Nida Təhlil
Qubad İbadoğlu və Fətullah Gülənin dərin əlaqələri: Azərbaycan planı ifşa olundu
FETÖ terror təşkilatına bağlı olduğuna dair məlumatların yayıldığı Qubad İbadoğlunun həbsi ətrafında müəyyən iddialar irəli sürülür. Müdafiə kampaniyasının əsasını təşkil edən tezis də “hakimiyyətin İbadoğlunu siyasi məqsədlər üçün həbs etdirdiyi” haqdadır. Klassik metoddur və bununla cinayət məsuliyyətinə cəlb edilən şəxsləri “təmizə çıxarmaq”, diqqəti məsələnin mahiyyətindən yayındırmaq istəyirlər, həmişə olduğu kimi. Hərçənd, üç məqam bu tezisi çürüdür:
Birincisi, Q.İbadoğlu FETÖ üzvlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılanlardan birinin ifadəsi əsasında istintaqa cəlb edilib: bu ifadə olmasaydı, İbadoğlunun FETÖ şəbəkəsinə bağlılığı faktı bilinməyəcəkdi;
İkincisi, Müsavat partiyasından ayrılaraq, Demokratik və Rifah Partiyasını quran Q.İbadoğlu nə elektorat, nə siyasi güc baxımdan Azərbaycanın siyasi seqmentində hansısa dəyişikliyi edə biləcək fiqur deyil;
Üçüncüsü, İbadoğlu 2015-ci ildən sonra əsas yaşayış və fəaliyyət məkanı olaraq ABŞ-ı seçib, çox az hallarda Azərbaycanda olur;
Bu amillər İbadoğlunun həbsinin iddia edildiyi kimi “sifariş” yox, konkret faktla bağlı olduğunu təsdiq edir: bu fakt FETÖ üzvünün ifadəsi əsasında ortaya çıxdı və aparılan araşdırmada saxta pulların hazırlanması aşkarlandı; FETÖ-yə qarşı əməliyyat da Türkiyə Daxili İşlər Nazirliyinin Azərbaycan Daxili İşlər Nazirliyinə verdiyi məlumat əsasında keçirilib; Q.İbadoğlunun həbsi iddia edildiyi kimi “hazırlanmış ssenari” yox, məhz əməliyyatın gedişində ortaya çıxan fakta əsasən baş verib;
Bu prosesdə bir açar sual var: FETÖ-nün saxlanılan üzvləri Qubad İbadoğlunu haradan tanıyır, İbadoğlunun şəbəkə ilə hansı əlaqələri var?
Cavabları Q.İbadoğlunun fəaliyyətində axtarmaq lazımdır. Əsasən iqtisadi sferada fəaliyyət göstərən Q.İbadoğlunun siyasi aktivliyi 2014-cü ildə Müsavat partiyasının qurultayından sonra Arif Hacılının başqanlığına qarşı qiyam qaldırması ilə başladı. Post-Qəmbər dövrü ilə razılaşmayanları ətrafında toplayan İbadoğlu Demokratik və Rifah Partiyasını qurdu. Gözlənilirdi ki, İbadoğlu yeni partiyası ilə ölkənin siyasi həyatına sürətli giriş edəcək, proseslərdə aktiv olacaq. Müsavat partiyasının parçalanması hesabına ortaya çıxan yeni partiyadan bunu gözləməyi siyasi məntiq də tələb edir. Hərçənd, bu baş vermədi, Qubad İbadoğlu partiyasını qoyub ABŞ-a köçdü. Hələ o zaman, siyasi cameədə suallar gündəmə gəlirdi: İbadoğlu ABŞ-a gedəcəkdisə, niyə Müsavatı parçaladı və öz partiyasını yaratdı?
Bu, Q.İbadoğlunun siyasi fəaliyyətində birinci şübhəli məqamdır.
İkinci şübhəli məqam İbadoğlunun ABŞ-dakı fəaliyyətində ortaya çıxır. O, əsasən Şimali Karolina, Dyuk və Rutqers universitetlərində çalışıb. Məlumatlara görə, bu universitetlərin yerləşdiyi bölgələrdə FETÖ-çülər geniş şəbəkəyə və təsir imkanlarına sahibdirlər. Misal üçün, Rutqers Universitetinin olduğu Nyu Cersi ştatında (Fətullah Gülənin iqamətgahı olan Pensilvaniyanın yanında yerləşir) FETÖ-nün 6 özəl məktəbi və kursları fəaliyyət göstərir. Şimali Karolina və Dyuk universitetlərinin yerləşdiyi Şimali Karolina ştatı da FETÖ-nün əsas fəaliyyət məkanları sırasındadır. Q.İbadoğlunun bu universitetlərdə işləməsi ilk baxışdan onun FETÖ ilə əlaqələndirməyə əsas verməyə bilər. Lakin “şeytan detallarda” gizlənib deyirlər.
İbadoğlunun çalışdığı Şimali Karolina Universiteti FETÖ-nün Ankaradakı “Kaan” kod adlı gizli imamının da iş yeri olub. Bununla yanaşı, Universitetin professorlarından olan Cozef Kunsun FETÖ-nün ABŞ-dakı əsas dəstəkçilərindən biri olduğu haqda məlumatlar var. Hətta Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra FETÖ-çülərin müdafiə məqsədilə aparılan kampaniyada C.Kuns aktiv şəkildə iştirak edirdi. Və ya Q.İbadoğlunun işlədiyi Dyuk Universitetində FETÖ-nün üzvü professor Abdullah Anteplin də çalışır. 15 iyul çevriliş cəhdindən sonra FETÖ-çülərin müdafiəsi məqsədilə beynəlxalq səviyyədə aparılan kampaniyanın iştirakçıları arasında İbadoğlunun CV-nə yazılan Rutqers Universitetinin professor heyətinin üzvləri də yer alıb.
İyulun 24-nə - Q.İbadoğlunun həbsinə qədər bu detallar adi görünə bilərdi, lakin ortada FETÖ üzvünün ifadəsi əsasında keçirilən əməliyyat və aşkarlanan faktlar var. Bu faktlar İbadoğlunun ABŞ-dakı fəaliyyətinə fərqli rakursdan baxmağa vadar edir.
Lakin bütün bu detallar hələ son deyil. Bir də yayılan məlumatlar da İbadoğlunun ABŞ karyerasında yolları Pensilvaniyaya – FETÖ-nün mərkəzinə çıxarır. Məlumatlara görə, İbadoğlu ABŞ-da FETÖ şəbəkəsi ilə sıx əlaqələr yaradıb, dəfələrlə Pensilvaniyaya səfər edib, birbaşa Fətullah Gülənlə görüşlər keçirib və təlimatlar alıb. Türkiyə DİN-in azərbaycanlı həmkarlarına təqdim etdiyi faktlarda bunlar yer alır, hərçənd, detallar istintaqın başa çatmasından sonra bəlli olacaq.
Və nəhayət, üçüncü şübhəli məqam: ötən ay Londonda Qubad İbadoğlu, Cəmil Həsənli və Arif Məmmədov tərəfindən “Azərbaycan Gənclərinin Təhsil Fondu” təsis olundu. Məqsədin gənclərə dəstək vermək, onların xaricdə təhsilinin maliyyələşdirilməsi olduğu deyilsə də, gerçək hədəfin birdən çox olduğuna dair fikirlər var:
- Fond ətrafında gənclərin təşkilatlandırılması;
- Xaricdə və daxildə şəbəkənin yaradılması;
- Və lazım olanda bu şəbəkədən siyasi proseslərdə istifadə etmək;
Lakin niyə Təhsil Fondu? Gəncləri öz ətraflarına cəmləmək üçün siyasət elminin kifayət qədər üsulları var, nə üçün məhz təhsil üzərindən hərəkət edirlər? Xaricdə təhsil üçün kifayət qədər vəsait lazımdır, bu maliyyənin mənbəyi haradandır? Eyni zamanda, klassik hədəfi iqtidara gəlmək olan müxalifətin elektoratını genişləndirmək planı adətən cari dövrü əhatə edir, təhsil üzərindən şəbəkə yaratmaq üçün isə kifayət qədər vaxt lazımdır. İbadoğlu-Həsənli-Məmmədov üçlüsü niyə təhsili platforma olaraq seçirlər?
Bu suallar fonunda nəzərlər yenidən FETÖ-nün üzərinə yönəlir. Dünyanın müxtəlif ölkələrinə yayılmış FETÖ öz şəbəkəsini məhz təhsil sektoru üzərindən qurub, məktəblərində yetişdirdiyi üzvlərini dövlətin və siyasi cameənin içinə daxil edir, onlar vasitəsilə hədəflərinə nail olur. Q.İbadoğlunun FETÖ ilə əlaqələrinə dair daha bir ispat burada üzə çıxır.
Bütün bunlar FETÖ-nün mahiyyətinə, fəaliyyət mexanizminə, hədəflərinə nəzər yetirməyi və “FETÖ Azərbaycanda niyə daha çox siyasi müxalifət üzərindən şəbəkələşməyə çalışır” sualına cavab axtarışını da zəruri edir.
Türkiyədə Gülən camaatı olaraq fəaliyyət başlayan bu şəbəkə 1969-cu ildə yaradılıb. Həmin vaxt artıq Türkiyədə ilk hərbi çevriliş edilmiş (1960-cı ilin 27 may tarixi), “çevriliş ssenariləri”nin təməli atılmışdı.
Camaatın rəhbəri Fətullah Gülən Türkiyədə sürətlə təşkilatlanma apardıqdan sonra müalicə adı ilə ABŞ-a getdi və geri qayıtmadı. Pensilvaniyada mənzillənən Gülənin “uğur hekayəsi” bundan sonra başlanır: Roma Papası səviyyəsində qəbul olunur, dünya dinlərarası dialoqunda önəmli şəxslərdən olur, siyasətə təsir imkanları böyüyür, dünyanın 160 ölkəsində təşkilatlanır, əlində yetərincə qədər maliyyə imkanları toplayır və s;
Faktlar təsdiq edir ki, FETÖ-nün qısa müddətdə bu qədər genişlənməsi və güclənməsi, Gülənin “dini lider” kimi məşhurlaşması ABŞ-ın birbaşa dəstəyi ilə mümkün oldu. Lakin maraqlı idi, Türkiyədə hərbi çevrilişlər etmək imkanı olan ABŞ nə üçün “dini lider” planına da yatırım edir, Gülən şəbəkəsini bəsləyirdi. Bunun cavabını 100 il öncənin tarixində - Osmanlının dağılmasından sonrakı proseslərdə axtarmaq lazımdır.
Osmanlının dağıntıları üzərindən qurulan Türkiyə Cümhuriyyətinin önünə qoyulan əsas tələblərdən biri də imperiyanın mirasından imtina etmək idi, cüumhuriyyətin rəhbərləri də həmin dövrün şərtlərinə uyğun olaraq ölkəni qorumaq məqsədilə bunu edirdi də. Əslində 1960-cı ildə hərbi çevrilişin və Menderesi dar ağacına aparan səbəblərdən biri də məhz Osmanlının mirası – İslam dininə yanaşma idi. Menderes o dövrdə Türkiyədə ən çox mübahisə mövzusu olan azanın ərəbcə, yoxsa türkcə səsləndirilməsi məsələsində ərəbcəni dəstəkləmişdi. Bu, dini mövzu kimi görünsə də, o qədər də bəsit deyildi. Çünki Osmanlı imperiyası İslam dünyasına hökm edirdi və onun dağılmasından sonra Türkiyənin İslam dünyası ilə istənilən əlaqəsi süngü ilə qarşılanırdı. Ərəbcə azan da bu körpülərdən biri olaraq qəbul olunurdu. 100 il sonra – bu gün Qərbin Türkiyəyə qarşı çıxmasının səbəblərindən biri də məhz budur: Ərdoğan Osmanlı mirasına sahib çıxır, İslam coğrafiyası ilə yaxınlaşır, Türkiyəni bu coğrafiyada gücə çevirir;
1960-cı il hərbi çevrilişindən sonra Güləni bəsləməyə başlayan və “dini lider” ssenarisini hazırlayanlar anlayırdı ki, Türkiyəni İslamdan uzaqlaşdırmaq mümkün olmayacaq, hətta bunun üçün on illər boyu missionerlik fəaliyyətini dövriyyəyə salsalar da. Bu baxımdan, Türkiyə üçün Qərbin əlində olan “İslami güc” hazırlamaq, bu gücü iqtidara gətirmək və idarəolunan Türkiyə yaratmaq lazım idi. Fətullah Gülən də hədəfə gedən yolda Türkiyə üçün Qərbin əlində olan “dini güc” rolunu oynayır. 2016-cı il 15 iyul çevrilişi baş tutsaydı Gülən Türkiyəyə Xomeyninin İrana gəldiyi kimi gələcək və yeni model yaradılacaqdı. Bu model Qərbin Şərqə doğru siyasi ekspedisiyasında aparıcı gücə çevriləcək, müstəqil siyasi xətti seçən Türkiyə yenidən Qərbin siyasi xəttinə qaytarılacaqdı.
Bu, həm də İslam coğrafiyasını FETÖ-nün iqtidarda olduğu Türkiyə vasitəsilə idarəolunmasına hesablanmış plan idi: Türkiyə ətrafında cəmləşən İslam coğrafiyası Qərbin bayrağı altında keçəcək, bununla İran və Səudiyyə kimi İslam aləmində bayraqdar olmaq istəyən güclərə alternativ tərəf də formalaşdırılacaqdı; və Türk dünyası da bu yolla tam nəzarətə götürüləcəkdi;
Proseslərə tarixi və günümüzün siyasi prosesləri fonunda baxdıqda FETÖ-nün ABŞ-ın əlində həm Türkiyə, həm də daha geniş coğrafiyada istifadə etmək üçün maşa olduğu aydın görünür. FETÖ-nün geniş coğrafiyada şəbəkələşməsi də bu plandan qaynaqlanır və bu geniş şəbəkə artıq təkcə Türkiyə üçün yox, İslam coğrafiyası və Türk dünyasında siyasi planlar quran güc mərkəzləri tərəfindən istifadə edilir.
2016-cı il 15 iyul çevriliş cəhdi də Ərdoğanın Türkiyəni Qərbin təsir dairəsindən çıxarmaq və müstəqil gücə çevirmək siyasi xəttində qarşı atılan addım idi. Bununla həm də Ərdoğanın hakimiyyətə gəlişindən sonra Qərbin Türkiyədə dalana dirənmiş “hərbi çevriliş” metodunu yenidən aktivləşdirmək istəyirdilər. Lakin çevriliş cəhdinin baş tutmaması bütün planları pozduğu kimi, FETÖ-nün fəaliyyət mexanizmində korrektlər etməsinə də səbəb oldu. Çünki Türkiyədəki çevriliş cəhdi FETÖ şəbəkəsinin yayıldığı ölkələr üçün siqnal oldu və bu ölkələr dövlət orqanlarına sızmış şəbəkə üzvlərinin neytrallaşdırılması istiqamətində hərəkətə keçdi, o cümlədən, Azərbaycanda da genişçaplı addımlar atıldı.
Dövlət sektorunda ciddi şəkildə zəifləyən FETÖ-nün fəaliyyət mexanizmində etdiyi korrektlərdən biri məhz siyasi müxalifətə sızmaq, hədəfdə olan ölkələrdə hakimiyyəti bu yolla ələ almaq idi. FETÖ-nün Azərbaycanda siyasi müxalifətlə işbirliyi də məhz 2016-cı ildən sonra aktivləşdi. 2016-cı ildən sonra FETÖ-nün Milli Şura, xüsusilə AXCP ilə əlaqələrinə dair ortaya çıxan faktlar da bunu sübut edir. Bu faktların ortaya çıxması isə FETÖ-nün Azərbaycanda siyasi müxalifət üzərindən mövcudluğunu davam etdirməsini çətinləşdirirdi.
Və belə görünür ki, FETÖ Azərbaycan planında dəyişikliyi bu məqamda edib: təşkilatlanmanı daha təhlükəsiz şəraitdə həyata keçirmək üçün xaricdə işləmək və müdaxiləni də kənardan etmək metodundan istifadə olunur;
Məhz bu detal Qubad İbadoğlunun partiya yaratdıqdan sonra ABŞ-a köçməsinin, analoji addımın Milli Şura sədri Cəmil Həsənli tərəfindən də atılmasının və hər iki şəxsin birlikdə Təhsil Fondu yaratmasının təsadüfi olmadığını, FETÖ-nün Azərbaycan planının bir hissəsi olduğunu deməyə əsas verir. 2016-cı ildə sonra baş verən hadisələrin xronologiyası - İbadoğlu və Həsənlinin xaricə getməsi, eləcə də fəaliyyət istiqamətləri də bu fikri gücləndirir.
Və yenə məlumatlar ön plana çıxır: Q.İbadoğluna Azərbaycanda FETÖ şəbəkəsini bərpa etmək, siyasi gərginliyi artırmaq, ictimai-siyasi sabitliyi pozmaq istiqamətində tapşırıqlar verilib. O, bu məqsədlə FETÖ-nün ABŞ, Türkiyə və Avropadakı gizli mərkəzləri ilə təmaslar qurub.
Azərbaycanın hədəf seçilməsi də təsadüfi deyil:
Birincisi, Azərbaycanda FETÖ-nün nəticə əldə etməsi Bakı-Ankara xəttində çatlar yarada bilər və bu, həm Türkiyəyə, həm Türk dünyasının dərin inteqrasiyasına qarşı olan bütün güc mərkəzlərinin marağındadır;
İkincisi, Azərbaycanda istədiklərinə nail olsalar, bu, Türkiyənin Şərqə doğru çıxışına – Türk dünyası ilə əlaqəsinə zərbə endirmək, Ankaranın siyasi güc olaraq böyüməsinin qarşısını almaq imkanın yaranması deməkdir;
Üçüncüsü, Azərbaycan həm Türk dünyasını, həm də bütövlükdə Avrasiyanı birləşdirən körpüdür, xüsusilə beynəlxalq nəqliyyat şəbəkələri üzərində toqquşan maraqlar Azərbaycanı açar ölkəyə çevirib;
Bu və digər səbəbləri sadalamaq olar, lakin hədəf və maraqlar eyni olaraq qalır. Q.İbadoğlu da daxil olduğu FETÖ şəbəkəsinə qarşı keçirilən əməliyyat məhz bu planların pozulmasına, iflas olmasına səbəb olur. Qərb ölkələrinin səfirliklərinin bu qədər canfəşanlığı da buradan qaynaqlanır. Çünki həm planları pozuldu, həm də indiyə qədər bu planlarına sərf etdikləri böyük vəsaitlər puç oldu. Q.İbadoğlunun həbsi ətrafında aparılan “müdafiə kampaniyası”nın əsas məqsədi də onun arxasındakı güclərin ifşa olunmaq qorxusundan qaynaqlanır.
Publika.az Analitik Mərkəzi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar