İlham Əliyev - Azərbaycanın Böyük Zəfərinin Memarı
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev - Azərbaycanın Böyük Zəfərinin Memarı

Prezident İlham Əliyevin məhz Azərbaycan Respublikasının, özünün də söylədiyi kimi, hər bir vətəndaşın prezidenti olması Vətən müharibəsində həlledici məqama malik idi. Onun həm hərb sahəsində, həm də masa arxasında həyata keçirdiyi siyasət, mətbuatın, jurnalistikanın öhdəliklərini öz üzərinə götürmüş olması, 44 gün ərzində həm də informasiya və ideoloji müharibənin başında gəlməsi bizi bu zəfərə götürdü.

Bu sözləri Publika.az-a müsahibəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva deyib.

Müsahibəni təqdim edirik:

- Bu gün Azərbaycan xalqı Zəfər Gününü qeyd edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun gücü, xalqımızın birliyi sayəsində 30 ildən sonra qələbəni daddıq. Jalə xanım, Qarabağ zəfərinin birinci ilini qeyd edən qalib vətəndaş kimi duyğularınızı öyrənmək istərdik.

- Zəfər Günü münasibətilə başda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz bu gün sözlə ifadə edilməsi mümkün olmayan möhtəşəm duyğular içərisindəyik. Bu gün bizim haqq səsimizin dünyaya yayıldığı gündür, Zəfər Günümüzü qeyd edirik. Bir ildir ki, artıq öz torpaqlarımızın, bütöv Azərbaycanın əsl sahibləri kimi dünyada olan mövqelərimizi daha da möhkəmləndiririk. Bu zəfərin əhəmiyyəti və möhtəşəmliyi o qədər böyükdür ki, onun haqqında saatlarla danışmaq olar. İlk növbədə zəfəri bizə yaşadan insanlara borcluyuq. Qanı, canı bahasına qələbəmizi təmin edən müqəddəs şəhidlərimizin ruhları qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı diləyirik. İgid qazilərimizin hər zaman yanlarındayıq. Azərbaycan Ordusu böyük ordudur. Bizim xalq, ordumuz çox güclüdür. Bu günün əzəmətini bizə yaşatdığına görə Prezidentimizə borcluyuq. Möhtəşəm qələbə üçün Ali Baş Komandanımıza təşəkkür edirik.

- Qarabağ zəfərinin əldə olunmasında Prezident İlham Əliyevin yürütdüyü siyasətin nə kimi rolu oldu?

- Biz 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya gücümüzlə yanaşı, birlik və bərabərliyimizi də nümayiş etdirdik. Eyni zamanda bir liderin, dövlət rəhbərinin böyük əzmkarlığını, güclü iradəsini, artıq bir aforizmə çevrilən “Dəmir yumruq” siyasətini və onun qüdrətini göstərdik. Bu siyasətin arxasında xalq və dövlət birliyinin dayandığını bütün dünya görmüş oldu. Təsadüfü deyil ki, dünyanın hərbi ekspertləri, siyasət adamları, hətta Azərbaycan həqiqətlərini görmək istəməyən ölkələrin hərbi jurnalistləri həmin günlərdə etiraf etmək məcburiyyətində qalırdılar ki, Azərbaycan o günə qədər bütün dünyada mövcud olmayan hərbi strategiya həyata keçirir. Bu taktikanın, siyasətin başında Ali Baş Komandanımız dayanırdı. Ondan anbaan düzgün əmr və göstərişləri alan ordu dayanırdı. Əlbəttə ki, cənab Prezidentin məhz Azərbaycan Respublikasının, özünün də söylədiyi kimi, hər bir vətəndaşın prezidenti olması həlledici məqama malik idi. Onun həm hərb sahəsində, həm də masa arxasında həyata keçirdiyi siyasət, mətbuatın, jurnalistikanın öhdəliklərini öz üzərinə götürmüş olması, 44 gün ərzində həm də informasiya və ideoloji müharibənin başında gəlməsi bizi bu zəfərə götürdü. Mümkün olmayanı mümkün edə bildik. Biz elə bir siyasət həyata keçirdik, möhtəşəm qələbə əldə etdik ki, bu, dünyaya dərs oldu. Prezidentin uğurlu siyasətinin qarşısında heç bir qüvvə dayana bilməzdi.

- Müharibə dövründə informasiya müstəvisində dövlət başçısının fəaliyyətinə toxundunuz. Bu cəbhədə savaşı necə qiymətləndirirsiniz? Dünyaya lazımi mesajı ötürə bildikmi?

- Ölkə rəhbərinin ard-arda dünya mediasının qarşısına çıxaraq müsahibələr verməsi demək olar ki, müharibənin hər dəqiqəsi haqqında təfsilatlı şərhlər verməsi savaşın uğurla başa çatmasına səbəb oldu. İlk gündən etibarən düzgün istiqamət götürülmüşdü, Azərbaycan vətəndaşı müharibəyə hazırlıq vəziyyətində idi. Buna da ölkə rəhbərinin çağırışları, xalqına, dünyaya durmadan etdiyi müraciətlər sayəsində nail olmaq mümkün olmuşdu. Həmin günlərdə təpədən dırnağa, böyükdən kiçiyə, qocadan gəncə hər bir kəs döyüş meydanına atılmağa hazır idi. Kimliyindən asılı olmayaraq hər kəs Qarabağa can atırdı.

- Prezident-xalq-ordu birliyi də qələbəmizdə mühüm rol oynadı.

- Bəli, bu amil artıq hər birimizin həyat sloqanına çevrilib. Hər birimiz bu birliyin və bərabərliyin nə qədər əhəmiyyətli olduğunu bir il öncə əməli şəkildə gördük. Ölkə başçısının bir çağırışı ilə səfərbər olan Azərbaycan xalqını, ordusunu gördük. Bu səfərbərlik öz dövlətinin, dövlət başçısının ətrafında idi. Həmin günlərdə mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün partiyaları dövlətin və dövlətçiliyin yanında idilər. Azərbaycanda mövcud olan 52 siyasi partiyadan 51-nin Prezidentə, xalqa müraciət etməsi, dövlətin və xalqın yanında olmaq əzmini nümayiş etdirməsi qələbəni şərtləndirən cəhətlərdən biri idi. Bütün bunlar çox əhəmiyyətli məqamlardır və ölkədə illərdən bəri həyata keçirilən uğurlu siyasətin, atılan doğru addımların bəhrəsidir ki, biz bu gün onun məhsulunu doya-doya dadırıq. Bu, çox vacibdir. Bir ölkəni ayaq üstə tutan onun dövləti, ordusu və xalqıdır. Bu üç tandemin bir araya gəlmiş olması, bu üç amilin bir məqsəd, dövlət və vətənin birliyi, ölkəsinin təhlükəsizliyi üçün bir yerə gəlmiş olması bizim əldə etdiyimiz ən böyük uğurumuzdur. Biz həm də necə bir ölkə, necə xalq və necə dövlət olduğumuzu və necələrin hər birinin arxasında gücümüzün, qüvvəmizin, həmrəylimizin, bərabərliyimizin durduğunu bütün dünyaya nümayiş etdirə bildik. Ölkə Prezidentinin həmin günlərdə ard-arda verdiyi açıqlamalar, xalqa etdiyi müraciətlər, hər an, hər dəqiqə əsgərinin, ordusunun yanında olduğunu ifadə etməsi hərbçilərimizə böyük ruh yüksəkliyi verirdi. Hər kəs özünü bir döyüşçü, əsgər kimi görürdü. Bütün bunların sayəsində Azərbaycanın həyata keçirdiyi düzgün taktika və strategiya nəticəsində biz böyük zəfərimizi, qələbəmizi əldə etdik.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm