Molla rejiminin “Fələstin kartı” və bazarda satdığı İslam irsi
Bizi izləyin

Nida Təhlil

Molla rejiminin “Fələstin kartı” və bazarda satdığı İslam irsi

İran rejimi yenə sərhəd tanımayan təxəyyülünü işə salıb: Azərbaycanda missiyalarına uyğun fəaliyyət göstərməyən iranlı diplomatların “arzuolunmaz şəxs” elan edilərək, ölkədən çıxarılmasını Fələstin-İsrail münaqişəsinə bağlayıb, Bakıya “qonşuluq münasibətləri istiqamətində hərəkət etmək, “sionistlər” və region düşmənlərinin istəklərindən imtina etmək” çağırışı edib, əks təqdirdə, “diplomatik tədbirlər görəcəyi” ilə hədələyib, üstəlik, bütün bunları Fələstin məsələsi (?) fonunda gündəmə gətirib;

İranlı diplomatlar öz missiyalarına uyğun fəaliyyət göstərmədikləri üçün ölkədən çıxarılıb, bunun İsrailə, yaxud Fələstinə nə aidiyyəti var?!

Bir-biri ilə bağlantı qurmaq çətindir, bunu bacarmaq üçün yalnız molla rejiminin təxəyyülündən lazımdır. Ki, diplomatiya tarixini nə qədər araşdırsaq, belə bir siyasi yanaşmaya rast gəlmək mümkün deyil, təkcə bir-birinə aid olmayan məsələlərdən uydurma ssenarilər təşkil etdikləri üçün yox, həm də Fələstindən xəbərsiz Fələstin məsələsindən Azərbaycana qarşı istifadə edəcək qədər irəli getdikləri üçün.

- Azərbaycan İsraildə səfirlik açır, Fələstin dövləti kənarda qalıb, İran buna etiraz edir;
- Azərbaycan İran şəbəkəsinin neytrallaşdırılmasına qarşı addımları gücləndirir, Tehran rejimi bunu Fələstin-İsrail məsələsinə bağlayır;

"Nə diplomatiya elmi, nə də normal məntiq hələ bu qədər ələ salınmamışdı" desək, yerinə düşər.

Fələstin niyə İsraildə səfirlik açmağımıza etiraz etmir?

Birincisi, bu Azərbaycanın suveren hüququdur və buna hörmətlə yanaşırlar;
İkincisi, rəsmi Bakı İsraillə yanaşı, Fələstinlə də bərabər səviyyədə əməkdaşlıq edir;

Azərbaycan-Fələstin münasibətlərinin tarixi kifayət qədər zəngindir. 1992-ci ildə diplomatik əlaqələr qurulandan günümüzə qədər Azərbaycan Fələstinə dəstək verib. Bu dəstək həm Qüds məsələsində, həm Fələstinin ərazi bütövlüyünün tanınmasında, həm İslam həmrəyliyi kontekstində, həm beynəlxalq platformalarda, həm də maliyyə yardımlarında öz əksini tapır. Bir neçə faktı qeyd etmək zərurəti var:

- 2013-cü ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransına və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlərə ev sahibliyi edib;
- 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib;
- 2017-ci ildə İstanbulda İƏT Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısına qatılan Prezident İlham Əliyev Fələstinə dəstək nümayiş etdirib;
- 2014-cü ildə Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyin (UNRWA) 650 min dollar, 2018-ci ildə isə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin 200 min ABŞ dolları məbləğində yardım edib;

İsraildə səfirliyimizin açılması mərsimində iştirak edən xarici işlər naziri Ceyhun Bayramovun ardınca Fələstinə səfər etməsi də Bakının bu münasibətlərə verdiyi dəyərin nümunəsidir. Və Fələstin dövləti bütün bunları gördüyü, bildiyi üçün Azərbaycanla normal münasibətlərini davam etdirir. İran isə Fələstinin adından Azərbaycana qarşı şantaj və təzyiq vasitəsi olaraq istifadə edir.

İran rejiminin yadına niyə Fələstin düşüb?

Burada Tehranın məkrli siyasəti açıq şəkildə görünür. Azərbaycanın müstəqil siyasi xəttinin qarşısını almaq üçün təzyiqlər etməyə cəhd göstərən molla rejimi hər şeyi “sionistlər” adı altında pərdələməklə bölgənin dini kəsimi qarşısında özünə “haqq” qazandırır, eləcə də hücumlarına dini kəsimin dəstəyini əldə etmək istəyir. “Fələstin kartı”nın işə salınmasının isə birdən çox məqsədi var:

Birincisi, Azərbaycana qarşı hücumlarına İslam aləmində “haqq” qazandırmağa çalışır;
İkincisi, İslam aləmini özünün Azərbaycana qarşı məkrli siyasətinə ortaq etmək istəyir;
Üçüncüsü, bununla İslam “təəssübkeşi”, müsəlmanların “müdafiəçisi” obrazını sərgiləyir;


İranın dərdi Fələstin yox, məkrli planlarına “haqq” qazandırmaq və bu planlarına müsəlman ölkələri arasında da dəstəkçilər tapmaqdır.

İran İslam “təəssübkeşi”dirmi?

Bu suala birmənalı olaraq, “Xeyr” cavabını verən onlarla fakt var. İran rejiminin son 40 ildə İslam dünyasında terrora verdiyi dəstək, müsəlman ölkələrində tətbiq etdiyi xaos planları də bunu deməyə əsas verir. Azərbaycana münasibət isə İranın İslama münasibətinin, eləcə də molla rejiminin iddia etdiyi “şiələrin hamisi” obrazının gerçəklərini ortaya çıxaran bariz nümunəsi hesab edilə bilər.

Məşhur İranşünas Əmir Taheri “İran bidəti” adlı məqaləsində yazır: “İranda mövcud olan rejim şiəlikdən uzaq olan xomeyniçilik ideologiyasına əsaslanır. İran xomeyniçiliyi artıq şiələrin ürəyincə deyil. Xomeyniçiliyin hədəfi ondan ibarətdir ki, şiələr parçalanmış olaraq qalmalıdır. Belə olanda onlar Tehrandan asılı olacaq. Qarabağ müharibəsi zamanı İranın Ermənistanı dəstəkləməsi xomeyniçiliklə şiəliyin fərqli olduğunu Azərbaycanda daha aydın şəkildə göstərdi”.

I Qarabağ müharibəsində Ermənistan müsəlman Azərbaycanın torpaqlarını işğal edəndə əsas dəstək aldığı ölkələrdən biri İran idi. Molla rejiminin işğalçı Ermənistana müsəlman azərbaycanlılara qarşı soyqırımılar törətmək üçün silah-sursat və digər hərbi təyinatlı yardımlar etdiyi yaxın 30 illik tarixin səhifələrində yer alır. Ermənistan İranın da dəstəyi ilə Azərbaycan torpaqlarını zəbt edəndən sonra işğal edilmiş ərazilərin talanması prosesi başlandı: bütün maddi-mədəni sərvətimiz, hətta evlərin daşına qədər hər şey sökülərək İran bazarına çıxarıldı.

Məhv edilən və İran bazarına çıxarılan təkcə maddi-mədəni sərvətimiz yox, həm də İslam irsi idi.

- Məscidlərin daşına və minarələrinə qədər sökdülər: o daşlarda Qurani-Kərimdən ayələr yazılmış, o minarələrdə azan oxunurdu;
- Minarələrin dəmir konstruksiyaları “metalloma” çevrildi;
- Allahın evinə məxsus olan hər şey - namaz qılınan səccadələrdən tutmuş minbələrə qədər, qənimət olaraq ələ keçirildi;
- Qibləyə üz tutan mehrablar darmadağın edildi;
- Qurani-Kərimin qoyulduğu kürsü “tikinti materialı” olaraq müsadirə olundu;


Və Ermənistanla İran Allah evinə məxsus olan hər şeyi “material” olaraq bazarda satışa çıxardı.

İşğaldan öncə bu ərazilərdə İslam irsinə məxsus tarixi-dini abidələrin sayı 403 idi. Onlardan 67-ci məscid, 192 ziyarətgah idi. İşğal dövründə 67 məscidin 63-ü tamamilə məhv edildi, 4-ü isə yararsız hala salındı. Ermənilər bununla kifayətlənmədilər, İslamı Allahın evində donuz saxlamağa qədər nümayişkərana formada təhqir edərək, yararsız hala salınan məscidləri tövlə kimi istifadə etdilər. Bütün bunlar özünü “İslam təəsübkeşi” kimi təqdim etməyə çalışa İranın gözü qarşısında baş verib və Tehran rejimi təkcə seyrçi olaraq qalmadı, həm də İslam irsinin Yer üzündən silinməsində, Allah evinin təhqir olunmasında və dağıdılan ibadətgahlardan əldə olunan “qənimətlərin” bazara çıxarılaraq, satışında birbaşa iştirak edib, yaxşı pul da qazanıb.

Bu faktlar “İran İslam “təəssübkeşi”dirmi” sualını “İranın İslam dinindən danışmaq haqqı varmı” olaraq dəyişdirir.

İran rejim müsəlman düşmənçiliyini 44 günlük Vətən müharibəsində də davam etdirdi: Azərbaycanın öz torpaqlarını azad etmək, həm də o torpaqlara İslam dinini qaytarmaq məqsədilə apardığı müqəddəs müharibədə Ermənistana silah-sursat, informasiya və kəşfiyyat dəstəyi verməklə nə qədər “müsəlman ölkəsi” olduğunu ispatladı.

Bu gün İrəvana iqtisadi, siyasi və hərbi yardım göstərən, müsəlman Azərbaycana qarşı İslamı təhqir edən bir ölkəni müdafiə edən İranı Ermənistanın yerləşdiyi mövcud ərazisində vaxtilə mövcud olmuş məscidlər, zitarətgahlar Yer üzündən silinib. Amma bu, İranı maraqlandırmır, molla rejimi üçün prioritet məsələ İslam yox, siyasi maraqlarıdır. İranı İslam dinini sadəcə siyasi maraqları naminə istifadə etdiyi alət olaraq görür. Azərbaycana qarşı hücumları da İslam dini adı altında pərdələyir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm