Yaqublunun isteriyası: Zəfərimiz bir Ermənistanı yasa boğdu, bir də onları...
Bizi izləyin

Nida Təhlil

Yaqublunun isteriyası: Zəfərimiz bir Ermənistanı yasa boğdu, bir də onları...

Vətən müharibəsinin qalibiyik. 30 il sonra işğala son qoyuldu, 30 il sonra ərazi bütövlüyümüz bərpa edildi, 30 il öncə “qalibiyyət mifi” yaradılan işğalçı Ermənistan darmadağın edildi.

Bu qələbənin müəllifi Azərbaycan Ordusu, bu müzəffər orduya komandanlıq edən Prezident İlham Əliyev və Ali Baş Komandanına, onun rəhbərlik etdiyi orduya sona qədər dəstək verən Azərbaycan xalqıdır. Ədalət bərpa olundu, haqq yerini tapdı. 30 il sonra bizim 30 il öncə yaşadıqlarımızı yaşayan Ermənistanın timsalında bunu daha aydın görmək mümkündür.

İndi Ermənistan yasa bürünüb, çünki illər ərzində zəbt etdikləri torpaqların sahibi evinə qayıtdı və ədaləti bərpa etdi. Ermənilərin yas içində olması təəccüblü deyil, amma və lakin...

Tarixi, həm də Azərbaycanımızın dünyadakı gələcək yerini gücləndirən bu qələbədən yasa batanların təkcə torpaqlarımızı işğal edən ölkə olmadığını da gördük.

Gördük ki, daxilimizdə hər fürsəti siyasi ambisiyaların alətinə çevirənlər Azərbaycan əsgərinin qanı, canı bahasına qazanılmış qələbəyə sevinmir, əksinə, bu zəfəri manipulyasiya edərək, daxillərində keçirdikləri təəssüfü gizlətməyə çalışırlar.

Onların təəssüfü də, yası da ermənilərinkindən fərqlənmir: bizə düşmən olanlar müharibəni uduzdular, içimizdə yuva quranlarsa hakimiyyətə gəlmək perspektiklərini tamamilə itirdilər.

Hər ikisinin dərdi eynidir: məğlubiyyət.

Və hər ikisinin bu xalqa, bu ölkəyə düşmən olduqları ortadadır: ermənilər açıq, içimizdəkilər gizli.

Lakin artıq nə dünyada, nə də Azərbaycan daxilində gizli heç nə qalmayıb, üstünü örtməyə çalışsalar da...

İllərdir erməni diasporu/lobbisinin müxtəlif “dəyərlər” adı altında Azərbaycana hücum etdiklərini, çıxarılan qətnamələrin, qərarların arxasında art niyyət olduğunu deyirdik. 44 günlük müharibə boyunca bunu hər kəs açıq şəkildə gördü...

İllərdir Azərbaycanda müxalifət adına iddia edən bir qrupun dərdinin nə xalq, nə dövlət olmadığını, hakimiyyətə gəlmək naminə “mübarizə” apardıqlarını deyirdik. Müharibə başa çatdı, onlar özlərini göstərdilər...

Hər şey çılpaqlığı ilə məlum oldu. Və bu gün Azərbaycan müxalifətinin, onlara müxalifət demək mümkünsə təbii ki, fərddən tutmuş bütöv xalqa qədər taleyimizi dəyişdirən Zəfərə kölgə salmaq, qalib əsgərimizin əziyyətini, şəhidlərimizin tökülən qanını hansısa ölkələrin “ssenarisi” kimi təqdim etmək cəhdlərini nə qədər acı olsa da, ermənilərin keçirdiyi hisslərlə eyniləşdirməmək əldə deyil:

-Ermənilər Paşinyan hakimiyyətini “torpaqları satmaqda” ittiham edirlər;
-Özünə “milli demokratlar” ayamasını yapışdıranlar özümüzün olan torpaqların hansısa yollarla “alındığını” iddia edirlər;
- Ermənistan məğlubiyyətini sığortalamaq üçün “Azərbaycanla yox, güclü Türkiyə ilə döyüşdük”, “Azərbaycan tərəfdə terrorçular döyşürdü” yalanlarını tirajlayırlar;
- Bizim olmayan müxalifət bu Zəfərin komandanını başqa ölkələrin “ssenarisi” ilə qalib gəldiyini iddia edir, nə qədər absurd olsa da...


Budur, bu dəfə soloda Tofiq Yaqbuludur və niyə Tofiq Yaqublu sualı maraqlıdır.

Birincisi, son dövrlər Milli Şuranın təpəsində dayananlar onu qabağa verməkdə maraqlı görünürlər;
İkincisi, T.Yaqublu I Qarabağ müharibəsinin iştirakçısıdır və qazanılan Zəfərin kölgələnməsi işini ona həvalə etməklə “müharibə iştirakçısı” kimi ondan qalxan kimi istifadə edirlər;

Amma T.Yaqublu iddialarında Əli Kərimlinin marionetkası olduğunu və onun tezisləri ilə çıxış etdiyini gizlədə bilmir: çeynənmiş iddiaların və mənasını anlamadığı ifadələrin təkrar-təkrar işlədilməsi.

Bu, artıq onun öz işidir, amma hərbi xidmət keçməmiş Əli Kərimlidən fərqli olaraq, Tofiq Yaqublu yaxşı bilir ki, iştirak etdiyi müharibəni niyə uduzduq, torpaqlarımız niyə işğal olundu?

- Dağılmış ordu, başıpozur silahlı dəstələr, siyasi hakimiyyətin nəinki dünya, yaxud regionda baş verənləri bilməməsi, heç ölkə daxilində baş verənlərdən xəbərsiz olması, əsgərin ərzağından geyiminə qədər hər şeyin mənimsənilməsi...

Bu siyahını uzatmaq da olar, Tofiq Yaqublu və Azərbaycan II Qarabağ müharibəsində məhz birinci müharibədəki problemlərin olmadığı üçün qalib gəldi, bunu anlamamaq ya cahillikdir, ya da şəhidlərimizin qanı hesabına qazanılmış Zəfəri həzm etməmək.

Və bu qələbənin müəllifi müzəffər orduya komandanlıq edən, xalqın mütləq əksəriyyətinin inandığı Ali Baş Komandan İlham Əliyevdir.

- İlham Əliyev dünya orduları arasında yüksək döyüş qabiliyyətinə, güclü hərbi arsenala malik ordu yaratdı;

- İlham Əliyev Azərbaycanı qlobal siyasətin mərkəzində dayanan ölkəyə çevirdi;

- İlham Əliyevin siyasəti nəticəsində regiondakı bütün layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır;

- İlham Əliyev işğalçı Ermənistanı dalan ölkəsinə çevirdi;

- İlham Əliyev 30 il sonra Azərbaycanın işğalçı ilə təkbətək qalmasını təmin etdi;

- İlham Əliyev ordunu arxasınca apardı, Şuşaya bayraq sancdı, ərazi bütövlüyümüzü bərpa etdi;

- İlham Əliyev XXI əsrin ilk müharibəsini qazandı;

- İlham Əliyev bu gün sizin kimilərin yasını paylaşdığınız Ermənistanı kapitulyasiyaya məcbur etdi;

- İlham Əliyev Azərbaycanın 250 ildir davam edən məğlubiyyət sindromunu sındırdı;


Ali Baş Komandanın, onun rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusunun qələbəsini başqa ölkənin “ssenarisi” kimi təqdim etmək isə ən azından 2802 şəhidin ruhuna hörmətsizlikdir.

“Ssenari bəlli idi, müharibəni kim olsaydı qazanacaqdı” demək Vətən uğrunda 2802 övlad vermiş 2802 ananın əməyinə sayğısızlıqdır;

“Ən çağdaş silahlar alınsaydı, itkilərimiz az, düşmənin itkisi çox olar və müharibə tez bitərdi” demək isə Azərbaycanın Zəfərini həzm etməmək və 44 günlük müharibə haqqında cəhalətdə olmaq deməkdir, Tofiq Yabuqlu...

Və bütün bunları niyə dediyinizi, kimlərin dedirtdiyini, əslində məqsədin nə olduğunu bütün xalq anlayır, çünki Vətən müharibəsi kimin kim olduğunu aşkar şəkildə göstərdi.

Sübutn etdi ki, İlham Əliyev 250 il sonra bu xalqın məğlubiyyət taleyini dəyişdirən lider və Vətən müharibəsinin qalib gəlmiş qəhrəmanıdır.

Maraqlı olan, sizlərin kim olmasıdır, Tofiq Yaqublu?!

Hakimiyyət sevdası naminə “Azərbaycanın Zəfəri hakimiyyətin gücünü artırdı” qorxusu ilə şəhidlərin ruhunu, qazilərin əməyini heçə sayanlarmı?!

Məğlub Ermənistanın yasını nəyinsə müqabilində bölüşənlərmi?!

Azərbaycanın güclü lider fenomenindən narahat olan dairələrin sifarişini yerinə yetirənlərmi?!

Yoxsa “bu hakimiyyətin heç bir uğuru olmasın” prinsipi ilə yaşayan, hətta bunun üçün azad olunmuş torpaqların yenidən işğal altına düşməsinə belə razı olacaq qədər absurdlarmı?!

Ya da bütün bunların hamısı...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm