Tofiq Abbasov: “Onlar indiyədək baxıb “hə” deyirdilər, ancaq bir iş görmürdülər”
Bizi izləyin

Nida Təhlil

Tofiq Abbasov: “Onlar indiyədək baxıb “hə” deyirdilər, ancaq bir iş görmürdülər”

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iyulun 18-də Bakıya səfərində əsas diqqət çəkən məqam Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bilirsiniz ki, memorandum “memory” sözündəndir. Yəni, yadda saxlamaq və əməl etmək. Azərbaycan hər hansı dövlətlə, hər hansı mərkəzlə münasibətlər saxlayırsa, ona çox böyük məsuliyyətlə yanaşır, çalışır ki, həqiqətən də yuxarıdan aşağı baxışlar olmasın, bərabərhüquqlu yanaşmalar olsun. Bu baxımdan mən elə başa düşürəm ki, biz artıq Avropa İttifaqı ilə bir-birimizə kifayət qədər yaxınlaşmışıq və bir-birimizin gözləntilərimizi, istəklərimizi bilirik.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 18-də Bakıya səfərini və imzalanan anlaşma memorandumunu şərh edən Tofiq Abbasov qeyd edib ki, biz Rusiya ilə Ukrayna arasında olan münaqişənin şahidiyik: “Biz görürük ki, Avropa artıq nə dərəcədə lərzəyə gəlib və qarşıdan qış gəlir. Qış mövsümü ilə bağlı Rusiya rəhbərləri bildirdilər ki, Avropanın heç bir təvəqqesi ola bilməz. Çünki Rusiya öz öhdəliklərini vaxtında yerinə yetirirdi, ancaq Avropa indi Rusiyaya sanksiyalar tətbiq edib, siz belə edirsinizsə, biz də öz öhdəliklərimizdən dönəcəyik. Ona görə də hazırda Avropada çox böyük təşviş yaranıb və alternativ enerji xətlərinin olması çox vacib bir məsələyə çevrilib. Ona görə də təsadüfi deyil Lyayen artıq Bakıya gəldi ki, bu sənədi imzalasın”.

Tofiq Abbasov deyib ki, Bakı vaxtilə bu məsələ ilə bağlı öz münasibətini bildirirdi. Deyirdi ki, alternativlər olmalıdır, gəlin, enerji xətlərini diversifikasiya edək, şaxələndirək: “Onlar isə baxıb “hə” deyirdilər, ancaq bir iş görmürdülər. Onlar artıq görürlər ki, Cənub Qaz Dəhlizi həqiqətən də xilaskar rolunu oynaya biləcək bir marşrutdur və onun Avropa qitəsinə böyük faydası var. Belə başa düşürəm ki, burada Azərbaycan dövləti ilk növbədə həm geosiyasi, həm geoiqtisadi baxımdan proseslərin önündə gedir. Yəni, onların arxasınca yox, önündə getməklə artıq yeni dəbləri bərqərar edir və göstərir ki, o, uzağı görə bilir. Qarşıdan gələn çağırışlar, təhdidlər, risklər, təhlükələr var. Onların hamısının qarşısı alınmalıdır. Çünki onların qarşısı alınmazsa, insanlar inciyəcəklər, xalqların, dövlətlərin arasında böyük maneələr yaranacaq. Bu baxımdan düşünürəm ki, dünən imzalanan memorandum ilk növbədə hər iki tərəfə lazımdır. Bizim üçün lazımdır ki, biz milli iqtisadiyyatımızı gücləndiririk, ixrac potensialımız qalxmalıdır, ancaq bizimlə bərabər həm də istehsalçılar qazanc, istehlakçılar qaz əldə edirlər. Anlayırlar ki, Azərbaycan bu prosesdə böyük və həlledici rol oynayır. Artıq Azərbaycan dövləti öz üzərinə öhdəlik götürüb ki, ixrac olunan qazın həcmi tədricən artacaq. Bu, əlbəttə ki, Avropaya çox vacib bir töhfədir”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm