Kəlbəcərdən İrəvana 2 helikopter qadın ...aparılıbmı?
Bizi izləyin

Nida Təhlil

Kəlbəcərdən İrəvana 2 helikopter qadın ...aparılıbmı?

Bir müddətdir ki, sosial şəbəkələrdə 1993-cü il martın sonu, aprelin əvvəlində Kəlbəcərdə baş verdiyi iddia olunan bir hadisə barədə məlumat yayılır.

Publika.az-ın xəbərinə görə, yayılan məlumatda Birinci Qarabağ müharibəsində Kəlbəcərin mərkəzinə enən 2 helikopterdən bəhs edilir. Həmin helikopterlərin Gəncədən gəldiyi bildirilir. Helikopterlərə düşmənin əlinə keçməsinlər deyə əsasən gənc xanımlar mindirilib. Qeyd olunur ki, helikopterlər səmaya qalxandan sonra kəlbəcərlilər erməni hiyləsinə aldandıqlarını başa düşsələr də, artıq gec olub.

“Hər iki helikopter Azərbaycanın dövlət sərhədini keçib Ermənistana tərəf uçdu... Burada hətta “mən qızlarımı əlimlə ermənilərə əsir verdim” deyərək ov tüfəngi ilə özünü güllələyənlər də oldu... İllər keçəcək, amma həmin iki helikopterdəki qadınların taleyindən heç bir xəbər çıxmayacaq...”

Publika.az bu məlumatın haradan qaynaqlanması və nə dərəcədə doğru olub-olmaması barədə araşdırma aparıb. Məlum oldu ki, bu məlumat jurnalist Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabında öz əksini tapıb. Məlumat Kəlbəcər rayonunun İstibulaq kəndinin sakini Sarıtel Bahadır qızı Mayılovaya istinadən verilib.

İki gün ərzində Vüsalə Məmmədovaya davamlı olaraq zəng etsək də, o zənglərimizə cavab vermədi.

Sarıtel Mayılova: “Dediyim sözlərin üstündə dururam”

Sarıtel Mayılova bizimlə söhbətində bildirdi ki, kitabda dediyi sözləri təsdiq edir:

“O vaxt biz qaçqın düşəndə – martın 31-də səhər saat 8-dən getmişik. Bizi əvvəlcə vertolyota mindirdilər, sonra düşürdülər, vertolyot qalxmadı və s. Bu vaxt orda olan Telman adlı şəxs gəldi, avtomatı “zarajit” elədi, dedi nəyə görə gələn vertolyotları yoxlamırsınız? İki vertolyot qız-gəlini Yerevana apardılar. Mənim yanımda şahidlərim var. Bunu Telman dedi. Biz axşam saat 7-də min bir müsibətlə vertolyota minib, gəlib Yevlağa çatdıq. Gözümlə gördüyümü, eşitdiklərimi danışmışam. Başqa heç nə bilmirəm. Telman hərbçi idi, əynində hərbi forma, əlində avtomat var idi”.

Sarıtel Mayılovanın sözlərinə görə, o, həmin vaxt Kəlbəcər Rayon Maliyyə Şöbəsində mühasib işləyirdi:

“Jurnalist Vüsalə Məmmədova bura gəlmişdi, bizə sual verdi ki Kəlbəcərdən necə çıxmısınız? Mən də demişəm vertolyotla gəlmişik Yevlağa, ordan da Əyricə kəndinə, qardaşımgilə getmişik. O vaxt vəziyyət bu cür idi. Ana balanı, bala ananı tanımırdı. Çox çətin idi. Millət orada bir-birini basıb əzirdi, vertolyota minə bilmək üçün. Hamı köməksiz qalmışdı. Mən Vüsalə xanıma da belə demişəm. Mənim şahidlərim var. O vaxt yanımda olan, hazırda Bərdədə yaşayan qız-gəlin var. Gedib onlardan da müsahibə ala bilərsiniz. Soruşun ki, siz Kəlbəcərdən çıxanda Telman orda nə dedi? Dedimi ki, iki vertolyot qız-gəlin Yerevana getdi? Düzdür, heç kim o həyatı yaşamayıb, ona görə onlara inandırıcı gələ bilməz. Amma onu yaşayanların hamısı inanar ki, bu, həqiqətdir. Bu məsələ ilə bağlı başqa heç nə bilmirəm”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bu məsələnin özünün rəsmi təsdiqini tapmadığı bildirilidi.

Kəlbəcər RİH-nin rəsmisi: “Vertolyot qəzaya uğrayıb, içindəki adamlar həlak olub”

Kəlbəcər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov yayılan bu məlumatı heç bir əsası olmayan şayiə adlandırdı. Onun sözlərinə görə, vertolyotlarla Kəlbəcərdən çıxarılan əhalinin düşmənlə təmas xəttindən kənardakı ərazilərə təxliyəsi təmin olunub.

Hikmət Bağırov deyir ki, içi adamla dolu yalnız bir vertolyot düşmən atəşindən yayınmaq üçün dağların arası ilə Tərtər çayı istiqamətində getmək istəyib. Vertolyotda normadan artıq adam olduğu üçün ağırlıqdan uça bilməyib, qəzaya uğrayıb və içindəkilərin hamısı həlak olub: “Yəni, orada Kəlbəcər əhalisi ilə dolu heç bir vertolyot Ermənistana uçmayıb. Belə bir hadisə olmayıb”.

Əlövsət Ağalarov: “Mən bir kəlbəcərli kimi tam məsuliyyətlə bəyan edirəm ki...”

Milli Məclisin I çağırış (1995-2000-ci illər) Kəlbəcər seçki dairəsindən deputatı olmuş Əlövsət Ağalarov da bizə açıqlamasında bu məlumatın həqiqət olmadığını bildirdi. O qeyd etdi ki, bu məlumat şaiyələr əsasında yaranıb:

“Dediyiniz məlumat jurnalist Vüsalə Məmmədovanın kitabında gedib. Bu günlərdə onunla bu barədə danışdım. Dedi ki, təxminən 4-5 kəlbəcərli məcburi köçkünün bu barədə danışdığını nəzərə alaraq kitabında yazıb. Guya belə bir hadisə olub. Kəlbəcərlilərdən bir neçə nəfərin adını çəkdi, tanıdığım adamlardır. Onlar da deyir ki, kimlərdənsə eşidiblər. Yəni bu, sadəcə bir şaiyədir, zəncirvari yayılan şaiyə. Vüsalə xanım da deyir kitabımda yazmışam ki, araşdırdım, dövlət orqanları ilə danışdım. Öyrəndim ki, belə bir hadisə baş verməyib. Mən o kitabı oxumamışdım. İndi onun hüququdur da, kimsə deyib, o da nəsə yazmaq istəyib. Amma məsələ burasındadır ki, təsdiqini tapmayan məlumat kitaba salınmamalıdır. Bədii əsər, müəllifin təxəyyül məhsulu başqa məsələ. Kitab sənədlər, şahidlərin ifadələri əsasında yazılırsa, orada yalnız təsdiqini tapmış faktlar yer almalıdır. Bu məsələyə burada nöqtə qoyulmalıdır əslində. Mən bunu tam məsuliyyətlə, bir kəlbəcərli kimi deyirəm: o vaxt Kəlbəcərdən adamları vertolyotla çıxaran, onları yola salan şəxslərin təxminən yarısı ilə danışmışam. Nəinki dövlət qurumları, o zaman rayonda olan bütün kəlbəcərlilər şahiddir ki, belə bir hal olmayıb”.

Sabiq millət vəkili, əməkdar jurnalist Əlövsət Ağalarov

Əlövsət Ağalarov da İstibulaq kəndinin sakini Sarıtel Mayılova ilə telefon əlaqəsi saxladığını bildirib:

“Məsələ sosial şəbəkələrdə müzakirə edildiyinə görə, o xanımla da danışdım. Deyir ki, orda Telman var idi, kişilərin üstünə silah çəkdi ki, sizi qıracam, niyə iki vertolyot qız-gəlinin Ermənistana aparılmasına imkan vermisiniz?“

“Vəziyyət ağır, hamı emosional, əsəbi idi, o cümlədən Telman da...”

Bu şaiyənin hansı səbəbdən yayılması ilə bağlı sualımıza cavabında Əlövsət Ağalarov deyib: “Müharibə dövründə belə hallar olur. Şaiyələr baş alıb gedir. Evə bu günün özündə də hərdən görürsən ki, şaiyələr yayılır. Baxmayaraq ki, indi informasiya bolluğu var. O dövrdə isə informasiya qıtlığı hökm sürürdü. Əgər belə bir hadisə olsaydı, otuz ildə xalq, dövlət ən azı əsir aparılan vətəndaşlarımızım taleyi ilə maraqlanardı. Onların ailə üzvləri, yaxınları bu məsələni qaldırardı. Bu günədək nə qədər əsir və girov dəyişdirilib, onların da məsələsi gündəmə gələrdi. Gələn əsir və girovlar şahid kimi deyərdilər ki, belə bir hal olub. Qaytarılan əsir və girovların heç biri belə bir faktın olduğunu demir”.

Ə.Ağalarov bu şayiənin yayılmasında adı çəkilən Telman Binnətoğlu barədə də danışıb:

“Mən rəhmətlik Telman Binnətoğlunu tanıyırdım. Bir az əsəbi, çılğın adam idi. Onda vəziyyət ağır, hamı emosional, əsəbi idi. Ortada videolar var. Həmin videolarda da Telman əsəbidir, qışqırır. İcra başçısı İlham Həsənovu günahlandırır ki, qaçıb, ailəsini aparıb. Halbuki icra başçısı rayondan ən sonuncu çıxanlardan olub. Daha doğrusu, özü ən sonda çıxıb. Son dəqiqəyədək əlində silah vuruşub, orduya kömək edib. Telman rəhmətlik yaxşı döyüşçü, vətənpərvər, cəsur oğlan idi. Ermənilərin Zod tərəfdən Kəlbəcərə hücumlarının qarşısını Söyüdlü zastavası alırdı. Orada bacımın yoldaşı, onun qardaşı da var idi. O zastavada çox olmuşam, xeyli silah-sursat aparmışam. Bu vertolyot söhbətinin cəmiyyətdə müzakirə olunmasını istəmirəm. Sosial şəbəkələrdən görürəm ki, hamıda narahatlıq var. Bizə də irad bildirirlər ki, niyə indiyədək susmusuz? Deyirik belə bir hal olmayıb, absurddur. Bir əsirin, şəhidin haqqında dövlət, xalq, cəmiyyət düşünür. İki helikopter adam aparıla və buna hamı göz yuma, susa bilərmi? Belə bir şey ola bilməz və olmayıb”.

Məsələ ilə bağlı Kəlbəcərdə yerləşən aviameydançanın rəisi olmuş Telman Ələsgərovdan (Sabitli) da açıqlama aldıq. 74 yaşlı Telman Ələsgərov Kəlbəcərin işğalı ərəfəsində helikopterləri qarşılayıb yola salan şəxs olub. Müsahibimiz deyib:

“Əgər belə bir hadisə olsaydı, aparılan qız-gəlindən birinin bir yaxın adamı gəlib bunu deyərdi. Düzdürmü? Belə bir şikayət daxil olub? Olmayıb. Demək yalandır. Tamamilə uydurma və boş söhbətdir. Özü də iki vertolyotdan söhbət gedir. Hər vertolyotda 30 nəfər, bu, 60 nəfər edir. Məntiqlə indiyədək 60-dan ən azı iki nəfərin yaxını çıxıb onları axtarardı. Mən özüm axıradək – aprel ayının 3-dək orada olmuşam. Rabitəm vardı. Bu məlumatın yalan olduğunu sübut etmək çox asandır: 70 minə yaxın Kəlbəcərlidən heç kimin “mənim gəlinimi, ya qızımı girov götürüblər” şikayətini eşitməmişəm”.

Kəlbəcərdə yerləşən aviameydançanın rəisi Telman Ələsgərov (YouTube-dan kadr)

T.Ələsgərov 1993-cü ildə Kəlbəcərdə yerləşən aviameydançanın rəisi kimi Dövlət Mülki Aviasiya Administrasiyasına tabe olduğunu bildirib:

“Kəlbəcərdə o zaman nə aeroport, nə də aerodrom var idi. Tikdirmək istəyirdik, yarımçıq qaldı. Kəlbəcərdəki aviameydança idi. Oranın mühafizəsi yox idi, bir-iki nəfər polis gəlib yanımızda dururdu. Kömək edirdilər ki, camaat vertolyota minərkən basabas yaranmasın”.

Vəssalam. Bəzən belə də olur: havadan yaranan şayiə ayaq açıb yeriyir, dolaşır, məqamı çatanda “ömrünü” başa vurur. Necə deyərlər, əmrin, göstərişin haradan gəldiyinin fərqinə varmadan xeyli adam qaranlıq otaqda qara pişiyin axtarışına girişir. Sonda məlum olur ki, həmin qaranlıq otaqda pişik yox imiş, heç bineyi-qədimdən də olmayıb...

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm