Ehtiyatlar real kapitala çevriləcək və hər iki ölkə... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ehtiyatlar real kapitala çevriləcək və hər iki ölkə... - ŞƏRH

“Dostluq” yatağı ilə bağlı imzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu şərh edərkən deyib. O bildirib ki, memorandum özündə çox mühüm strateji hədəfləri ehtiva edir:

“Həmin yataq 1989-cu ildə aşkar edilmiş və “Kəpəz” adlandırılmışdı. Ancaq 1991-ci ildə SSRİ dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi və həmin yatağa “Sərdar” adını verdi. Bu isə öz növbəsində təbii olaraq iki dövlət arasında mübahisəyə səbəb oldu və nəticədə 30 ildən artıq dövr ərzində özündə kifayət qədər karbohidrogen ehtiyatlarını birləşdirən yatağın istismarı həyata keçirilə bilmirdi.

Bunun bir sıra səbəbləri var idi. Ən vacib səbəb isə Xəzərin hüquqi statusu ilə bağlı idi. Uzun illər aparılan işin nəticəsi olaraq Xəzərin statusu ilə bağlı müəyyən sənədlər imzalandı. Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzərin statusu müəyyənləşdi. Buna baxmayaraq, Azərbaycanla Türkmənistan sərhəddi müəyyələşdirə bilmirdi.

Azərbaycan və Türkmənistan nəhayət ki, bu problemi həll edərək tarixi anlaşma əldə etdi, odur ki, indi belə bir memorandumun imzalanması tarixi hadisədir. Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar artıq arxada qaldı. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdıracaq. Bundan sonra “Dostluq” yatağı birgə işlənəcək və onun ehtiyatları Azərbaycanın infrastrukturu vasitəsilə dünya bazarına çıxarılacaq. Bunun nəticəsində ehtiyatlar real kapitala çevriləcək və hər iki ölkə gəlirləri bölüşəcək ki, bundan da həm Azərbaycan, həm də Türkmənistan faydalanacaq. İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək. Üçüncüsü, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizində sərhədlərini də müəyyənləşdirə bilər. Bundan sonra iki ölkə arasında hər hansı mübahisə predmeti qalmayacaq.

Sərhədlə bağlı sənəd imzalanandan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisi danışıqlarına da başlaya bilər. Bu baxımdan memorandum həm də perspektivə hesablanmış əməkdaşlıqdır. Xalqların gələcəyi naminə edilən əməkdaşlıq ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcək. Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9%-ni təşkil edir və bu göstərici ilə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, indi isə Azərbaycan vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Bu, hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın “Şimal axını” və “Türk axını” boru xətləri ilə rəqabət apara biləcək”.

Politoloqun sözlərinə görə, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur:

“Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyətinə, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm