İranın Adnan Oktarı: Azərbaycanın, Türkiyənin, ərəblərin düşməni - Səudiyyədə həbs olunan Raefipur kimdir?
Bizi izləyin

Nida Təhlil

İranın Adnan Oktarı: Azərbaycanın, Türkiyənin, ərəblərin düşməni - Səudiyyədə həbs olunan Raefipur kimdir?

İranın Adnan Oktarı: Azərbaycanın, Türkiyənin, ərəblərin düşməni - Səudiyyədə həbs olunan Raefipur kimdir?

Xəbər verildiyi kimi, İran KİV-lərində Azərbaycana qarşı çıxışları ilə tanınan Əli Əkbər Raefipur Səudiyyə Ərəbistanında saxlanılıb. İran XİN-in mətbuat katibi Nasir Kənaninin sözlərinə görə, Raefipur Səudi Ərəbistana Həcc ziyarətinə gedib, lakin İrana qayıdarkən naməlum səbəblərdən Ciddə aeroportunda saxlanılıb (Salam No). Kənani deyib ki, İran XİN və Ciddədəki səfirlik Raefipurun ölkəyə qaytarılması üçün iş aparır. İran KİV-ləri onun Səudiyyə Ərəbistanı haqda ifrat tənqidi çıxışları olan videolarını yayır və həbsinin səbəbinin bu çıxışlar olduğunu iddia edirlər.

Əli Əkbər Raefipur universitetlərdə dinlər və məzhəbçilik, qiyamət, satanizm , masonluq və sui-qəsd nəzəriyyələri haqda mühazirələrlə tanınan iranlı vaizdir. Özünü Xilaskarın (Məsihin) dəstəkçisi, sionizm və media üzrə alim kimi təqdim edir. Masaf İnstitutu adlı təşkilatın qurucusudur. Masafın strukturuna memarlıq, yeniyetmə, düşmənşunaslıq (?), musiqi, iqtisadiyyat, media təhsili, beynəlxalq, ailə, dinlər, sağlamlıq, texniki mühəndislik və qida təhlükəsizliyi bölmələri daxildir .

Sosial mediada tərəfdarları ilə birgə #covid1948, #LiveLikeAli, #ThePromiSedsaveOur hashtagları ilə çıxış edir. Raefipur bildirib ki, #ThePromiSedsaveOur hashtağını yaratmaqda məqsədləri dünya insanlarına problemlərin açarı, ilahi xilaskar Mehdi (ə) və İsanın (ə) geri dönmələrini bildirməsidir: "Xilaskarın geri dönməsi üçün güclü bir cəmiyyətə və bir mədəniyyətə sahib olmalıyıq" . O, #covid1948 hashtağı ilə pandemiyaya görə İsraili ittiham edirdi.

Raefipur İncildəki İnsan Oğlunun Mehdi (ə) olduğuna inanır. Deyir ki , cins şalvar cinlərin adını daşıyır, bəzi köynəklərin nömrələri və simvolları bir sehr kimi oxuna bilər. İnstaqramda bir çox fan səhifəsi yaradıb, ən böyük səhifənin bir milyondan çox izləyicisi var.

Bir sözlə, onu Türkiyənin məşhur fırıldaqçı din xadimi, hazırda həbsdə olan Adnan Oktarla müqayisə etmək olar. Adanan Oktar özünü Mehdi elan edirdisə, onun İrandakı klonu özünü Məsihin müjdəçisi elan edib. Yeri gəlmişkən, İncilə görə, Məsihin müjdəçiləri də peyğəmbər sayılır. Anlaşıldığı qədər onun təbliğ etdiyi faktiki yeni dini cərəyandır. Amma İranda ona dözür, təbliğ edir, müdafiə də edirlər. Səbəbi isə antiqərb, antisemit fobiyaları, azərbaycanofob nifrəti körükləməsidir.

Məsələn o, bu ilin yanvarında İran parlamentinin sədri Məhəmməd Bager Qalibafın ölkəmizlə bağlı verdiyi xoş bəyanatı tənqid edirdi. “Şimal sərhədimizdə fəlakətli gedişatla üz-üzəyik. İngiltərə, İsrail və ABŞ, Azərbaycan Respublikasını İranın Ukraynası etməyi planlaşdırıb. Necə ki, Ukraynanı Rusiyanın qarşısına çıxarıblar. Bunlar əslində rus, dilləri rus dilidir, eyni sivilizasiya və mədəniyyət hövzəsinin bir hissəsidirlər. Tədricən mədəni şəkildə uzaqlaşdırıblar. Ukraynanı təxribata çəkdilər. Rusiya müharibəyə girməyə vadar oldu. Azərbaycanı da İranın Ukraynası etmək istəyirlər”, - deyə Rusiya Ukrayna üçün mübarizə apardığı kimi İranı da Azərbaycan üçün mübarizə aparmağa - yəni işğala səsləyirdi: “Biz “Müqavimət Cəbhəsi Modeli”ni Yaxın Şərqdə tətbiq etməliyik, burada Trampın etiraf etdiyi kimi, 7 trilyon dollar xərcləsələr də, uğursuzluğa düçar oldular. Baxın, indi Azərbaycanda milliyyətimiz, dinimiz, məzhəbimiz təhqir olunur. İmam Hüseynin bayrağını dalğalandırmaq qadağandır, LGBT bayrağını asmaq isə icazəlidir....Mən də bu irqin üzvüyəm, azəriyəm, türkəm. Biz gənclərimizə ana dilimizdə, yəni türkcə danışanda onların beyinlərinin yalanla dolduğunu görürük. Bu bir modeldir...Azərbaycanda “Hüseyniyyun” hərəkatına dəstək olmalıyıq.. Onun hərbi təcrübəsi var”. Daha sonra Azərbaycanda yaşayan etnik azlıqlardan istifadə etməyi təklif edirdi: “Hamısı şiədir, əksəriyyəti Ayətullah Xameneini təqlid sahibi kimi qəbul edir. İllərdir bizə mesajlar göndərirlər. Müharibəyə getməyək. Amma gəlin öz potensialımızdan istifadə edək”.

Daha sonra o iddia edirdi ki, İlham Əliyevin İranda lobbisi var, çoxlu şirkətlər qurublar. “Məni kamera qarşısında adları açıqlamağa məcbur etməyin...Bu Britaniya layihəsi idi. İngilis səfiri Arazın kənarına gedir, Xudafərin körpüsünün başında şəkil çəkdirir. İlham Əliyevin 30 illik hərbi müşaviri sionist qadındır...Nə vaxt İranla bağlı səhvə yol verirlərsə, dərhal İrana yüksək vəzifəli bir məmur göndərirlər ki, biz sizinlə dostuq. İlham Əliyev bu işdə ustadır!... Bəzi məmurlarımız İlham Əliyevin ölkəmizdəki lobbiçilərinə qulaq asmasınlar... İsrailin “Hermes” PUA-sı Natanz nüvə obyektimizi vurmaq üçün Azərbaycandan havaya qalxıb. İsrailin Azərbaycanda hərbi bazası var. Niyə bunlar eşidilmir?”

“Hüseyniyun” qruplaşmasının iki rəhbərinin - Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində təhlükəsizlik orqanları tərəfindən saxlanması barədə xəbər çıxanda da Raefipur öz etirazını bildirib. Raefipur, əksinə, “Hüseyniyun”a hərtərəfli dəstək verilməsinin, onun daha da gücləndirilməsinin Azərbaycanın qarşısında dayanmağın və rəsmi Bakıya təzyiqin səmərəli yollarından biri olduğunu vurğulamışdı.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm