12 imam sizə qənim olsun... - İmansız İranın həyasızlığı
Bizi izləyin

Nida Təhlil

12 imam sizə qənim olsun... - İmansız İranın həyasızlığı

İmam Cəfər Sadiqin gözəl bir sözü var: “Həyası olmayanın imanı da yoxdur”.

İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına qarşı qəbul etdiyi qərar bir daha göstərdi ki, molla rejiminin imanı da, həyası da həyasızlıqdan başqa bir şey deyil.

Qərarda İsraildə səfirlik açmağımız pislənilir və qeyd olunur:

- Azərbaycanın bu hərəkəti onlara qarşı çoxlu mənfi siyasi nəticələrə səbəb olacaq.
- Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyindən bunu qınamalarını xahiş edirlər.
- İran Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərər\k, lazımi diplomatik tədbirləri görəcək.

Azərbaycana qarşı irəli sürülən ittihamları oxuduqca bir daha əminlik yaranır ki, İranın nə həyası, nə imanı var.

Birincisi, Azərbaycanın hansısa ölkədə səfirlik açması, diplomatik münasibətlər qurması beynəlxalq hüquqda təsbit edilmiş suveren hüququdur;
İkincisi, İsraildə səfirlik açan Azərbaycan Fələstinlə münasibətləri də bərabər səviyyədə davam etdirir, bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin BMT nizamnaməsinə uyğun həllindən yanadır: xarici işlər naziri Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi bunu bir daha təsdiqlədi;
Üçüncüsü, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 30 il ərzində İsraildə səfirlik açmadı. Ki, burada İranın mövqeyi də müəyyən mənada nəzərə alınırdı, Tehran rejimi isə bu 30 ildə Azərbaycan torpaqlarını işğal edən, Allahın evində donuz saxlayan, İslam irsini məhv edən Ermənistanı qucaqlamaqla məşğul olub;

Və bu gerçəkləri İranda da yaxşı bilirlər, amma qəbul etmək istəmədikləri, səfirlik məsələsini Azərbaycana qarşı ittiham irəli sürməkdə fürsətə çevirdikləri üçün həyasız şəkildə həqiqətləri təhrif edir, İslam dinini öz siyasətlərinin alətinə çevirir.

Sual yaranır: İranın dərdi doğrudan da Fələstindirsə, o zaman nə üçün İsraildə səfirliyi olan və bu ölkə ilə isti münasibətlər qurmaq üçün dəridən-qabıqdan çıxan Ermənistana irad bildirmir, əksinə ermənilərə siyasi, iqtisadi və hərbi müstəvidə hərtərəfli dəstək verir?

Cavab verə bilməzlər, çünki İran üçün məsələ Fələstin, yaxud İslam deyil, şovinist maraqlarıdır. Və İran parlamentinin qərarı göstərir ki, İslam dünyasını da Tehran rejimi şovinist maraqlarına alət etmək niyyətindədir. Guya, Azərbaycan Fələstinə qarşı İsraili dəstəkləyir. Hərçənd, rəsmi Bakı Fələstin-İsrail münaqişəsində beynəlxalq hüquqa uyğun olaraq, Fələstinin ərazi bütövlüyünü dəstəkləyir və İƏT-in, eləcə də müsəlman ölkələrinin bu münaqişə ilə bağlı qərarlarına qoşulub. Və bunu təkcə sözdə yox, əməldə də nümayiş etdirir: İsraildə səfirliyimizin açılış mərasiminə qatılan xarici işlər naziri Ceyhun Bayramovun bir gün sonra Fələstinə səfər etməsi də bunun əyani nümunəsidir;

İran isə Qarabağ münaqişəsinin mövcud olduğu müddətdə sözdə başqa, əməldə başqa cür hərəkət edib, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı onlarla qətnamə və qərarına biganə yanaşaraq, Ermənistanın işğalçılıq siyasətinə dəstək verib, bu gün də eyni siyasəti daha açıq və geniş formada davam etdirir.

İndi Tehran rejiminin yadına İslam həmrəyliyi düşüb, Azərbaycanı İslam dünyasına “şikayət etməyə”. Hazırlaşır. Halbuki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə Türkiyə, Pakistan va Səudiyyə Ərəbistan İslam həmrəyliyi nümayiş etdirərək, işğalçı ilə diplomatik əlaqələri dayandıranda işğalçıya ən çox dəstək verən ölkə idi İran. Cəmi 30 il öncə - 1990-cı illərdə Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, müsəlman azərbaycanlılara qarşı soyqırımılar törədəndə İran bizə saqqız, ermənilərə silah göndərirdi. Torpaqlarımız işğal ediləndən sonra İran mövcud status-kvonu qorumaq naminə Ermənistanı dəstəkləyirdi. Hətta Azərbaycanın işğal altındakı torpaqlarında separatçı-terrorçu rejimlə də əməkdaşlıq edir, qondarma rejimi de-fakto tanıyan addımlar atırdı: İran məmurlarının qondarma rejimlə siyasi-iqtisadi-mədəni əlaqələr qurması, işğal altında qalan ərazilərimizdəki sərvətlərin talanmasında iştirakı, separatçıları legitimləşdirmək məqsədilə verdiyi media dəstəyi və s. molla rejiminin gerçək üzüdür.

İşğal siyasətini davam etdirən Ermənistan 30 il ərzində təkcə Azərbaycana yox, həm də İslama qarşı addımlar atdı. İşğal altındakı ərazilərdəki bütün məscidlər talandı və dağıdıldı, Allahın evi donuz damına çevrilərək, təhqir edildi, İslam adına nə varsa hamısı məhv olundu. Bütün bunlar Qarabağı özünün qanunsuz əməlləri üçün “boz zona” kimi istifadə edən İranın gözü qarşısında baş verirdi. Amma dindən, imandan danışan molla rejimi İslamın məhv edilməsinə qarşı bir cümlə ilə belə olsun etiraz etmədi, əksinə, məscidlərin talanmasında birbaşa iştirak edir, ermənilərin müqəddəs məkanlar da daxil olmaqla Azərbaycan torpaqlarından əldə etdikləri “qənimət”lər üçün açıq bazar rolunu oynayırdı.

Bütün bunlar tarixi həqiqətlərdir. Azərbaycan öz torpaqlarını azad etmək uğrunda Vətən müharibəsinə başlayanda İran erməni sevgisini rəsmiləşdirməklə bu tarixi həqiqətləri də etiraf etmiş oldu. İran 44 gün ərzində işğalçı və İslam düşməni olan qardaşı Ermənistanın yanında oldu:

- Torpaqlarını işğaldan azad etmək, həm də bu torpaqlara İslamı qaytarmaq istəyən Azərbaycanı açıq şəkildə ittiham etdilər;
- Ermənistana həm siyasi, həm hərbi müstəvidə dəstək verdilər;
- Xudafərinin yanında xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdıraraq, Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda topladıqları məlumatları Ermənistanın Baş Qərargahına ötürürdülər;
- Ermənistana silah-sursat daşınmasında tranzit rolunu oynayırdılar;
- Döyüşlərin getdiyi vaxt Azərbaycan ərazisinə müdaxilə edərək, ordumuzun hərəkət sürətini azaltdılar və bununla işğalçı Ermənistan ordusuna vaxt qazanmaq, həm də daha çox əsgərimizi şəhid etmək şəraiti yaratdılar;


Tehran rejimi müharibədən sonra Ermənistana dəstəyini açıq və geniş şəkildə davam etdirir.

Siyasi dəstək: İran Ermənistanın sərhədlərini “qırmızı xətti” elan edib, regionda və beynəlxalq platformalarda ermənilərlə birlikdə hərəkət edir; Müsəlmanları qətlə yetirən Ermənistanın maraqları naminə müsəlman ölkəsi Azərbaycanı açıq şəkildə təhdid edir, sərhədlərimizə qoşun yığır;

Hərbi dəstək: 44 günlük müharibədə ağır itkilər verən Ermənistanın hərbi arsenalının təchizatını üzərinə götürür, artıq zərbə PUA-larını ermənilərə verib, raket və digər silahların verildiyi, yaxud veriləcəyi haqda məlumatlar var;

İnformasiya dəstəyi: Tehran rejimi bütün informasiya resursları ilə Ermənistanın maraqlarının müdafiəsini təşkil edir: bu dəstək həm Qarabağda separatçı-terrorçular, həm Zəngəzur dəhlizi, həm də sərhədin delimitasiyası məsələsində İravanın mövqeyinin dəstəklənməsindən ibarətdir, bun paralel olaraq, Azərbaycana qarşı total informasiya hücumu təşkil edilir, hətta ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı təhdidlər tirajlanır;

İqtisadi dəstək: torpaqlarımızı işğaldan azad edəndən sonra İrəvana iqtisadi dəstəyi açıq şəkildə davam etdirən molla rejimi separatçılara da “əmmamə altından” yardımlar göndərirdi: Xankəndinə yük daşıyan İran TIR-larının Azərbaycan tərəfindən aşkarlanmasına qədər bu belə davam etdi; fakt qarşısında qalan İran rejimi bu dəstəyi dayandırsa da, Ermənistana verdiyi iqtisadi dəstəklə həm də Qarabağdakı separatçıların bəslənilməsinə yardım edir;

Bununla yanaşı, Ermənistanla iqtisadi əməkdaşlıq genişləndirmək istiqamətində səylə çalışırlar:

- İranla Ermənistan arasında qaz və elektrik enerjisinin tədarükü haqqında saziş imzalayıb: bu, enerji problemi yaşayan rəsmi İrəvan üçün “nəfəslik” deməkdir;
- İran Ermənistanla ticarət dövriyyəsini 3 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir: qarşıdakı 3 il ərzində icra edilməsi planlaşdırılan bu hədəflə yanaşı, mal mübadiləsinin 5 milyona tona çatdırılması, maliyyə, bank və gömrük əlaqələrinin də inkişafı da nəzərdə tutulur;
- Yaxın müddətdə İrəvanda İranın 200 şirkətinin iştirakı ilə biznes mərkəzi fəaliyyətə başlayacaq;
- Son dövrlər İranla Ermənistan arasında işgüzar əlaqələrdə 43 faiz artım qeydə alınıb;

Faktlar təsdiq edir ki, molla rejimi üçün İslam siyasi alətdən başqa bir şey deyil, lazım olanda Fələstinə görə ağlayır, lazım olanda Ermənistanı qardaş kimi qucaqlayırlar.

Və I Qarabağ müharibəsində “Azərbaycana saqqız, Ermənistana silah”, II Qarabağ müharibəsində “Azərbaycana dua, Ermənistana PUA” siyasətini həyata keçirən İran hazırda “Ermənistana dəstək, Azərbaycan terror” siyasətini yürüdür.

Tehrandakı səfirliyimizə qarşı terror aktı törətdilər və terrorçunu məsuliyyətə cəlb etmədilər. Tehran rejiminin tapşırığı ilə Milli Məclisin üzvü Fazil Mustafaya qarşı təşkil edilən hücum isə İranın terror siyasətini Azərbaycan daxilinə köçürmək planından xəbər verir. Cənubdan edilən çağırışlar, İran mediasının təbliğat istiqamətləri və Tehran rejiminin sərgilədiyi mövqe də bunu deməyə əsas verir. Və həyasız şəkildə Azərbaycanın müstəqil siyasətindən İslam dünyasına şikayət edir.

Həya olmayanda iman olmadığı kimi, yalan da çox olur. Özünü İslam ölkəsi hesab edən, şiə dünyasının “ağası” kimi təqdim etməyə cəhd göstərən İranın bu qədər həyasız və imansızlığı qarşısında yalnız bir söz demək mümkündür: 12 imam sizə qənim olsun!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm