Qars təliminin şifrələri: Bakı və Ankara 100 il sonra yenidən hərəkətə keçir - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Qars təliminin şifrələri: Bakı və Ankara 100 il sonra yenidən hərəkətə keçir - TƏHLİL

1-12 fevral tarixində Qarsda Azərbaycan və Türkiyənin növbəti birgə təlimi keçiriləcək: “Qış təlimi – 2021”.

Son illər qış təlimləri ənənəvi olaraq keçirilir və məkan olaraq Qars, Azərbaycan-Türkiyə, həm də Türkiyə-Ermənistan sərhədi seçilir. Hərçənd bu il keçiriləcək təlim iki kontekstdə diqqət çəkir:

Birinci - Qars müqaviləsi: 1921-ci ildə imzalanan və Türkiyənin Naxçıvan MR-in təhlükəsizliyinin qarantı olmasının əsasını təşkil edən müqavilədən bir əsr keçir. Beynəlxalq münasibətlərdə dövlət quruluşlarının və reallıqların dəyişilməsi müqavilələrin 100 illiyi tamam olanda qüvvədən düşməsinə əsas verə bilər, yəni tərəflərdən birinin razılaşmadan imtina etməsi mümkündür.

Türkiyə müqavilənin 100-cü illliyində Naxçıvan sərhədində Azərbaycanla birlikdə hərbi təlimlər keçirməklə qarant rolunu şifahi olaraq yeniləyir. Çünki:

- Rusiyada zaman-zaman müqavilənin ləğv edilməsi iddiaları ortaya atılır;

- Ermənistanda Paşinyanın hakimiyyətə gəlişindən sonra – 2018-ci ildən etibarən Qars müqaviləsinin 100 illiyində ləğv edilməsi fikri və Naxçıvana iddia mütəmadi gündəmə gətirilir, həm media, həm də siyasətçilər tərəfindən Kremlə ünvanlanmış kampaniyalar aparılırdı;

- Rusiya-Türkiyə münasibətlərinə isti yanaşmayan qüvvələr, həm Qərbdə, həm Moskvanın özündə olanların bu müqavilə üzərindən təhlükəli manevrləri mümkündür;

- Rusiyanın masada istədiyini almaq üçün müqaviləni gündəmə gətirə biləcəyi ehtimalı;

Və bununla müqavilənin tərəfi olan Rusiyaya və ermənilər üzərindən bölgədə planlar quranlara mesaj verir: heç də təsadüfi deyil.

Burada təsadüf olmayan bir məqamın da üzərində dayanmaq zərurəti var: Qarabağ məsələsinin Qars müqaviləsinin 100 illiyi tamamlanmış həll edilməsi və bölgədə şərtlərin Ankara-Bakı cəbhəsinin xeyrinə dəyişməsi.

II Qarabağ müharibəsinə aparan çoxsaylı səbəblər, geosiyasi dəyişiklik və bu dəyişikliyin fonunda Azərbaycan və Türkiyənin öz hesablarının olması arasında bu məqam da istisna deyil. 44 günlük müharibə və nəticələri olmasaydı, Qars müqaviləsinin ləğvi ilə bağlı iddialar intensivləşə, beləliklə, Naxçıvanın təhlükəsizliyinə ciddi təhdidlər yarana bilərdi, informasiya platformasında kampaniyalar belə düşünməyə imkan verir.

İkinci - 44 günlük müharibədən sonra ilk Türkiyə-Azərbaycan hərbi təlimləri:

Müharibə və münaqişə bitib, hərçənd yeni reallığı qəbul etməyənlərin olması siyasi müstəvidə risklərin olduğunu göstərir.

1. Ermənistanda revanş istəyənlər, münaqişənin həllində iştirak etməyən həmsədr ölkələr (Fransa və ABŞ: Co Baydenin gəlişi ilə Vaşinqtonun Qarabağla bağlı səssizliyi pozula bilər) və Rusiya daxilində vəziyyətlə barışmayanlar var;

2. Moskva Qarabağda razılaşmanın həyata keçirilməsini uzadır:

- Silahlı ermənilər hələ də bölgədə qalır;

- Sülhməramlıların statusu ilə bağlı sənəd imzalanmayıb: Bakı və Ankaranın israr etdiyi bu məsələdə Moskva uzatmalara gedir;

- Ermənilərin yaşaması üçün ayrılan bölgələrin praktiki olaraq Azərbaycan yurisdiksiyasına keçməsi uzana bilər;

Bakı və Ankara bu məsələlərlə bağlı qəti mövqeyi siyasi müstəvidə ruslara çatdırır, müharibədən sonra ilk birgə təlim məhz bu mövqeyin hərbi müstəvidə də bəyan edilməsidir. Beləliklə, Azərbaycan və Türkiyə bölgə üzərindəki planlarına dair mesajlar verir:

a) Naxçının təhlükəsizliyinin qarantı Türkiyədir: bu haqqı Azərbaycan verir;

b) Bakının maraqlarına qarşı yarana biləcək təhlükələrə qarşı Türkiyə Azərbaycanın yanında olacaq: bu, hər zaman dilə gətirilir, müharibədən sonra belə bir təlim bu mövqeyin əyani ifadəsidir;

c) Qarabağda ermənilər silahlı yerə qoymasa, keçiriləcək anti-terror əməliyyatlarında Türkiyə Azərbaycana hərbi müstəvidə açıq dəstək verəcək;

“Qış təlimi – 2021”ə ənənənin davam etdirilməsi ilə yanaşı, Azərbaycan və Türkiyənin yaranmış yeni reallığı gücləndirməsi olaraq baxmaq mümkündür.

Proseslərin inkişafı növbəti birgə hərbi təlimlərin məhz Naxçıvanda keçiriləcəyi ehtimalını önə çıxarır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm