Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər onların arxivlərində “yatır” - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər onların arxivlərində “yatır” - Politoloq

Ombudsman azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatı hazırlamaqla çox mühüm məsələlərə toxunub. Çünki ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin sayı-hesabı yoxdur. Azərbaycanlılara qarşı ən böyük cinayət hadisələri məhz çar Rusiyası dövründə baş verib.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların 6 dəfə deportasiyası həyata keçirilib:

“Bu deportasiyalar zamanı ermənilər kəndlərə od vurub, əhalini zorla yaşadığı yerlərdən çıxarıb, müqavimət göstərənləri öldürüb. Bu 6 deportasiya zamanı on minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olub. Deportasiyalarla bərabər, ermənilərin Azərbaycana qarşı daha kütləvi miqyasda hərbi hücumları da olub. Bu addımlar Qərbi Azərbaycan torpaqlarından Qarabağ torpaqlarına qədər gəlib çıxıb. Ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin birinci mərhələsi 1905-1907-ci illəri əhatə edir. Xalq arasında buna “erməni-müsəlman davası” da deyirlər.

Ermənilərin azərbaycanlılara qarşı ikinci soyqırımı siyasətinə təkan verən hadisələr Birinci Dünya müharibəsinin başlaması oldu. Bu müharibə başladıqdan sonra Antantanın fəal üzvlərindən olan Çar Rusiyası Ermənistan və Gürcüstan istiqamətindən Osmanlı imperiyasına hücuma başladı. O zaman indiki Ermənistan ərazisində demək olar ki, erməni yox idi, deportasiyalara baxmayaraq, azərbaycanlılar yenə də üstünlük təşkil edirdi. Çar Rusiyası Osmanlı imperiyasına qarşı hücuma keçərkən ermənilər fəal surətdə rus ordusuna kömək etməyə başladılar. Eyni zamanda, ruslardan xahiş etdilər ki, onlara təlim keçsinlər, silah versinlər və rus ordusu ilə birlikdə Osmanlı imperiyasına qarşı vuruşsunlar. Ruslar bu təklifi həvəslə qəbul etdilər və ermənilərdən ibarət “Daşnaksütyun” partiyasının nümayəndələrindən ibarət komitələr və onların nəzdində döyüşən ordu birləşmələri yaradıldı. Beləliklə, yüzlərlə belə komitələr formalaşdırıldı və ermənilərdən ibarət 35-40 minə yaxın döyüşən ordu dəstələri düzəltdilər. Onlar daha sonra vətəndaşı olduqları Osmanlı imperiyasına arxadan zərbə vurmağa başladılar, çox zaman öndə gedərək rus ordusu üçün yollar açırdılar. Həmin dövrlərdə Osmanlının maliyyə naziri erməni idi, baş qərargahında isə Andranik adlı general çalışırdı. O, baş qərargahdan gizli sənədləri, əməliyyat planlarını və xəritələri Rusiya ordusuna göndərərkən tutulur. Osmanlı isə qulağının birini kəsərək onu vuruşan ermənilərin tərəfinə göndərir. Bundan sonra Andranik yeni quldur dəstələri düzəldərək Qars, İğdır və Sarıqamış istiqamətində əsas gücünü azərbaycanlılara divan tutmağa yönəldir.

Yaxşı ki, Rusiyada 1917-ci ildə 11 fevral burjua-demokratik inqilabı baş verdi, Çar Rusiyası devrildi və hakimiyyətə burjua demokratları gəldilər. Bu vəziyyətdən sonra rus ordusu tələm-tələsik artilleriyalarını və silahlarını ermənilərə təhvil verərək geriyə qayıtmışdı. Ermənilər də təbii ki, Türkiyə üzərinə hücuma yox, ruslardan aldığı silahlarla nizami ordu dəstələri yaradaraq azərbaycanlılara qarşı böyük soyqırımı siyasətini həyata keçirməyə başladılar”.

Qabil Hüseynli qeyd edib ki, 1917-ci ildən 1920-ci ilə qədər ermənilər Qars, Sarıqamış və İğdırda, daha sonra indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycanda, Azərbaycan torpaqlarında, Bakıda və Qubada böyük cəza tədbirləri həyata keçirmişdilər:

“Reyqanın müşavirinin rəhbərliyi və 250 tarixçinin iştirakı ilə hazırlanan arayışda da göstərilirdi ki, ermənilər tərəfindən həyata keçirilən bütün bu qırğınlarda, hətta dağ yəhudilərinə də zərər verən bu soyqırımı siyasətində 2 milyon 200 mindən çox azərbaycanlının həyatına sui-qəsd edilib.

Erməni separatçı dəstələrinin azərbaycanlılara qarşı başlatdığı üçüncü soyqırımı dalğası 1980-ci illərin sonlarında baş qaldırdı və bölgədə irimiqyaslı müharibənin başlamasına səbəb oldu. Müharibə nəticəsində Xocalı, Qaradağlı soyqırımı törədildi, bütövlükdə 1 milyondan çox insan yurd-yuvasından didərgin salındı, 35 mindən çox insan isə həlak oldu. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı bütövlükdə 3 dəfə soyqırımı törədib. Bu soyqırımılar nəticəsində milyonlarla azərbaycanlını məhv ediblər.

Bu məsələnin dünya ictimaiyyətinə çatdırılmasında tək Ombudsmanın hesabatı ilə kifayətlənmək olmaz, mütləq tarixçilərdən və alimlərdən ibarət qrup yaradıb, bu 3 böyük - 1905-1907, 1917-1920 və 90-cı illərin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisələrini ciddi tədqiq etmək lazımdır. Türkiyə və Malta arxivlərində erməni işğalçılıq siyasəti ilə bağlı böyük sənədlər saxlanılır. Bir sözlə, Avropa və digər ölkələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri əməllərin dəqiq və faktlar əsasında ümumi mənzərəsini yaratmalıyıq. Ermənilər Osmanlı imperiyasında 700 min olduğu halda, 1,5 milyon erməninin qırılması haqqında hədyanlar irəli sürürlər. Bu quldur dəstələrinin özləri təkcə 1917 və 1920-ci illər ərzində bir milyondan çox azərbaycanlının həyatına qəsd ediblər. Biz bunları dərindən araşdırıb bütün faktları ortaya çıxarmalı və onu xristian təəssübkeşliyi ilə alışıb yanan dünya xalqlarına çatdırmalıyıq. Erməni soyqırımı deyərək car çəkirlər, amma ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər onların arxivlərində “yatır”, rus generallarının yazdığı kitablarda da bu, açıq-aydın surətdə göstərilir. Azərbaycanlıların soyqırımı rusiyalı diplomat Aleksandr Qriboyedovun əsərlərində də öz əksini tapıb. Odur ki, bu həyasız və tərbiyəsiz millət öz yerində oturdurmalı və onlara qarşı ciddi əsaslandırılmış faktlar ortaya qoyulmalıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm