Böyük Zəfərin başlanğıcı, 30 illik həsrətin sonu - Mərdlik və fədakarlıq nümunəsi
Bizi izləyin

Nida Təhlil

Böyük Zəfərin başlanğıcı, 30 illik həsrətin sonu - Mərdlik və fədakarlıq nümunəsi

Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

Bu gün doğma Qarabağımızın hər qarışı bizim üçün Vətəndir, Azərbaycandır. Çünki torpaqlarımızın işğalı ilə barışmayan, illərlə qisas hissi ilə yaşayan minlərlə igidlərimiz bütöv Azərbaycan üçün Vətənin müdafiəsinə yollandılar, Qarabağı illərin əsarətindən xilas etdilər. Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan ərənlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Qarabağın azadlıq dastanını! 44 günlük haqq savaşımızda elə qəhrəman, qorxmaz, mərd oğullar şəhid oldu ki, onların həyat hekayələrini dinlədikcə, döyüş yoluna nəzər saldıqca qürur duymaya bilmirsən.

Vətən sevgisi təsadüfi bir hiss deyil. Bu, illərin, xarakterin, tərbiyənin və igidliyin məhsuludur. Vətənpərvərlik həm də mərdlikdir, elə bir hünər ki, şəhid olan generalının qisasını almaq üçün müharibənin başlamasını, düşməni məhv edib torpaqlarımızı azad edəcəyi günü səbirsizliklə gözləmək, bu şərəfli yolda şəhid olmaqdır...

Vətən üçün canınında keçmək, sinəni onun yolunda sipər etmək təkcə hünər, mərdlik işi deyil, bunun üçün həm də Vətəni sevən böyük ürək lazımdır. Qarabağımızı o böyük ürəyə sahib ər qeyrətli, tarix yazan minlərlə qəhrəman oğullarımız azad etdi.

Hər şey Tovuzdan başladı…

Hər şey 2 il öncə Tovuzdan başladı. Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı…

Bu gün Böyük Zəfərə gedən yolun başlanğıcı olan Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhadət zirvəsinə ucalan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və daha beş hərbi qulluqçumuzun şəhid olmasının ildönümüdür. Onlar müdafiənin ön xəttində qəhrəmancasına şəhid oldular.

2020-ci il iyulun 12-də Ermənistan ordusunun təmas xəttindən xeyli uzaqda yerləşən, böyük strateji əhəmiyyətə malik Tovuz rayonu istiqamətində təxribatlar törətməsilə iyulun 17-nə qədər davam edən döyüşlər start götürdü. Təxribatların nəticəsi olaraq Azərbaycan Ordusu tərəfindən Ermənistan qüvvələrinin atəş nöqtələri, eləcə də yüzlərlə canlı qüvvəsi məhv edildi. Lakin təəssüflər olsun ki, erməni təxribatı nəticəsində general-mayor Polad Həşimov da daxil olmaqla 12 hərbi qulluqçumuz və 1 dinc sakin həyatını itirdi. Tovuz döyüşlərinin hərbi-strateji baxımdan əhəmiyyəti isə xeyli böyük idi.

Tovuzdan Qarabağa uzanan Zəfər Yolu

Tovuzdan Qarabağa böyük bir qələbə yolu uzandı. 2020-ci ilin iyulun 12-də düşmən təxribatında vətən torpağı uğrunda canını qurban verən qəhrəmanlar öz şəhadətləri ilə bu yola işıq saldılar. Hər şey onların nəfəsinin bitdiyi yerdə başladı! Heç kəsin ağlına gəlməzdi ki, Tovuz döyüşləri əslində böyük qələbəyə aparan hadisənin başlanğıcıdır. Generalın, polkovnikin və digər hərbçilərin şəhid olması Azərbaycan xalqı üçün son damla oldu. Bakıda və digər rayonlarımızda minlərlə vətəndaşlarımız küçələrə axışdı. İntiqam hissi ilə coşan xalq aksiyadan bir gün sonra hərbi komissarlıqlara üz tutdu, müharibəyə getmək üçün könüllü olaraq adını yazdırdı.

Azərbaycan Polad kimi neçə-neçə oğul qurban verdi, amma sınmadı, haqq yolundan dönmədi, bir addım belə geri çəkilmədi, torpaqlarını işğaldan azad edəcəyinə inamını bir an belə itirmədi. Xalqımız öz əzmini, ruhunu ortaya qoydu və nəticədə bu inam, bu iradə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib gəldik.

Tovuz döyüşlərində şəhid olan Polad və silahdaşları qəhrəmanlıq, qələbə simvoluna çevrildilər. Azərbaycan xalqının döyüş, qələbə ruhu general Həşimov və döyüşçü yoldaşlarının şəhid olması ilə ən yüksək həddə çatdı. Tovuzda düşmənin təxribatı ilə başlayan döyüşlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən sentyabrın 27-dən noyabrın 10-dək aparılan təkrarsız, bütün dünyanı heyrətə gətirən hərbi əməliyyatlarla 44 gün ərzində Qarabağda qələbə ilə yekunlaşdı. Polad Həşimovu, İlqar Mirzəyevi və daha neçə-neçə qəhrəmanı özünə örnək bilən minlərlə Azərbaycan oğlu 44 günlük müharibədə canından keçdi, şəhidlik zirvəsinə yüksəldi, torpaqlarımızı düşməndən azad etdi.

Gözlərində Azərbaycan, baxışında Vətən olan igidlər!

Gözlərində Azərbaycan, baxışında Vətən olan mərd oğullarımız düşmənə heç vaxt unutmayacaqları bir dərs verdilər. Vətənimizin qəhrəman oğulları 30 ildir həsrətində olduğumuz torpaqlarımızın hər qarışını əsarətdən azad etdikcə sevinirdik, illərdir bu anı gözləyən 10 milyon ürək sevincdən az qaldı yerindən çıxsın, qürurdan ürəyimizin döyüntüləri də artırdı, ancaq hər gün neçə ürəyin buna görə döyüntüsü kəsildi. Yüzlərlə can, arzu, torpaq oldu, onlar mərdlik nümayiş etdirib, tarix yazdılar, şəhid oldular. Qarabağ boyda igidlər başlarını əymədən, gülərək, oxuyaraq, bir-birlərini ruhlandırıb Vətəni səsləyərək mərdcəsinə yeridilər ölümün üstünə. Əlində silah, dilində vətən nəğməsi, ürəyində Azərbaycanı deyib getdilər əsirlikdə qalan Vətəni xilas etməyə. Hər biri tarix yazdı, hələ yüz illər oxunacaq, danışılacaq tarix…

Kamerası ilə erməni vandalizminin üzünə baxan, düşmənlə kamerası ilə savaşan həmkarım Sirac Abışov 4 iyunda Susuzluqda əbədi susdu. 27 sentyabrdan qaynar nöqtələrdə çəkilişlərdə olan digər həmkarım Məhərrəm İbrahimov isə dağıdılmış mədəniyyət abidələrini arxivləşdirərək ürəyimizin, yaddaşımızın ən zəngin arxivinə köçdü.

Vətəni ölümün pəncəsindən alıb öz canı ilə dəyişən Lələtəpə fatehi Şükür Həmidovlar, ölümü ilə bütün Azərbaycana səs salan, məlahətli ifası ürəkləri titrədən Xudayar Yusifzadələr, qızı Məryəmi bizlərə əmanət qoyub gedən Xalid Hassanlar Qarabağda dastana yazdı, qormazlığı, şücaəti, qəhrəmanlığı və Vətənə olan sonsuz məhəbbəti ilə milyonların qəlbində taxt qurdular.

Torpaqlarımızı illərin əsarətindən xilas edən, ümidlərimizi reallığa çevirən yüzlərlə mərd Azərbaycan oğlu əsirlikdə qalan Şuşaya, Zəngilana işıq oldular, əzmi və qorxmazlıqları ilə doğma Qarabağımıza səs saldılar, hər azad edilən torpaqlara dedilər ki, Vətən, oğulların gəlib, səni bağrına basmağa, səni xilas etməyə gəlib…

Şəhadətləri ilə milyonların ürəklərini fəth edən şəhidlərimizin qanı yerdə qalmadı, minlərlə Vətən oğulları onların qisasını aldı. Neçə-neçə oğullarımız qanı ilə vətən torpağını suladı, orada çiçək olub bitdi, bayraq olub dalğalandı, şəhid olub şəkillərlə evlərə, ürəklərə köçdü. Sinəsini Ağdama, Şuşaya, Kəlbəcərə gedən yolda sipər etdi. Onlar bizə Qarabağı verdi, ruhları isə vurulduğu dağlarda qaldı.

Mübariz, Fərid, Samid, Polad...

İndiyədək döyüş yolunu təqdim etdiyimiz oğullarımızın bu igidlərin qəhrəmanlığından ilham aldıqlarının, onları özlərinə nümunə seçdiklərinin şahidi oldum. Bu mübariz, qorxmaz, polad oğullar öz qəhrəmanlıqları, igidlikləri ilə böyük bir kütləni öz arxalarınca apardı. Neçə-neçə mübarizlər, poladlar üzə çıxdı, igidlik, şücaət nümayiş etdirdilər. Bu mərd oğullarımızın sayəsində Vətən müharibəsini zəfərlə başa vurduq. Torpaqlarımızı azad etmək ürəklərindəki Azərbaycan eşqi, bayraq sevgisi, uzun illər beyinlərinə hopan qisas hissi ilə silaha sarılan qəhrəmanlarımızın əsas amalına çevrildi. Yalnız bir məqsəd uğrunda irəlilədilər - qələbə qazanmaq, torpaqlarımızı düşmən əsirliyindən qurtarmaq! Bu savaşdan isə alnıaçıq, üzüağ çıxdılar, Qarabağ torpaqlarını qanları ilə suladılar, 30 illik yağı tapdağında qalan Vətənə ayaq basdılar...

30 ildir həsrətində olduğumuz, qovuşmaq üçün günləri iplə çəkdiyimiz doğma torpaqlarımızın bir qarışı da erməni əsarətində qalmadı. Vətənimizin mərd oğulları düşmənə qan uddurdu, 44 günlük Vətən savaşımızda böyük şücaət, qəhrəmanlıq nümayiş etdirdilər. Ordumuzun qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində biz Vətən müharibəsini zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan qəhrəman igidlərimiz haqq savaşımızda alnıaçıq, üzüağ çıxdılar. Vətənin dar günündə onun köməyinə yetişən minlərlə ərənlərimiz qanları ilə tarix yazdı, onlar həm də adlarını zəfər tariximizə yazdırdı.

Şərəf, mərdlik və fədakarlıq nümunəsi

Düşməni əzə-əzə, bu yolda öldü var, döndü yoxdur deyə-deyə irəliləyən, son damla qanına qədər döyüşən, qanayan yarasını sarıyıb Vətənin səsinə səs verən igidlərimiz 44 günlük haqq savaşımızda illərin həsrətinə son qoydu. Bu igidlər 30 ildir közə dönmüş gözləri Şuşaya doğru yol çəkən, qələbə xəbəri üçün səbirsizlənən, məğlub kimi gəzməyə məhkum olunmuş bir xalqın kimliyini, mənliyini özünə qaytardı. Yüzlərlə mərd, qorxmaz kapitanlar, zabit və əsgərlər düşməni əzib haqqımızı geri aldı.

Şəhidlərimiz gənc yaşlarında bənzərsiz bir ömür yaşadılar və onların ömrü bu məmləkətdə bütün insanlar üçün bənzərsiz örnək, əvəzsiz bir nümunə olacaq - namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi...

Vətənin azadlığı uğrunda savaşan, Zəfər yolunda canlarından keçən neçə-neçə Poladların, Mübarizlərin, İlqarların, Şükürlərin, Xəyalların, Xudayarların uğrunda savaşdıqları Qarabağımız azaddır və onların öpüb gözlərinin üstünə qoyduqları üçrəngli bayrağımız azad olunmuş Vətəndə dalğalanır.

Bizim hər ayının hansısa günü mütləq qara ilə haşiyələnmiş təqvimimizi dəyişdirən igidlərimiz, nur içində uyuyun! Mərd oğullarımızın sayəsində artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var - Zəfər günü!

Ruhunuz qarşısında baş əyirik, yurdumun ər qeyrətli, qanları ilə tarix yazan mərd oğulları!

Akqabay Mıradov

Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsinə təqdim edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm