“Hələ istifadəyə yararlıyıq” - Xainlər ağalarının gözünə girmək üçün nə etdi?
Bizi izləyin

Nida Təhlil

“Hələ istifadəyə yararlıyıq” - Xainlər ağalarının gözünə girmək üçün nə etdi?

İranın molla rejimi İslamda müqəddəs hesab edilən “cihad” anlayışını absurdlaşdıraraq, özünün siyasi-ideoloji məqsədlərinə alət edib. Hələ bu ilin mart ayında Xamneyi “informasiya cihadı” anlayışını ortaya atdı. Bu ifadə əvvəllər də gündəmə gətirilib, lakin indi aktullaşdırılması Tehran rejiminin informasiya sahəsindəki planlarından da xəbər verir. Xamneyinin açıqlamasından sonrakı müddətdə Azərbaycana qarşı başlanan və bu gün də davam edən total infotəxribatlar isə “informasiya cihadı”nın bizə qarşı da elan edildiyini təsqid edir.

Bu uydurma “cihad”da əsas fiqurlar İranda mollaların əmmaməsi altına sığınmış keçmiş Azərbaycan vətəndaşlarıdır: Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Bəxtiyar Məmmmədov, Əli Qumi və digərləri;

“Hüseyniyyun” qruplaşmasının üzvləri olan bu şəxslər silahlı təxribat planları ilə yanaşı, illərdir informasiya sektorunda da ayətullahların təbliğatını həyata keçirir. Qruplaşmanın dekabrın 3-də qondarma “Azərbaycanda müqavimət mediası” adı ilə keçirdikləri toplantı da yeni infotəxribatların hazırlanmasına hesablanıb.

Toplantıda “müqavimət mediasının keçdiyi yol”, “İslam inqilabı rəhbərinin nəzərində media mübarizəsi”, “axirət zamanında medianın rolu”, “düşmənlərin müqavimət mediasına qarşı mübarizəsi” kimi qondarma mövzular müzakirə olunub, Azərbaycana qarşı müxtəlif iddia və ittihamlar səsləndirilib.

Bu toplantının indi keçirilməsi təsadüfi deyil: İran Azərbaycanın ictimai rəyində ciddi şəkildə məğlub olur. Buna səbəb molla rejiminin 44 günlük müharibədən sonra Ermənistana açıq dəstək verməsi, bu ölkənin sərhədlərini “qırmızı xətt” elan etməsidir. Tehran respublikasının iç üzünün açılmasından sonra Azərbaycanda inanclı kəsimin böyük əksəriyyəti mollaların oyununu anladı.

“Hüseyniyyun” qruplaşması bu prosesdə ciddi problemlərlə üzləşib:

Birincisi, mollalar Azərbaycan ictimai rəyində aparılan təbliğatı bu qruplaşmaya həvalə etmişdi və hazırki vəziyyətə görə məsuliyyəti də onlar daşıyır;

İkincisi, qruplaşmanın üzvlərinin xain məqsədləri Azərbaycanda ifşa olunub, xüsusilə Dövlət Təhlükəsizlik Xidmətinin son əməliyyaatından sonra ictimaiyyət bu dəstənin din adı altında casusluqla məşğul olduğuna bir daha əmin oldu və bu, onların təbliğat imkanlarını ciddi şəkildə zəiflədir;

Qruplaşmanın qondarma adlarla keçirdiyi toplantısının məqsədi də molla rejiminə özlərinin “lazımlı” olduğunu göstərmək, Azərbaycana dair infortəxribat planlarında yenidən əsas paya sahib olmaqdır. Bu, onların İranda yaşamasına və ciddi qazanc əldə etməsinin mənbəyidir.

- “müqavimət mediasının keçdiyi yol”;
- “inqilab rəhbərinin nəzərində media mübarizəsi”;
- “axirət zamanında medianın rolu”;
- “düşmənlərin müqavimət mediasına qarşı mübarizəsi”;

Onlar bu tipli qondarma adlar altında müzakirələr aparmaqla “uzun yol keçdiklərini”, “ciddi nəticələr əldə etdiklərini” və bütün əsas fəaliyyətlərinin “Xamneyinin “informasiya cihadı”na söykəndiyini” göstərməyə çalışırlar.

Toplantıda Tohid İbrhimbəylinin “bizim fəaliyyətimiz Azərbaycanda narahatlıq yaradır”, “gizli şəkildə bizim “müqavimət mediamıza” dəstək verənlər var”, “təbliğatımız ağamızın yoludur” kimi iddiaları da məhz molla rejiminin gözündən düşməməyə hesablanıb.

Və sirr deyil ki, Azərbaycanda getmiş “azərbaycanlı” adına ləkə olan bu şəxslər ağalarının gözünə girmək üçün bütün xainlikləri etməyə hazırdırlar, əslində indiyə qədər əllərindən gələni ediblər də.

- Azərbaycanın İran tərəfindən işğal edilməsini dəstəkləyir və bu istiqamətdə açıq təbliğat aparırlar;
- Məlun Gülüstan və Türkmənçay müqavilələrini yanlış formada şərh edərək, Azərbaycanı İran ərazisi kimi təqdim edirlər;
- Azərbaycanın bütün tarixini İran tarixi adlandırırlar;

Hətta İranın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan, İslam dəyərlərini təhqir edən Ermənistana dəstəyinə belə haqq qazandırırlar. Çünki “azərbaycanlı” adını daşıyan bu şəxslər - Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Bəxtiyar Məmmmədov, Əli Qumi – ağaları olan ayətullahların quludur və onların gözünə girmək üçün Vətənlərini satıblar, bunu gizlətmirlər də.

Keçirdikləri “media toplantısı” fonunda daha bir həqiqət də ortaya çıxır: bu xainlər artıq ağalarına hər şeyləri ilə xidmət edib və indi görünür, satmağa bir şey qalmayanda ağalarından əvvəlki münasibəti görmürlər. Məhz belə bir toplantı keçirmək, mediaya aid olmayan absurd yarlıqlarla müzakirələrin təşkil etməklə ağalarına hələ də istifadəyə yararlı olduqlarını nümayiş etdirməyə çalışırlar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm