İran ayətullahına SƏRT CAVAB: O zaman şir və şirin quyruğu harada idi? - VİDEO
Bizi izləyin

Nida Təhlil

İran ayətullahına SƏRT CAVAB: O zaman şir və şirin quyruğu harada idi? - VİDEO

Video əlavə olunub.

***

Mən dəfələrlə İran prezidentinə, bu ölkədə din adına fəaliyyət göstərən İslam böyüklərinə, İranın Ali dini liderinə Qarabağ Seyid Ocaqları adından etiraz müraciəti etmişəm. Bu gün də təmsil etdiyim Azərbaycanın yüz minlərlə vətəninə, dövlətinə, bayrağına bağlı əhli-beyt sevərləri adına İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulininin Azərbaycanla bağlı söylədiyi təhdidləri qınayır, bunu hiddət və qəzəblə qarşılayırıq.

Bu sözləri Publika.az-a Azərbaycanda əhli-beyt sevərlərin hər zaman sözünü deyən, şəcərəsi, əməli bəlli əhli-beyt mənsubu olan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulini Azərbaycanı təhdid edərək “şirin quyruğu ilə oynamayın” deməsi və təhdid dolu çıxışı haqda danışarkən deyib.

C.Əzimbəyli Amulininin bu çıxışını Azərbaycanla müsəlman ölkəsi olan İranın qonşuluq münasibətlərinin pozulmasına yönəlik təxribat adlandırıb. Onun sözlərinə görə, İranın aidiyyəti dövlət orqanları bu məsələnin üzərinə mütləq getməlidir:

“Ancaq Seyid Həsən Amulini Azərbaycan müsəlmanlarının heysiyyatına toxunan bu cür çıxışı ilə xalqın nifrət və qəzəbini qazanmaqdadır. 30 ilə yaxın idi ki, Azərbaycan torpaqları qəsbkar kafirlər tərəfindən işğala məruz qaldıqda onun özünün də əhli-beyt təəssübkeşliyi ilə iddia etdiyi İslam və din adına danışdığı əhli-beyt sevərlər yurdu olan qədim Şuşamız başda olmaqla, bütün tarixi məscidlərimiz, əhli-beyt mənsublarımızın uyuduğu müqəddəs seyid ocaqları ermənilər tərəfindən murdarlanırdi, məscidlərimizdə donuzlar bəslənirdi. Bəs o zaman şir və şirin quyruğu harada idi?! Xocalı sakinləri, körpələri qətlə yetiriləndə, soyqırımı törədiləndə şir və şirin quyruğu harada idi?! Hər andları Seyid Lazım Ağanın cəddi haqqı, hər andları mənim babalarımın cədlərinə olan İmam Hüseyn haqqı, Həzrət Hüseyn haqqı, Həzrət Abbas haqqı olan Ağdamımızın cümə məscidində ermənilər donuz bəsləyəndə, oranı ayaq yolu kimi istifadə edəndə, təhqir edəndə şirin quyruğu harada idi?! Xocalıda qətlə yetirilənlərin andı İmam Hüseyn haqqı idi. Qarabağda qətlə yetirilən dinc əhalimizin və kəlbəcərli balaca Zəhramızın andı da İmam Hüseyn idi. Həsənqayada qətlə yetirilən bizim mənəvi qızımız 14 yaşlı Turanə balamızın hər danışığında andı İmam Hüseyn idi. Bəs Həsən Amulini onların haqqına girmirmi?! İranda bu cür təxribatçı din adına, peyğəmbər və əhli-beyt sevərlər adına çıxış edənlərin susdurulması, durdurulması gecikir. Azərbaycanın haqlı qələbəsindən sonra Seyid Həsən Amulini və onun kimi düşünənlər şükran xütbələri oxuyaraq Azərbaycan ordusunu önə çəkməli idilər. Onlar Azərbaycanın yanında olmalı idilər”.

Seyid Camal Əzimbəyli vurğulayıb ki, Türkiyə, Pakistan və Azərbaycan birgə hərbi təlimləri keçirilən zaman bu qardaşlıq sırasında öz əməlləri ilə haqq edərək İran da dayanmalı idi. Ancaq onlar əks addımlar atmağa davam edirlər: “Əsrlərdir Azərbaycan xalqının and yerinə çevrilən, ölkəmizdə peyğəmbər və əhli-beyt irsinin yaşadılması uğrunda canını, qanını qoyan, hələ sovetlər dönəmində, 100 il öncə babaları İmam Hüseyn sevdalısı, o şəcərədən gəldikləri, o dəyərləri təbliğ etdiyi üçün həbs olunan, güllənən bir soyun daşıyıcısı olaraq bu kimi məsələlərdə barışmaz mövqe bildirirək, Azərbaycan dövlətinin mövqeyinin haqlı olduğunu bir daha bəyan edərək Arazın o tayından bizə təhdid dolu bu cür çıxışları yüz minlərlə əhli-beyt sevərlər adına qəzəb və nifrətlə qarşıladığımızı bildirirəm. Azərbaycan dünyəvi ölkə olsa da, bunu bir daha bəyan edirəm ki, elə həqiqi peyğəmbər və əhli-beyt irsinin təbliğinin və mühafizəsinin himayəçisi Azərbaycan dövləti və dövlətimizin başçısı Qarabağın fatehi İlham Əliyev cənablarının şəxsən özüdür. Azərbaycan əhli-beyt sevərləri də bunu bu cür təqdir edirlər”.

Açıq şəkildə bəyan edirəm ki, bu cür təhdidlər davam edərsə, Azərbaycanın mənəvi mühitində yüz minlərlə əhli-beyt sevərlərin İranın bu cür təxribatlarına qarşı mövqeyini görəcəklər. Mən xüsusi olaraq İranda fəaliyyət göstərən Azərbaycanın haqlı, ədalətli mövqeyini müdafiə edən şəxslərə səslənirəm ki, səslərini çıxarsınlar. Bu cür adamların susdurulması üçün mövqe sərgiləsinlər. Azərbaycanda hər gün şəhid ailələri ilə şəkil çəkdirən, amma bu məsələdə susan əhli-beyt adına iddia edən şəxslərə bildirmək istəyirəm ki, ziyarət etdikləri o şəhidlər imana silah kimi sarılan Azərbaycan ordusunun aslanlarıdır. O şəhidlərin ruhları qarşısında onlar cavabdehdirlər və məsuliyyət daşıyırlar. Həsən Amulini kimi çıxış edən şəxslər ən azı sussunlar. Əgər susmurlarsa, müsəlman təəssübkeşliyi ilə bir neçə gün öncə BMT-nin yüksək tribunasından Azərbaycanın haqlı mövqeyini bütün dünyaya car çəkən, müdafiə edən qardaş Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğandan nümunə götürsünlər”.

C.Əzimbəyli əlavə edib ki, ölkəmizin əhli-beyt sevərləri üçün hər şeydən öncə Azərbaycanın milli və dövlət maraqlarıdır: “Çünki imana silah kimi sarılan Azərbaycan Ordusunun əsgərləri İmam Hüseyn məktəbindən dərs alaraq Suriyada, İraqda deyil, öz torpaqları uğrunda şəhid oldular. Seyid Həsən Amulininin çıxışı o şəhidlərimizin haqqına qarşı təcavüzdür”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm