Nida Təhlil
Seçki, yoxsa “Linç günü” - Ermənistan üçün kritik 11 gün
Ermənistanda 20 iyun erkən parlament seçkiləri ilə bağlı iki həftəlik təbliğat kampaniyası başlayıb. Əslinə qalsa, xüsusi təbliğata, hansısa seçki platformasına, seçici səsi ilə manipulyasiyaya ehtiyac da yoxdur. Hər şey ortada, böhran içində çabalayan ölkənin yeganə xilas düsturu da aşağı-yuxarı, təxminən məlum. Qalır, onu götürüb real həyata tətbiq edəcək lider.
Ermənistan siyasi elitasında bunu anlayan və bacaran tapılacaqmı? Cavabdan erməni xalqının sonrakı taleyi birbaşa asılı olacaq. Təəssüf ki, təzəcə kapitulyasiya edən ölkənin baş nazirliyinə iddiaçıların mütləq əksəriyyəti hələ də “göylə gedir”, reallıqlarla barışmaq istəmir. Yenə də elektorata boş vədlər verilir, mifik ideyaların əsiri olaraq qalırlar...
*****
“20 iyun seçkiləri əslində Ermənistanın bütün rəhbərləri üzərində məhkəmə prosesidir və siz həm mənim, həm də Serj Sərkisyanın, Robert Köçəryanın və Levon Ter-Petrosyanın fəaliyyətinə qiymət verməlisiniz”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri öz seçiciləri ilə görüşdə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.
“Ermənistanın xalqı nə qərar versə, biz onun qərarına itaətkarcasına tabe olacağıq. Məhz siz öz iradənizlə ölkəyə kimin rəhbərliyini davam etdirəcəyinə dair qərar verəcəksiniz. Mən sizə sədaqətlə xidmətə davam etməyə hazıram, Ermənistan naminə, sizin naminə heç nəyi əsirgəməyəcəm” - deyə o, populistcəsinə qeyd edib.
Məlumat üçün bildirək ki, sabiq prezidentlərdən yalnız Serj Sərkisyan hakimiyyətə qayıtmaq niyyətində olmadığını bildirib. Lakin onun başçılıq elədiyi Respublikaçılar Partiyası Mili Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Vətən” partiyası ilə seçki bloku yaradıb və Vanetsyanı baş nazirliyə namizəd irəli sürüb.
*****
Paşinyan görüşdə həmçinin ümid etdiyini bildirib ki, onun başçılıq elədiyi “Vətəndaş müqaviləsi” partiyası qarşıdakı seçkilərdə səslərin 60%-ni qazana biləcək. Lakin siyasi və seçki texnoloqları bunu qeyri-real sayırlar. Elə hökumət komandasının öz daxilində də seçkilərin ikinci turunun qaçılmaz ola biləcəyini düşünənlər var.
Qeyd edək ki, mövcud qanuna görə, əgər qalib partiya və ya blok seçkilərdə 54%-lik səs qazana bilməsə, o zaman 54%-lik səsi təmin edən 3 partiya (blok) seçkilərdən sonrakı 6 gün ərzində koalisiyalı hökumət qurmaq haqda razılıq əldə eləməlidir. Əks halda, 20 iyun seçkilərində ən çox səs yığmış iki partiya (və ya blok), yəni 1-2-ci yerləri tutan qüvvələr 28 gün sonra təkrar seçkilərə gedəcək. Həmin seçkinin qalibinə isə avtomatik olaraq 54%-lik qələbə tanınacaq ki, hökuməti təkbaşına qursun.
Bu variant istisna edilmir. O halda Ermənistanda legitim hakimiyyətin qurulması prosesi daha bir ay uzanacaq ki, bu da 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli anlaşlmaların reallaşmasına neqativ təsir edə bilər. Bu, Azərbaycanın maraqları baxımından arzuolunan deyil. Qarabağ klanının odioz siması Köçəryanın təzədən iqtidara qayıtması isə bundan da az arzuolunandır. Xüsusən də söhbət Zəngəzur dəhlizinin açılmasından gedir.
*****
Söz düşmüşkən, bugünlərdə seçiciləri ilə görüşdə Köçəryan Zəngəzur dəhlizinin mümkün olmayacağını, bununla guya “Azərbaycan və Türkiyənin Ermənistanın suveren ərazisinin bir qismi üzərində nəzarət qurmaq niyyəti güddüyünü” bildirməklə seçiciləri çaşdırmağa çalışıb. Doğrudur, o, kommunikasiyaların, avtomobil və dəmir yollarının açılmasının əleyhinə olmadığını da deyib, ancaq onu da söyləyib ki, kommunikasiyalar seçkilərədək yüz faiz, seçkilərdən sonra isə qeyri-müəyyən müddətə açılmayacaq. Yəni qənaət hasil olur ki, Köçəryan ölkə rəhbəri olarsa, 10 noyabr kapitulyasiya sənədinin icrasını maksimum uzatmağa çalışacaq.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın açıqlamaları isə göstərir ki, əksinə, Ermənistanın böhrandan çıxması üçün Azərbaycan və Türkiyə ilə əlaqələr mütləq düzəlməlidir. Bu mövqe baş nazirliyə namizədin rəhbəri olduğu “Erməni Milli Konqres” partiyasının dünən açıqladığı seçki proqramında da əks olunub.
Proqramın qayəsində Rusiya ilə yaxınlaşma və Azərbaycana qarşılıqlı etimadın bərpası dayanır. Həmçinin bütün sahələrdə erməni diplomatiyasının inkişafına və Rusiya ilə qarşılıqlı strateji maraqlara əsaslanan münasibətlərin dərinləşdirilməsinə ehtiyac olduğu vurğulanır. Partiyanın nümayəndəsi Arman Musisyan bu xüsusda deyib ki, qurumun ölkəni böhrandan çıxarmağa yönəlik proqramı realist hesablamalara əsaslanıb.
“Biz bilirik ki, bütün qələbələr o vaxt əldə olunur ki, dövlətin siyasəti ölkənin resursları və beynəlxalq normalar nəzərə alınmaqla real hesablamalara və geosiyasi reallıqlara əsaslansın. Dövlətimiz bu yoldan çıxanda və dünyadan onun bizə verə biləcəyindən daha çox şey tələb etməyə başlayanda, yəni avantürizm yolu tutanda uduzur. Keçənilki müharibə məhz bu avantüranın, 1998-ci ildən bəri (Ter-Petrosyanın hakimiyyətdən devrildiyi il - red.) ölkəmizin səhv yola getməsinin nəticəsidir. Biz dövləti xilas proqramı təklif edirik”, - deyə o vurğulayıb.
*****
Yada salaq: Ter-Petrosyanın iqtidardan devrilməsinə ovaxtkı baş nazir, Xocalı hərbi canisi Robert Köçəryan başçılıq edib. Yəni Ermənistanı iflas ərəfəsinə gətirən son 23 illik yanlış siyasi kursun əsas memarı məhz elə odur - Köçəryan. Təbii ki, Qarabağ klanının 20 illik hakimiyyətinə kritik yanaşmayan birisi ciddi etiraflarda bulunub Ermənistan üçün böhrandan rasional qurtuluş formulu təqdim edə bilməz. Erməni xalqına isə bu dəqiqə onun siyasi liderləri də daxil, məhz bu lazımdır - etiraflar, etiraflar, etiraflar... Ki, o, yeganə düz yolu tapa bilsin.
Məsələn, az öncə bu haqda danışan Ter-Petosyan demişdi ki, erməni xalqının mifik “Böyük Ermənistan” ideyasından, “dənizdən-dənizə, Arazdan-Kürə ölkə” iddiasından imtina eləməsinin vaxtıdır. “Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur, biz bundan çıxış eləməliyik”. Bunu da Ter-Petrosyan söyləyib.
Onun sözlərinə görə, praktik olaraq ölkənin bütün siyasi partiyaları Ermənistanın Qarabağ münaqişəsində müttəfiqlərinin olmadığını başa düşə bilmirlər. “Amma adamlar hələ də Amerika, İran və ya başqa istiqamətə ümidlə baxmağa davam edirlər. Əgər biz eyni səhvi təkrarlasaq, dünyanın ən yazıq və acınacaqlı ölkəsinə çevriləcəyik. Bunu istəyirikmi?”, - deyə Ter-Petrosyan sual edib.
Yaxşı sualdır. Ona cavab yəqin ki, çox gecikməyəcək. Doğrudan da, görəsən, 20 iyun tarixdə Ermənistanda seçki, yoxsa “Linç məhkəməsi” olacaq? Ən önəmlisi, erməni xalqı öz xilaskarın tapa biləcəkmi? 11 gün qaldı... (Musavat.com)
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz