Xameneinin müşavirindən Rusiyaya çağırış: Qafqazda Azərbaycan və Türkiyə qarşı birləşək
Bizi izləyin

Nida Təhlil

Xameneinin müşavirindən Rusiyaya çağırış: Qafqazda Azərbaycan və Türkiyə qarşı birləşək

Xameneinin müşavirindən Rusiyaya çağırış: Qafqazda Azərbaycan və Türkiyə qarşı birləşək

İranın dini rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim “ Agentliyi üçün “Qafqazın gələcəyinə NATO-nun mümkün müdaxiləsi və təcavüzünə qarşı ayıq olmaq zərurəti” başlıqlı eksklüziv məqalə yazıb .

Yazıda Türkiyə əleyhinə iddialar yer alır, Türkiyə və Rusiya arasında münasibətləri korlamağı hədəfləyən mesajlar verilir. Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılığı və bəzi "Azov" döyüşçülərini Ukraynaya təhvil verməsi xüsusən qabardılır. Bu “incə gedişdən” sonra cənab Vilayəti dərhal “İranın əleyhinə olduğu Zəngəzur dəhlizi, Türkiyə və Azərbaycan arasında əlaqələrə” keçid edir.

Vilayəti yazır ki, Azərbaycan Respublikası ilə Naxçıvan arasında əlaqə olarsa, qonşuların Ermənistan ərazisini işğal etməsinə ehtiyac qalmır (sanki kimsə Ermənistanı işğal etmək istəyirmiş): “Qaz kəməri, elektrik enerjisi, tranzit marşrutu və digər əlaqələr Ermənistanın ərazi bütövlüyünü pozmadan asanlıqla əldə edilə bilər. Müşahidəçilər maraqlanırdılar ki, Azərbaycan və Türkiyə hökumətləri həmin məsələdə niyə bunca təkid edir? Faktlar aşkarlandı və ekspertlər belə bir qənaətə gəldilər ki, Naxçıvanı Azərbaycanla birləşdirəcək xətlərin məqsədi əvvələn Ermənistanı iki yerə bölmək; ikincisi, İranla Ermənistan arasında Əhəməni və Parfiya dövründən mövcud əlaqələri kəsmək; üçüncüsü, İranın ətraf dünya ilə əlaqəsini məhdudlaşdırmaqdır".

Bununla da o, bir müddət əvvəl ali dini liderin İranla Ermənistan arasında min illərə dayanan sərhədlər haqda cəfəngiyatını təkrarlayır. Görünür, bu cəfəngiyatı dini rəhbərini qulağına pıçıldayan da elə cənab Vilayətidir, çünki rəhbərin çevrəsində tarixlə, daha doğrusu, tarixin öz keflərinə uyğun interpretasiyası ilə ən çox məşğul olan şəxs odur. Vilayəti sonra yazır ki, Zəngəzur dəhlizi açılsa, həmin andan İran 15 ölkə ilə deyil, 14 ölkə ilə qonşu olacaq: Şimali Qafqaz, Rusiya və Avropa ilə sərbəst əlaqəsi pozulacaq.

Bizdə nədənsə uzun müddət bəziləri inanmağa və başqalarını da inandırmağa çalışırdı ki, Zəngəzur dəhlizi ilə bağlı başladılan isteriya İran hakimiyyətinin ali eşalonundan gəlmir, hansısa Kazemi və Müvəhhədianlar səviyyəsində olan sayıqlamalardır. Vilayəti yazısı ilə bunun əksini bir daha ortaya qoyur- “fas!” komandası məhz ali dini liderin öz ətrafından gəlib, indi də birbaşa ağır artilleriya önə verilib.

Yazının növbəti hissəsi də İran mediasında 3 ildir gözümüzü yağır etmiş tezisin təkrarıdır. Demə, İran-Çin- Rusiya “üçlər ittifaqı” varmış, intəhası, bu ittifaqın maraqlarını düzgün bilib dəyərləndirən yalnız İran, dini rəhbərin müşaviri və onun yönəltdiyi ekspertlər ordusudur: "İran, Çin və Rusiya Amerikanın yeni dünya xəritəsinə dair istəklərinin əksinə olaraq Asiyada sabit güclü üçbucaq formalaşdırdılar. Amerikalılar və digər qərblilər Qərbi Asiyada beynəlxalq prosesə təsir göstərən İranı dominant güc kimi görməyə bilməzlər. Rusiya ilə Amerikanın münasibətləri strateji cəhətdən dəyişib, dünya gələcəkdə çoxqütblü olacaq".

Yuxarıda adlarını çəkdiyimiz ekspertlər dəfələrlə vaxtilə Qasim Süleymani Putini Suriyada Türkiyəyə qarşı birgə fəaliyyətə inandırdığı kimi indi Azərbaycanda Türkiyəyə qarşı Rusiya ilə birləşmək üçün Putin və çevrəsini inandırmağa çağırışlar edirdilər. Görünür, ikinci dərəcəli şəxslərin bu istiqamətdə fəaliyyəti yetərsiz olduğundan, ideya müəllifinin özü meydana atılmaq qərarına gəlib.

İran xarici işlər naziri Əmir Hüseyn Abdullahianın Bakıya səfərindən əvvəl Vilayəti “Aljazeera”ya müsahibəsində bildirirdi ki, bizim Azərbaycan xalqı ilə heç bir problemimiz yoxdur və bir-birimizlə qohumluq hiss edirik. Azərbaycanla bizim qədər ortaq cəhətlər çox az ölkədə var: ”Ümid edirik ki, Bakıdakı rəsmilər iki tərəf arasında qardaşlıq münasibətlərinin dərinliyini və ortaq məxrəcləri anlayacaq və İranın heç vaxt iki qonşu və qardaş ölkələr arasında gərginlik yaratmağa razı olmayacağını anlayacaqlar”. Hadisələrin belə təqdimatı da İran təbliğatına xas cəhətdir. Əvvəllər xəbər verdiyimiz ki, İran təbliğatı problemin xalqla deyil, yalnız “Bakı iqtidarı” ilə olması, xalq və iqtidar arasında narazılığı gücləndirməyə yönəlik iş aparır. Vilayətinin müsahibəsi bu işin ən ali səviyyədə aparıldığını göstərdi.

"Tasnim"dəki uzun mənasız yazının bir hədəfi də Rusiya və Körfəz Əməkdaşlıq Şurasının birgə bəyanatında İranın 1960-70-ci illərdə zəbt etdiyi üç adanın BƏƏ-yə məxsus olmasının etiraf olunmasıdır. Bundan əvvəl Çin lideri də Körfəz ölkələrinə səfəri zamanı oxşar bəyanat vermişdi. Yəni Vilayəti “müttəfiqlərinə” küsənir ki, niyə İran onların maraqlarının qoruduğu halda, onlar İranın maraqlarına tüpürürlər.

Xatırladaq ki, ötən ilin noyabrı və bu ilin aprelində “Mən də azəriyəm” adlı yazı ilə çıxış etmişdi. Nədənsə o zaman həmin yazıları eyforoya ilə qarşılayanlar daha çox olmuşdu. Hərçənd bugünkü iddialar elə o zaman da səsləndirlmişdi, amma müəyyən qədər üstüörtülü şəkildə. O, İranın heç bir qonşu ölkəyə, xüsusən Azərbaycana hücum etmək istəmədiyini deyir, bu iddiaları şayiə, iki ölkənin münasibətlərini korlamaq üçün düşmən təxribatı hesab edirdi ." Dağlıq Elburs (Əlborz) sakiniyəm, amma hər bir iranlı kimi mən də azərbaycanlı olmağımla fəxr edirəm" yazan Vilayəti azərbaycanlı kimliyinə özünəməxsus dolaşıq izah verərək Azərbaycanın İran tarixində oynadığı rola toxunurdu. Daha sonra növbəti dolaşıq, İranın qonşu xalqlar və dövlətlərlə əlaqələrində yalnız fəsad vəd edən yanaşmanı inkişaf etdirirdi; onun fikrincə, hər bir şiə etnik və regional mənsubiyyətindən asılı olmayaraq iranlıdır: "Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır. Həmin azərbaycanlı və iranlı İrandan kənarda yaşayıb başqa pasportu olsa belə".

O zamankı cavab yazımızdan sitat: “Əslində gərginliyin mənbəyi uzaqda deyildi. Sərhəd boyunca keçirilmiş son təlimlərin gedişində və sonradan Təbrizdə cümə namazında çıxışında tarixi torpaqlar haqda sərsəm bəyanatlar verən SEPAH komandiri Hüseyn Səlami hansısa üçüncü xarici qüvvəyə deyil, dini rəhbərə tabedir. Azərbaycan haqda yalan informasiya yayan ETTELAT hansısa xarici qüvvəyə deyil, dini rəhbərə tabedir. 2020-ci ilin noyabrından üzü bəri əvvəl Naxçıvanın blokadasını artırmaq, "İrana birləşdirmək" haqda iddialar ortaya atan, saxta xalq hərəkatı elan edən hansısa üçüncü qüvvə deyil, SEPAH-ın, sərhəd qoşunlarının birinci şəxsləri, müxtəlif mərkəzlərə rəhbərlik edən keçmiş nazirlər və diplomatlardır. "Məşriq", "Qanun", "Keyhan", "Fararu", "Ebtekar", "Faraz Dail"y və s. hansısa başqa ölkənin deyil, İranın rəsmi və ya yarımrəsmi KİV-ləridir.

Xarici siyasətimizi, tərəfdaş seçimlərimizi dəyişməyə məcbur etmək üçün Azərbaycan sərhədləri boyunca qılınc şaqqıldadan İrandır, hansısa üçüncü qüvvə yox. Təzyiqlər effekt vermədikdə gah regional, gah etnik separatizmə, gah siyasi islamçıları kütləvi itaətsizliyə təhrik etməklə bizə öz ölkəmiz daxilində problem yaratmaq istəyən hansısa üçüncü qüvvə deyil, İrandır. Azərbaycan vətəndaşlarından silahlı "Hüseyniyyun" terror təşkilatı yaradıb, öz ərazisində bəsləyən, Tehrandakı səfirliyimiz, Təbrizdəki konsulluğumuz önündə siyasi islamçıların "etirazlarını" təşkil edən üçün qüvvə deyil, o təşkilatçıları Vilayəti cənabları çox yaxşı tanıyır.

Azərbaycanlılıq və iranlılıq kimlikləri arasında bərabərlik işarəsi qoymaq bir xalqa xoş jest deyil, varlığımızı inkardır. Şiəlik və iranlılıq arasında bərabərlik işarəsi qoymaq da bəhreynliyə, livanlıya, azərbaycanlıya, iraqlıya xoş jest deyil, onların ərazilərinə iddianın kamufulə edilməsidir. Bütün şərqi slavyanları, bütün provaslavları "rus dünyası" hesab edənlərin bu gün bəşəriyyətə hansı fəsadlar verdiyinin şahidiyik. Bütün katolikləri, bütün germandilliləri apriori alman sayan zehniyyətin fəsadlarını bəşəriyyət II dünya savaşında görüb. Biz, bizim coğrafiyamızda belə “yekə qardaşlar” olmasını istəmirik.

Vilayəti 2013-də Azərbaycan və azərbaycanlılar haqda yazdığı kitabda bizi fars kimliyini itirmiş kütlə kimi təqdim edirdi. Niyə İranda hamının iranlı kimi görən şəxs Azərbaycanda hər dil icması üçün ayrı milli kimlikdən danışır? Nəhayət, "mən də azəriyəm" deyən şəxs bilməlidir ki, Azərbaycanda Ermənistana dəstək verən azərbaycanlılara milli satqın kimi baxırlar. İranla Ermənistan arasında siyasi-ticari əlaqələrin "bal ayı" məhz Vilayətinin xarici işlər naziri olduğu dövrə təsadüf edir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm