Ermənistanın bütün ümidləri puça çıxdı - Tarixçi alim
Bizi izləyin

Nida Təhlil

Ermənistanın bütün ümidləri puça çıxdı - Tarixçi alim

Ermənistan-Azərbaycan münaqişəsinin dinc şəkildə nizama salınmasında Rusiyanın bilavasitə böyük rolu var. Regionun böyük dövlətidir, Ermənistana kifayət qədər təsir etmək imkanına malikdir. Eyni zamanda regionda baş verən proseslərdə geosiyasi maraqları olan və ATƏT-in Minsk qrupunun həmsədrləri içərisində xüsusi fəallıq göstərən bir dövlətdir.

Bu sözləri Publika.az-a açıqlamasında tarixçi alim Kərəm Məmmədov deyib. Tarixçi qeyd edib ki, 90-cı illərdən bəri Rusiya münaqişənin həlli üçün bir neçə dəfə cəhd göstərib:

“1991-ci ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev vasitəçilik missiyası ilə Bakıya gəlmişdi. Onlar Dağlıq Qarabağa gedib hər iki icmanın nümayəndələri ilə görüşmüşdü. Hətta münaqişənin sülh yolu ilə həll olunması üçün sonradan 4 prezident bəyannamə imzalamışdı. Təəssüf ki, erməni xisləti vasitəçilik missiyasında da özünü göstərdi. Bu bəyannaməni imzalasalar da, üstündən bir ay keçmədən məlum vertolyot hadisəsi törədildi. Bu, Ermənistanın həyata keçirdiyi birinci böyük cinayəti idi. Bəziləri bu hadisələri terror aktı kimi dəyərləndirir. Əslində, terrordan da böyük hadisədir. Ermənistanın törətdiyi hadisələr bütün parametrləri ilə beynəlxalq cinayətdir”.

K.Məmmədov bildirib ki, Gəncə, Bərdə, Tərtər, Goranboy və digər şəhərlərimizdə dinc əlahini raket atəşinə tutmaq beynəlxalq cinayət və beynəlxalq hüququn bütün norma və prinsiplərinin Ermənistan tərəfindən ciddi şəkildə pozulmasıdır:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, təmas xətti artıq yoxdur. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz təmas xəttini ləğv etdi. Dünənki müsahibəsində Putin Rusiyanın bu məsələyə mövqeyini birmənalə şəkildə ifadə etdi. Azərbaycan diplomatiyasının böyük uğurudur ki, hadisələrə ciddi təsir göstərmək imkanına malik olan Rusiya kimi dövlət Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır. Rusiya bəyan etdi ki, müharibə Azərbaycanın öz ərazisində gedir və Ermənistanın bütün bu “canfəşanlığı” ondan ibarətdir ki, münaqişəyə üçüncü dövləti cəlb edə bilsin. Amma Ermənistanın bütün ümidləri puça çıxdı. Rusiyanın rolu birmənalı şəkildə böyükdür, sadəcə hələ ki, Ermənistanın şıltaqlıqlarına dözür. Digər tərəfdən də mövqelərini rəsmi olaraq dövlət səviyyəsində bildirdilər ki, indiki halda münaqişəyə müdaxilə etməyəcəklər. Vasitəçilik missiyasını yerinə yetirmək və tərəfləri sülh danışıqlarına qaytarmaq üçün təbii ki, Rusiyanın kifayət qədər imkanları var və edə bilər. Amma Ermənistan öz cəzasını mütləq almalıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm