Ermənistan etiraf etdi: Azərbaycanın şəhərlərinə hücum edirik
Bizi izləyin

Nida Təhlil

Ermənistan etiraf etdi: Azərbaycanın şəhərlərinə hücum edirik

Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın dünən gecə Azərbaycanın mülki əhalisini hədəfə aldıqlarını təsdiqlədi.

“Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var”, - o bildirib.


Bu, sentyabrın 27-də başlanan hərbi əməliyyatlardan sonra Ermənistanın yaşayış məntəqələrinə, böyük şəhərlərə hücumu nəticəsində həlak olan 91 dinc insanı qətlə yetirdiyinin etirafıdır.

28 il öncə Xocalını törədən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da illər sonra britaniyalı jurnalist Tomas de Valla müsahibəsində “Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” sözləri ilə bunu etiraf etmişdi.

Ovannisyanın açıqlaması növbəti dəfə təsdiqlədi ki, Ermənistanın terror siyasəti 30 ildir dövlət səviyyəsində davam edir.

Sentyabrın 27-də işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda başlanan hərbi əməliyyatlar mülki əhalinin yaşadığı şəhərlərdən kilometrlərlə uzaqda gedir, amma Ermənistan müharibənin başladığı ilk gündən davamlı olaraq, döyüşlərin getdiyi bölgədən kilometrlərlə uzaqda yerləşən mülki yaşayış məntəqələrini atəşə tutur.

91 dinc vətəndaş həlak olub, 400-ə qədər insan yaralanıb, minlərlə infrastruktur yararsız vəziyyətə düşüb: Gəncə şəhərində 26 (1 körpə, 5 uşaq, 10 qadın, 10 kişi), Tərtər də 17 (1 uşaq, 1 qadın, 15 kişi), Goranboyda 8 (2 uşaq, 5 qadın, 1 kişi), Ağdamda 7 ( 1 qadın 6 kişi), Bərdədə 27 ( 1 uşaq, 8 qadın, 18 kişi), Füzuli rayonunda 3 kişi, Beyləqanda 2 qadın, Ağcabədi 1 uşaq.

Bu statistika erməni terrorununun qurbanlarıdır. İşğalçı ölkə törətdiyi terroru saxta iddialarla gizlətməyə çalışır.

Şəhərlərə raket hücumları edir, ardınca “biz etməmişik” kimi absurd bəyanatlar verirlər. Məhz bu bəyanatlarını “isbat” etmək üçün “partlayışı suriyalıların törətməsi, yaxud Azərbaycanın bilərəkdən etməsi” kimi
müxtəlif dezinformasiyalar yayır. Buna paralel olaraq, Azərbaycanla bağlı “ərəb muzduluları”, “Pakistan əsgərləri”, “Türkiyə xüsusi təyinatlıları”, F-16 qırıcıları, “Xankəndində doğum evinin”, “Şuşada kilsənin” vurulması və digər feykləri yaymağa davam edir. Burada işğalçı ölkənin üç məqsədi var:

1. Erməni ictimaiyyətinin gözündə Ermənistan orsudunun məğlubiyyətlərinə haqq qazandırmaq;

2. Dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi hərbi cinayətlərdən yayındırmaq;

3. Beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq;

Lakin Ovannisyanın “Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var” bəyanatı Ermənistanın 91 dinc insanın həlak olması, 400-ə yaxın vətəndaşın yaralanması ilə nəticələnən hücumları etiraf etməsi deməkdir. Ermənistan MN nümayəndəsi bildirir ki, “əgər kimsə düşünürsə ki, bizim atəş açmaq hüququmuq yoxdur, qoy elə də düşünsün”.

Bununla “biz dinc əhaliyə atəş aça bilərik” demək istəyir və növbəti hücumlarının mesajını verir.

Cəbhədə məğlub olan Ermənistanın mülki əhalini hədəfə almasında məqsəd Azərbaycan xalqı arasında vahimə yaratmaq, əhalinin müharibəyə etirazını formalaşdırmaq və əməliyyatların qarşısını bu yolla almaqdır. İndiyə qədər dəfələrlə belə terrora əl atsalar da, Azərbaycan xalqı Vətən müharibəsində sona qədər dövlətin yanındadır. Artıq cəbhədə düşmənin tam məğlubiyyətə uğramasına az qalıb. Ovannisyanın “mülki əhaliyə atəş aça bilərik” mesajı da məhz Azərbaycana xəbərdarlığa hesablanıb, yəni irəliləsəniz, yenidən hücuma edəcəyik.

Vaxtilə Serj Sarkisyan da Xocalı soyqırımını törətdiklərini etiraf etmişdi. Keçmiş prezident Robert Koçaryan da AŞPA-da çıxışı zamanı azərbayanlılarla birgəyaşayışın mümkünsüz olduğunu bildirmişdi. Paşinyan hakimiyyəti də eyni siyasəti davam etdirir.

Ermənistan açıq şəkildə Azərbaycanı şantaj edir. Müharibələrin tarixində belə təcrübə əsasən nasistlərdə olub. Hitler Almaniyası məğlubiyyətini anlayandan sonra Böyük Britaniyaya kaset tipli raketlər atmağa, mülki əhaliyə qarşı hücumlarını intensivləşdirməyə başladı.

Bərdəyə kaset tipli raketlərlə edilən hücumlar da Paşinyan Ermənistanının Hitler Almaniyasının yolu ilə getdiyini göstərir. “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatı Ermənistanın Bərdəyə raket hücumunda kaset bombalarından istifadə etdiyini təsdiqləyib.

“Amnesty İnternational”: “Oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib”.

“Human Rights Watch”: “Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılması üçün təmin edib. Hücumda ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. “Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib”.

Ermənistan mülki əhalini hədəfə almaqla təkcə müharibə cinayəti törətmir, həm də qadağan olunmuş silahlardan istifadə edir. 1949-cu ilin avqustun 12-də qəbul edilmiş “Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” Cenevrə konvensiyasında tələb olunur: “Mülki əhalinin, hətta hərbi əməliyyatlarda iştirak etməyən silahsız hərbçilərin hədəfə alınmaı qadağandır”.

2008-ci ildə qəbul olunmuş “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya da ölkələrin müharibədə kaset tipli silahlardan istifadəsini qadağan edir. Konvensiyada o da nəzərdə tutulur ki, sənədin qüvvəyə mindiyi gündən etibarən 8 il müddətində bütün dövlətlər silahlı qüvvələrinin arsenalında olan kaset tipli silah-sursatları məhv etməlidir. Bu o deməkdir ki, 2016-cı ilə qədər bütün ölkələr kaset tipli silahlardan imtina etməli idi, lakin Azərbaycanın yaşayış məntəqələrinə kaset tipli raketlərlə hücum etmələri işğalçı ölkənin beynəlxalq konvensiyaları açıq şəkildə pozması deməkdir.

Beynəlxalq konvesiyaları pozan Ermənistanın mülki əhaliyə hücumu müharibə cinayətidir. Ovannisyanın bəyanatı da işğalçı ölkənin rəsmi etirafı hesab oluna bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm