Ukraynada “mövqe müharibəsi” başlayır: geosiyasi hədəfə doğru - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Ukraynada “mövqe müharibəsi” başlayır: geosiyasi hədəfə doğru - TƏHLİL

Ukrayna cəbhəsi tədricən aktiv döyüşlərdən “mövqe müharibəsi” mərhələsinə keçir və bu ssenarinin ön plana çıxmasının yeganə səbəbi Rusiyanın Donbası işğal etmək, burada möhkəmlənmək planı da deyil;

- Enerji böhranından sonra ərzaq böhranı təhlükəsi artır;
- Qərbdə “müharibənin necə bitməsi” haqda fikir ayrılığı dərinləşir;

Taxıl böhranının qarşısını almaq məqsədilə Türkiyənin Rusiya-Ukrayna arasında yeni masanı formalaşdırmasında Qərb də maraqlıdır və istisna deyil ki, Ankaranın bu təşəbbüsündə onların da payı var. Əvəzində ruslara nə veriləcək? Moskvanın istəyi sanksiyaların ləğvi, ən azı yumşaldılmasıdır və taxıl böhranının həlli masada müzakirə edilirsə, Rusiyadan müəyyən razılıq açıqlamaları gəlirsə, bu, kulis danışıqlarının görünənlərdən fərqli olduğunu deməyə əsas verir. Bunun fonunda müharibənin necə bitəcəyi fikri Qərbi iki cəbhəyə parçalayıb: Ukraynanı sona qədər dəstəkləyənlər və Rusiyaya güzəşt gedilməsinin vacibliyini irəli sürənlər;

Birincilər ikinciləri, xüsusilə Fransa və Almaniyanı tənqid etsə də, real vəziyyət birinci cəbhəyə rəhbərlik edən ABŞ-ı “böhranı həll etməyə” sövq edir: Vaşinqton “Rusiya təhlükəsi” ilə çətiri altına yenidən topladığı Avropanı düşdüyü böhrandan xilas etməlidir, hərçənd, zamanın uzanması birləşdirmək istədiyi müttəfiqlər arasında parçalanma vəziyyətini dərinləşdirir, Berlin və Parisin mövqeyini gücləndirir; lakin dəstək verdiyi Ukraynanı da “güzəştə” məcbur edə bilməz;

“Mövqe müharibəsi” yeganə çıxış yolu kimi görünür:

- Rusiya Donbasın işğalını başa çatdırdıqdan sonra davamlı toqquşmanın yaşanacağı təmas xəttini formalaşdırır;
- ABŞ Ukraynaya siyasi və hərbi dəstəyini davam etdirir, zamanla tərəflər danışıqlar masasında da müzakirələr aparır;
- Rusiyaya qarşı sanksiyalar yumşaldılır, yaxud müəyyən “çıxış yolları” (neftin daha aşağı qiymətə alınması və s.) tapılır;

ABŞ Ukraynanı “satmır”, Avropanı “böhranın cənginə tərk etmir”, Rusiya ilə “döyüşü davam etdirir”. Hadisələrin mümkün inkişafı belə görünür.

Və Kissincerin Davosdakı məlum və məşhur çağırışı nə qoca kişinin sayıqlaması, nə də Putinin lobbiçiliyini etmək yox, “radikal qərar”ın strateji nəhəngin dili ilə gündəmə gətirməklə “ağlabatan”a çevrilməsi, “yeganə çıxış yolu” rəyinin yaradılması gedişi idi. Kissincerdən sonra artıq Qərb liderləri daha açıq şəkildə danışırlar, hətta “Ukraynanı sona qədər dəstəkləyənlər” belə...

Sonradan Ağ Ev təkzib etməyə çalışsa da Bayden “Sülh üçün Ukrayna Rusiyaya torpaq verməlidirmi” sualına cavabında “Qərarı Ukrayna verməlidi, lakin sülh üçün torpaq məsələsində gezəştə gedib masaya əyləşməsi lazım ola bilər” açıqlamasını verdi;

Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi “açıq danışmaq lazımdır, bu mövqe müharibəsinə çevriləndə - ki belə də olacaq - Ukrayananı öz şərtləri ilə əks-hücum əməliyyatı keçirməyə hazır olması üçün yenidən silahlandırmaq lazım gələcək” deyir;

Zelenskinin hərbçilərin həyatının qiymətli olması haqda dedikləri, “yaşayan ukraynalıların olmadığı bu ərazilər bizim üçün prioritet deyil” sözləri də “mövqe müharibəsi”nə hazırlığın anonsu hesab edilə bilər və rəsmi Kiyevin məqsədi ictimai rəyi yeni vəziyyətə hazırlamaq kimi görünür;

“Mövqe müharibəsi” dünyanın Baydenin “azad dünya və tiranlıq” adlandırdığı iki cəbhəyə bölünməsinin - Ukrayna müharibəsinin geosiyasi hədəfi budur - başlanğıcı ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm