülür.
Gerçək nə idi? Minlərlə azərbaycanlı “Qarabağ yürüşü”də ordumuza və Ali Baş Komandana dəstək şüarları səsləndirirdi. Gecə boyunca kilometrlərlə yolu qət edən azərbaycanlılar Şəhidlər Xiyabanının önünə gəldilər və bu yürüşdə asayiş keşikçiləri iştirakçıların təhlükəsizliyinin qorunmasını həyata keçirdi. Heç bir “su şırnağından”, yaxud “rezin güllələrindən” söhbət belə gedə bilməz. Axı yürüş hər birimizin gözü önündə baş verirdi. Yürüş iştirakçıları da daxil olmaqla, hər kəs onu da gördü ki, aksiyanı siyasi maraqları naminə hakimiyyətə qarşı çevirmək istəyənlər parlament binasına daxil olaraq, təxribatlara əl atdı. Kiçik bir qrupun bu təxribatına ilk öncə etiraz edənlər də yürüş iştirakçıları oldu. Məlum oldu ki, radikal müxalifət xalqın milli həmrəyliyindən hakimiyyətə gəlmək məqsədilə istifadə etməyə cəhd göstərib, lakin hüquq-mühafizə orqanları bu təxribatın qarşısını aldı və təbii ki, təxribatçılar qanun qarşısında cavab verməlidir.
“Amerikanın səsi” və “Azadlıq radiosu” isə milli həmrəylik yürüşü olan bu aksiyanı siyasi etiraz kimi təqdim edir və hakimiyyətin “repressiyalara” başlamaq üçün istifadə etdiyini iddia edirlər.
Ermənistanın Azərbaycana qarşı hücumları kənarda qalıb, bu media resursları əsas prioritet olaraq, ölkədə “siyasi repressiyalar davam edir” iddialarının yayımlanmasını seçiblər.
İyulun 14-dən indiyə qədər “Amerikanın səsi” bu iddialarla bağlı 36, “Azadlıq radiosu” isə 37 material yayımlayıb. Bütün xəbər yayımı və şərhlərdə Azərbaycan hakimiyyəti ittiham olunur, lakin iqtidarın mövqeyi bir cümlə ilə də verilməyib.
Bəs, “obyektivlik və tərəfsizlik” prinsipi hara yoxa çıxdı?
Azərbaycana qarşı anti-təbliğat fonunda bu media resurslarının Dağlıq Qarabağ münaqişəsində işğalçı ilə işğala məruz qalan tərəf arasındakı “loyallığı” fonunda milli maraq amili də önə çıxır. Onlar ermənilərə “loyallığı” jurnalistika prinsipləri ilə əsaslandırırlar, maraqlıdır, niyə məhz mövzu Azərbaycan olanda bu “prinsiplər” yada düşür?!
Yaxud “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Ermənistan xidmətində - Amerikayıdzan və Azatutyun – bu “loyallıq” və “prinsiplərə” niyə əməl edilmir? Hər iki ölkədəki yerli xidmət birbaşa ABŞ-dakı baş ofisə bağlıdır və məntiqlə baş ofisin qoyduğu qaydalara uyğun fəaliyyət göstərməlidir, amma Dağlıq Qarabağ münaqişəsindən tutmuş daxili siyasi proseslərə münasibətə qədər bütün məsələlərdə Bakı və İrəvan ofislərinin arasında yerlı-göy qədər fərq var.
Nə “Amerikayıdzan”, nə də “Azatutyun” Tovuz döyüşləri ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinin mövqeyini yayımlamadı, əvəzində hər iki media resursu “hücumu Azərbaycan tərəfi” edib təbliğatını aparır. Eyni mövqe ermənilərin azərbaycanlılara qarşı təxribat hücumlarında da sərgilənir, eləcə də, Dağlıq Qarabağ “Artsax” olaraq təqdim olunur.
Misal üçün, “Azatutyun” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin “təhlükəsizlik şurası”nın rəhbəri, I Qarabağ müharibəsində dinc azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxarmış Samvel Babayanın “Artsaxın beynəlxalq səviyyədə tanınmasının alternativi yoxdur” sərlövhəli müsahibəsini yayımlayır və separatçı rejimi “müstəqil respublika” kimi təqdim edir, həmsədrlərin bəyanatlarının ünvanının Bakı olduğu kimi erməni mövqeyindən çıxış edir.
Eyni mövqe “Amerikayıdzan” tərəfindən də sərgilənir və hər iki media resursunda Ermənistanda hakimiyyətin son dövrlər opponentlərini həbs etməsi, repressiyalara əl atması haqda məlumat getmədiyi halda “Azərbaycanda müxalifətin həbsləri davam edir” xəbərləri yayımlanır və istinad etdikləri mənbələr də “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Azərbaycan xidmətləridir.
Bu mənzərə şübhəli suallar yaradır:
- Niyə mövzu Azərbaycan olanda “obyektivlik və tərəfsizlik” prinsipi yada düşür?
- Hər iki media resursunun ABŞ-da yerləşən baş ofisi Azərbaycan və Ermənistana münasibətdə jurnalistika prinsiplərinə fərqli yanaşır?
- ABŞ-ın maliyyələşdirdiyi bu media resurslarının niyə davamlı olaraq, Azərbaycanı hədəfə alır?
Bu sualların cavabı müəmmalı və çoxsaylıdır. Lakin gerçəkliyi əks etdirən müəyyən fikirlər “Amerikanın səsi” və “Azadlıq radiosu”nun yerli xidmətlərinin anti-Azərbaycan mövqeyini anlamağa imkan verir.
2003-cü ilə qədər “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin rəhbəri olmuş mərhum Mirzə Xəzər deyirdi: “2000-2003-cü illərdə “Azad Avropa və Azadlıq” radiolarının rəhbərliyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən, şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, “cənubi Azərbaycan” kəlməsindən istifadə etmək olmaz, erməni işğalçıları təbirini işlətmək olmazdı”.
“Azadlıq radiosu”nun keçmiş əməkdaşı, hazırda Avropada yaşayan Rövşən Əliyevin sözləri də məsələnin mahiyyətini çılpaqlığı ilə açıqlayır.
“Azad Avropa/Azadlıq Radiosu”nda həmişə vertikal idarəçilik olub. Hər dil xidmətini bir nəfər təkbaşına idarə eləyib. Loru dildə desək, Azərbaycan xidməti həmişə briqadir üsulu ilə işləyib. Yəni, orda heç vaxt yayım şurası, qrup məsuliyyəti anlayışı olmayıb. Mübahisəli məsələlər müzakirə edilməyib. Bütün situasiyalarda peşə kodeksi yox, təyin olunmuş briqadirin göstərişləri əsas sayılıb. Briqadir peşə kodeksini istədiyi kimi yoza, ondan istifadə eləyib istədiyi siyasəti yürüdə, istədiyi düzgün adamı vura, ən azı işini məhdudlaşdıra, istədiyi əyri adamı irəli çəkə, istədiyi zay materialı yayımlaya, istədiyi peşəkar verilişi dayandıra bilərdi. Həmin briqadirə amerikalılar o qədər rol verirdilər ki, o özünü padşah da saya bilərdi. Radioda nə qədər islahatlar olduğunu, nə qədər dəyişikliklər aparıldığını desələr də, bu idarəçilik sistemi mahiyyətcə heç vaxt dəyişmədi. Briqadir sistemi amerikalıları da hərifləməyə, dinləyicinin də gözünə kül üfürməyə imkan verirdi. Peşəkar jurnalistika fəal siyasətə qarışmağı istisna eləsə də, bu radionun tarixində “Bakı-Ceyhan”a əngəl olmaqdan tutmuş, Azərbaycan-ABŞ münasibətlərini altdan-altdan pozmağa qədər çoxsaylı siyasi fəaliyyətlər olub”, - Rövşən Əliyev bildirirdi.
Amerikalı jurnalist, “The Jerusalem Post” və “Baltimore Jewish Times” qəzetlərinin keçmiş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffinin (Maayan Jaffe) Konqresin nəşri olan “Roll Call”da bir neçə il öncə dərc etdiyi məqaləsində səsləndirdiyi fikirlər də çox nəsnədən xəbər verir.
M. Yaffi yazırdı: “Azadlıq” və “Amerikanın səsi” radiostansiyaları üçün xərclənən illik vəsait 750 milyon dollardır. Lakin, bu vəsaitin qarşısında bu media qurumları qeyri-obyektiv informasiya verirlər. Onlar daxili və regional problemlərin obyektiv analizi və müzakirəsi, eləcə də demokratikləşməyə dəstək əvəzinə, bu dəyərləri müdafiə edən dövlətlərə hücumlar edirlər. Misal üçün, Azərbaycanı götürək. Biz bu ölkə haqda nə bilirik. Dözümlü cəmiyyət yaratmaq Azərbaycan siyasətinin prioritetlərindəndir. Bu ölkənin Təhsil Nazirliyi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlıq qurur. Qlobal biznesə şəffaflığı gətirmək üçün Ekstrakt Sənayelərin Şəffaflığı proqramına ilk qoşulan ölkələrdən biridir. Buradakı Dövlət Neft Fondu milli gəlirin qorunmasında dünyada ən yaxşı nümunələrdən biri hesab olunur. 11 sentyabr hadisələrində ABŞ-a qeyd-şərtsiz kömək təklif etmiş, Kosovaya, İraqa və Əfqanıstana sülhməramlı göndərmiş, Əfqanıstan əməliyyatlarında Amerikanın sübut olunmuş dostudur. Qərbə açıq ölkədir. Azərbaycanda insanlar bu gün daha yaxşı yaşayırlar, onlar 20 il əvvəl belə yaşamırdılar. Sorğular göstərir ki, bu insanlar sabah bundan da yaxşı yaşayacaqlarına inanırlar. “Azadlıq” radiosu isə bu ölkədəki vəziyyəti tamamilə əks-rakursdan göstərir. Məqalələrin heç birində Azərbaycanın bir dənə də olsun müvəffəqiyyəti göstərilmir”.
Məqsəd nə “obyektivlik və tərəfsizlik”, nə də demokratik prinsiplərin qorunmasına töhfə vermək deyil, açıq qərəzdir və bu qərəzin kim(lər) tərəfindən davam etdirildiyi ABŞ-Azərbaycan münasibətlərinin müsbət dinamikası fonunda şübhəli məqam olaraq qalır.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO