Bu, Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək - Deputat

Ələt Azad İqtisadi Zonası nəinki Azərbaycan, bütövlükdə region üçün çox əhəmiyyətlidir. Azərbaycan təkcə enerji sahəsində deyil, eyni zamanda nəqliyyat və logistika sahəsində də uğurlu addımlar atır.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan geosiyasi əhəmiyyətinə görə regionun öndə gedən ölkələrindən biridir: “Enerji dünyada nə qədər önəmlidirsə, eləcə də nəqliyyat layihələrində o qədər əhəmiyyətlidir. Çünki bütün dünya artıq bir-biri ilə əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Qars layihəsi təklifi ilə Amerikada çıxış edəndə beynəlxalq ictimaiyyət böyük şəxsiyyətin zəkasına və onun uzaqgörənliyinə heyran qalmışdı. O zamanlar bu layihə gündəmə gələndə beynəlxalq təşkilatlarda bunu dəstəkləmək niyyətində idilər. Ermənipərəst qüvvələr çox çalışdı ki, bu dəmir yolu Ermənistan ərazisindən keçsin, lakin Prezident İlham Əliyev Qarabağ işğalda olduğu müddətdə onlara heç bir güzəşt olunmayacağını dedi və bundan sonra beynəlxalq maliyyə qurumları investisiya ayırmadılar. Ölkə başçısı Azərbaycanın öz gücü hesabına bu layihəni həyata keçirdi. Gürcüstan və Türkiyə dövlətləri də öz üzərlərinə düşən öhdəliyi yerinə yetirdilər”.

M.İbrahimqızı vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək: “Bu cür layihələrdə ən önəmli şərtlərdən biri də zamandan səmərəli istifadə etməkdir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə cənub-şimal, şimal-cənub nəqliyyat planları da gerçəkləşib. Bu gün artıq Azərbaycan öz nəqliyyat şəbəkəsinə sahibdir. Əlbəttə, beynəlxalq dəniz limanının ərazisində iqtisadi zonanın yaradılması böyük nailiyyətdir.

Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın iqtisadiyyatı daha da güclənəcək. Bu dəhlizdən yalnız region ölkələri deyil, həm də Avropa ölkələri istifadə edərək öz yüklərini daşıya biləcəklər. Zəngəzur dəhlizinin açılması ilə Qarabağ ərazisi daha tez bir müddətdə dirçələcək. Qarabağ işğaldan azad olunduqdan sonra orada sürətli quruculuq işləri aparılır. Gələcəkdə həmin ərazilərdə də bu cür iqtisadi zonalar yaradıla bilər. Belə layihələrin həyata keçməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artacaq. Qarabağda quruculuq işləri bitdikdən sonra orada beynəlxalq hava limanlarının açılması ilə gələcəkdə bu ərazi böyük iqtisadi zonaya çevriləcək”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm