Əsas amil Ermənistanın bu reallığı dərk etməsidir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Əsas amil Ermənistanın bu reallığı dərk etməsidir - Politoloq

“Yanvar ayının 11-də Moskvada baş tutan üçtərəfli görüş 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət bəyanatda ehtiva olunan strateji prinsiplərin təsdiq olunması ilə yanaşı, bundan sonrakı mərhələdə regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə olduqca böyük töhfə verən bir görüş oldu. Siyasi deyil, iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan Moskva bəyanatı bir daha göstərdi ki, həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin mövqeyi üst-üstə düşür və bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O qeyd edib ki, Ermənistan ərazisindən keçərək Naxçıvana gedən dəhlizin yaradılması həm Azərbaycanın, həm Ermənistanın, həm də bütövlükdə region xalqlarının həyat standartlarının yaxşılaşdırılmasına töhfə verən məsələdir: “Əsas amil Ermənistanın bu reallığı dərk etməsidir. Rusiya və Azərbaycan Prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafına daha da təkan verəcək. Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizindən birgə istifadə edir. Eyni zamanda Rusiya Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır”.

Politoloq bildirib ki, Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır, burada mühüm əhəmiyyət kəsb edən amil iki ölkənin Prezidentləri arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasıdır: “Geriyə dönüb baxdıqda, 2019-cu ilin noyabrın 20-25 tarixlərində ölkəmizin Birinci vitse-prezidenti statusunda Mehriban xanım Əliyevanın da ilk rəsmi səfərini məhz Rusiyaya etməsi, Rusiya Federasiyasının dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif olunması bu münasibətlərin daha sıx tellərlə bağlanmasına gətirib çıxardı. Bu ali mükafat Rusiya Prezidenti Vladimir Putin tərəfindən ikitərəfli münasibətlərimizə verilən qiymət oldu. Mehriban Əliyevanın Vladimir Putinlə və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə apardığı danışıqlar münasibətlərimizə yeni impuls qazandırmaq, onu daha da möhkəmləndirmək istiqamətində atılmış olduqca mühüm addım idi. Heç şübhəsiz ki, regionun, bütövlükdə beynəxalq münasibətlər sistemində baş verən hadisələrin əsas iştirakçılarından və söz sahiblərindən biri olan Rusiya Federasiyasının Azərbaycana qarşı bu yüksək münasibəti ilk növbədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir”.

Ş.Həsənova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında olan münasibətlər siyasi, iqtisadi, sosial, humanitar sferalar üzrə inkişaf edir: “İki ölkə arasında ticarət dövriyyəsinin məbləğinin 3 milyard dollara çatdırılması istiqamətində əməli addımlar atılır. Təkcə 2019-cu ilin 9 ayı ərzində Azərbaycandan Rusiyaya 465,6 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib. Rusiyanın 70 regionu ilə Azərbaycanın dostluq və iqtisadi əlaqələri mövcuddur. Bu gün Azərbaycan Rusiya ilə eyni mövqedən çıxış edərək faşizm ideologiyasını lənətləyir, ona qarşı mübarizə prosesinə öz töhfəsini verir, Ermənistan isə öz ölkəsində bu ideologiyanı təbliğ edir, qəhrəmanlaşdırır, ona qulluq edən şəxsə abidə ucaldır. Mövcud reallıq odur ki, münaqişə birmənalı olaraq bitib, bundan sonra gələcəyə fokuslanmaq, kommunikasiyaların açılması və regionun inkişafı haqda düşünmək lazımdır”.

Politoloqun sözlərinə görə, Ermənistan revanşizmi unudub bərpa və əməkdaşlıq prosesinə qoşulmasa, yenə kənarda qalacaq: “Yox, əgər aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Cənab Prezident də dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub. Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır.

Bu gün Ermənistanda vəziyyət ağırdır, əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkəni ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real addımlar atmalıdır. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm