İşğalın nəbzi durdu: İndi saatlarımızın əqrəbləri BÖYÜK QAYIDIŞA İŞLƏYİR
Bizi izləyin

Nida Təhlil

İşğalın nəbzi durdu: İndi saatlarımızın əqrəbləri BÖYÜK QAYIDIŞA İŞLƏYİR

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış;

30 illik həsrət bitdi. Qarabağ münaqişəsi 10 noyabr 2020-ci ildə başa çatdı. 44 günlük Vətən Müharibəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın qətiyyətli, xalqımızın əzmi ilə qələbə çaldı. Düşməni diz çökdürdü. “Dəmir yumruq” əməliyyatı məhz həmin gün tarixə qızıl hərflərlə yazıldı. Bundan sonra Azərbaycan xalqının və dövlətimizin əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış Missiyasını uğurla gerçəkləşdirməkdir.

Elə Böyük Qayıdışın ilk bünövrəsini də ordumuz atdı. 30 illik həsrətdən sonra torpaqlarımıza onlar ayaq basdılar. Sonra cənab prezident Ali Baş Komandan kimi işğaldan azad edilmiş ərazilərimizə səfərlər etdi. Sürətlə aparılan yenidənqurma işləri ilə tanış oldu. 10 noyabrda erməni işğalının və erməni vandalizminin nəbzi durdu. İndi Azərbaycanda bütün saatların əqrəbləri BÖYÜK QAYIDIŞA işləyir.

Artıq dövlətimiz bütün istiqamətlərdə hərəkətə keçib. Bütün dövlət orqanları, ictimai təşkilatlar qollarını çırmalayıb. Hərə öz işi ilə məşğuldur.

Hələ bu ilin fevralında 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradıldı. Bununla bağlı Baş nazir Əli Əsədovun “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli sərəncam imzalamışdı.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini elan etdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in pavilyonunda filmlər çəkilməyə başlanıldı. Hələ işğal dövründə Böyük Qayıdışın ümid işığını daha da gur yandırmaq üçün “Biz qayıdacağıq” bədii filmi çəkilmişdi.

İndi dövlətimiz müharibədən sonrakı dövrə köklənib. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev bəyan etdi ki, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət işğaldan azad edilmiş torpaqlara yönəldililir. Azərbaycanın prioriteti Qarabağa qayıdışdır. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq. 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Azərbaycan dövləti onların layiqli həyatını təmin edəcək. Böyük Qayıdışa xidmət edən layihələrin icrasına isə artıq başlanılıb.

Ekspertlər hesab edirlər ki, qayıdışın birinci addımı yoldur. Hələ ötən ilin oktyabr ayından Tərtər rayonundan Suqovuşana gedən yeni yolun çəkilişinə başlanılıb. Başqa bir yol isə Göygöl rayonunun Toğanalı kəndi istiqamətindən Kəlbəcərə çəkilir. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonlarına qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib. Prezident İlham Əliyevin yol infrastrukturunun yaradılması ilə bağlı başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədədir.

Hələ ötən il noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi. Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu.

İlham Əliyevin və Mehriban Əliyevanın Şuşaya səfəri zamanı Füzuli hava limanının da bünövrəsi qoyuldu. Ümumiyyətlə, Füzuli-Şuşa yolunun çəkilişi, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması strateji əhəmiyyətlidir. Bu hava limanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, yüklərin bölgəyə daşınmasında əhəmiyyətli rola malik olacaq.

Millət vəkili Azər Badamov Publika.az-a açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması işləri hazırda sürətlə icra olunur:

“Azərbaycan bölgənin inkişafına əngəl yaradan Qarabağ problemini öz gücü və imkanları hesabına həll etdi. Bundan sonra bölgədə yeni əməkdaşlıq, qarşılıqlı siyasi-iqtisadi ələqələrin inkişafı dövrü başlayıb. Sağlam münasibətlərin təmin olunması ilə bölgə xalqlarının daha yaxşı yaşaması üçün mühüm imkanlar mövcuddur. Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin reallaşdırılmasına başlanılıb. İlin sonuna qədər böyük qayıdışa başlamaqla, mərhələli şəkildə qaçqın və köçkünlərin öz doğma yurdlarına yerləşdirilməsinə start veriləcək. Azərbaycan hökuməti bu günə qədər hədəflədiyi bütün məqsədlərə nail olub. Vətəndaşlarımızın öz doğma yurdlarında da layiqli həyat səviyyəsinin təminatı reallaşacaq. Bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq”.

Deputat Səməd Seyidovun fikrincə, Böyük Qayıdış siyasəti yalnız sözdə, planlarda, fikirlərdə, düşüncələrdə olan bir məsələ deyil, bir reallıqdır: "İşğaldan azad edilən ərazilərimizdə tikilən su elektrik stansiyaları, elektrik xətləri, Laçın aeroportunun təməlqoyma mərasimi, yolların, hərbi hissələrin bərpası, kənd təsərrüfatının, heyvandarlığın, arıçılığın və s. məsələlərin inkişafı onu göstərir ki, bu planlar artıq reallaşma mərhələsinə keçib. İkinci, çox vacib bir məsələ ondan ibarətdir ki, Ermənistanın provokasiyaları, intriqaları, hansısa gərginlik yaratmaq cəhdləri - hamısı boşdur. Azərbaycan elə bir reallıq yaradıb ki, heç kim heç vaxt heç bir qüvvə ilə dəyişdirə bilməz. Biz bir daha Azərbaycanın iqtisadi potensialını, yaratmaq, qurmaq və reallığı dəyişdirmək gücünü gördük. Həmin qüdrətin nəticəsidir ki, qısa müddət ərzində bu qədər işlər görüldü. Bunlar hamısı onu göstərir ki, imkanımız da, qüdrətimiz də, gücümüz də var, inamımız da yüksəkdir. Heç bir şər qüvvə bunu sındıra bilməz".

Bu il Xarı bülbül Musiqi Festivalı ilə musiqimizin Qarabağa böyük qayıdışını gördük. Yaxın illərdə isə soydaşlarımız, vətəndaşlarımız qayıdacaq. Qurub yaradan əllərimiz var olduqca, bu xalq daha böyük missiyaların öhdəsindən gələcək.

Rəsmi məlumatlara əsasən bu il Azərbaycan işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsində nəzərdə tutulmuş 2,2 milyard manat vəsaitin 16,9%-dən və yaxud 372,1 milyon manatından istifadə edib. Bu o deməkdir ki, görüləcək işlər qabaqdadır.

Artıq Kəlbəcər və Laçına arıçılar, tərəkəmələr qayıdıb. Onlar Böyük Qayıdışın ilk müjdəçiləridir. Gələn ildən sonra isə biz insanların köçünü – 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacağını görəcəyik. İndi zaman bizim xeyrimizə işləyir.

Tural Turan

Yazı Azərbaycanın Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm