Nida Təhlil
Tarif Şurasının qərarının səbəbləri: digər qiymətlərə təsir etməyəcək - SÜBUTLAR
Tarif (qiymət) Şurası benzin və dizelin qiymətlərinə yenidən baxıb: Ai-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik müəyyənləşib.
Bu artım cəmiyyətdə müəyyən müzakirələrə səbəb oldu, lakin qiymət artımının səbəblərini, o cümlədən, digər ölkələrlə müqayisəsi məsələni daha yaxşı anlamağa imkan verir.
Koronavirus poandemiyası 2020-ci ildə dünya bazarında neft qiymətlərinin azalmasına səbəb oldu. İlin sonuna doğru isə vəziyyət tədricən dəyişdi. Belə ki, COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14 faiz artım deməkdir:
- Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadır: artım 32 faizdir;
- Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edirdi;
- Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşıb;
- Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7 faiz artıb.
Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb.
Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar: həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Bununla yanaşı, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur. Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.
Azərbaycanda qiymət artımından sonra da benzin və dizel bir çox ölkədə mövcud qiymətdən aşağıdır. Konkret nümunələr bunu sübut edir.
Ai-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti:
- Rusiyada 1 manat;
- Ukraynada 1,72 manat;
- Belarusda 1,14 manat;
- Gürcüstanda 1,12 manat;
Dizelin 1 litrinin qiyməti:
- Türkiyədə 1,44 manat;
- Rusiyada 1,12 manat;
- Ukraynada 1,72 manat;
- Belarusda 1,21 manat;
- Ermənistanda 1,19 manat;
- Gürcüstanda 1,15 manat səviyyəsindədir;
Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir. Burada qeyd edilməlidir ki, Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.
Tarif Şurasının qiymətlə bağlı qərarının bir çox obyektiv səbəbləri var.
Son illər Azərbaycana avtomobil idxalının benzinə və dizelə olan təlabatı artırması: Azərbaycana avtomobil idxalının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.
Dövlətin sosial siyasəti və əhalinin gəlirlərinin artması: dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyəti yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə nəticələnəcək.
2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.
Qiymətin tənzimlənməsinin ən mühüm nəticələri:
1. Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir.
2. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.
3. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.
4. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər.
Göründüyü kimi, tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək.
Bu artıma paralel olaraq bir sıra güzəştlər də ediləcək.
Nəqliyyatda gedişhaqqı artırılmayacaq: Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Kənd təsərrüfatı məhsulları bahalaşmayacaq: dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır.
Bununla yanaşı, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcəkdir. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyev daim “dövlət siyasətinin mərkəzində vətəndaş dayanır” prinsipinə uyğun addımlar atıb. İndiyə qədər həyata keçirilən sosial paketlər bunu sübut edir.
2019-cu ilin sosial paketləri: Həmin ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib.
2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.
2019-cu ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 milyon nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manat təşkil edib.
Pandemiya dövründə sosial paket: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.
- Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib.
- 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub.
- 100 min ailəyə ərzaq payı verilib.
-Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib (12 min ailə, maliyyə yükü 70 mln. manat).
- Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb.
- Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib.
- Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat).
- 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib.
- Əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub (250 mln. manat).
2021-ci il - poskonflikt dövründə sosial paket: 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7 faiz artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb. Postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Dünya bazarındakı vəziyyət və çoxsaylı obyektiv səbəblər benzin və dizel yanacağında kiçik qiymət artımının normal olduğunu təsdiqləyir. Azərbaycan dövləti də qiymət artımına baxmayaraq, bunun sosial vəziyyətə təsirinə imkan vermir, əksinə insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar bundan sonra da atılacaq.
Asif
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR