FETÖ yenidən “dirilir?” – Azərbaycan üçün də təhlükə var
Bizi izləyin

Nida Təhlil

FETÖ yenidən “dirilir?” – Azərbaycan üçün də təhlükə var

Son dövrlər FETÖ terror təşkilatının yenidən “dirildiyi” və aktiv şəkildə fəaliyyətə başladığı müşahidə edilir:

- Türkiyədə FETÖ-ya qarşı keçirilən əməliyyatların artması və ortaya çıxan faktlar;
- Ötən ay Qırğızıstanda dövlət çevrilişinə cəhdin arxasından FETÖ izinin çıxması;
- Azərbaycanda FETÖ üzvlərinə qarşı keçirilən əməliyyat, Demokratik və Rifah Partiyasının sədri Qubad İbadoğlunun bu şəbəkə ilə əlaqələrinə dair yayılan məlumatlar;


Baş verənlər sualları da ön plana çıxarır: FETÖ təhlükəsi hələ də qalırmı? Bu şəbəkə milli və dövlət maraqlarına hansı zərbələri endirə bilər? Türkiyədə 15 iyul hadisələrinin təkrarlanması, eyni ssenarilərin FETÖ-nün şəbəkələşdiyi ölkələrdə də tətbiq edilməsi riski nə qədər böyükdür?

2016-cı ilin 15 iyulunda Türkiyədə hərbi çevriliş cəhdi uğursuzluğa düçar olandan sonra FETÖ terror təşkilatı ciddi “qan itirdi”. Terrorçuların əliyalın insanlara havadan və qurudan bombalar yağdırması, məqsədlərinə nail olmaq üçün gözlərini qırpmadan qətllər törətməsi İslam qiyafəsinə bürünmüş FETÖ-nün gerçək üzünü də ortaya çıxardı. Və Türkiyə dövləti terror təşkilatının bütün sferalara sızmış üzvlərinin ifşasına start verdi, buna paralel olaraq, digər ölkələr də şəbəkənin neytrallaşdırılmasına istiqamətində hərəkətə keçdi. Bu, FETÖ-nün artıq təhlükə yaratmayacaq qədər zəiflədiyi fikrini yaradırdı.

Amma və lakin terror təşkilatının fəaliyyətinə dair məlumatlar şəbəkənin özünü qorumaq və zamanı çatanda yenidən “dirilmək” məqsədilə “yeraltına” çəkildiyini deməyə əsas verir.

Türkiyə Baş Polis İdarəsinin 2017-ci il hesabatında qeyd olunur ki, 15 iyul çevriliş cəhdi uğursuzluğa düçar olanda sonra Fətullah Gülən şəbəkənin rəhbər şəxslərinə xaricə qaçmaları, dövlət orqanlarına sızmış üzvlərinə isə “hücrələrə” çəkilməsi təlimatını verib.

FETÖ-nü qurulduğu 1970-ci illərdən xaricdə genişlənməsinə qədərki dövr “birinci mərhələ” – “iman” adlanır, 1993-cü ildən 2013-cü ilə - 17-25 dekabr hadisələrinə qədərki dövr “ikinci mərhələ” – “həyat” adlanır. 17-25 dekabr hadisələrindən sonrakı dövr “üçüncü mərhələ”nin başlanğıcı idi, lakin 15 iyul çevriliş cəhdi baş tutmayandan sonra bu mərhələ dayandı. Əgər çevriliş uğurlu olsaydı “şəriət və ya fəth” adlandırılan üçünçü mərhələyə keçiləcəkdi. 15 iyul çevriliş cəhdi “üçüncü mərhələyə” keçid üçün yoxlama gedişi idi. Bu o deməkdir ki, FETÖ yox olana və ya məqsədinə çatana, yəni dövləti tam ələ keçirənə qədər davam edəcək”, - hesabatda bildirilir.

15 iyul hadisələrindən bir il sonra hazırlana bu hesabat FETÖ-nün yox olmadığını, zamanı çatanda çıxmaq üçün “yeraltına” çəkildiyini təsdiq edir. 2023-cü il Türkiyədə prezident seçkilərinə qədərki dövrü FETÖ-nün “yeraltın”dakı fəaliyyət dövrü olaraq qiymətləndirmək olar.

Bu dövrdə FETÖ “məhrəm (gizli) təşkilatlanma” adlandırılan fəaliyyətlə məşğul olub. 15 iyuldan sonra şəbəkənin təmizlənməsi istiqamətində addımlar atılsa da, əsas koordinatorları olan “məhrəm imamlar”, o cümlədən, həm türk ordusunun, həm türk polisinin içində olan üzvlər gizlənə biliblər.

Türkiyə ordusunun istefada olan general-leytenantı İsmail Hakkı Pekin bildirir ki, FETÖ-nün yetişdirdiyi nəsil hələ də qalır.

“Bunun bir qismi ədliyyədə, bir qismi orduda, bir qismi hüquq-mühafizə orqanlarında, bir qismi də təhsil və digər sektorlarda gizləniblər. Türkiyə Silahlı Qüvvələrində saylarının 24 minə yaxın olduğu deyilir. Bu, bilinən rəqəmlərdir, bilinməyənlər də var. 15 iyul çevrilişinə 8 minə yaxın üzvü qatılmışdı, yerdə qalanlar isə kənarda dayanmışdı. Qalanlar yenə eyni mövqedədirlər və eyni fəaliyyətlə məşğuldurlar. Onların Türkiyəni qarışdırmaq təhlükəsi var”, - o deyib.

Türkiyəli general qeyd edib ki, Qərbin, xüsusilə ABŞ-ın nəzarətində olan bu terror təşkilatının nələr edə biləcəyini təxmin etmək çətindir: “Mərkəzi Asiyada, Afrikada və digər bölgələrdə aktiv şəkildə işləyirlər. Türkiyədə isə müxtəlif təriqətlərin, camaatların içinə sızaraq, gizləniblər. Bu şəbəkənin arxasında ABŞ dayanırsa, onun mütləq B planı vardır”.

MHP lideri Dövlət Baxaçlının 15 iyul hadisələrinin ildönümündə çıxışı zamanı “FETÖ siyasətdə, bürokratiyada, təhsildə, iqtisadiyyatda, media və digər sahələrdə gizli şəkildə fəaliyyətini davam etdirir. Bunu artıq açıq şəkildə görürürük” sözləri də diqqəti terror təşkilatının fəaliyyətinə və nələr edə biləcəyinə yönəldir.

Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar FETÖ təhlükəsinin hər keçən gün artıdığını ispatlayan faktlardandır. Daxili işlər naziri Əli Yerlikaya iyulun 27-də verdiyi açıqlamada bildirib ki, son iki ayda FETÖ-ya qarşı 905 əməliyyat keçirilib: “Bu əməliyyatlarda 1329 nəfər saxlanılıb, 212-ci həbs olunub, 261-i haqqında ədliyyə nəzarəti qərarı çıxarılıb”.

2016-cı ilin 15 iyul çevriliş cəhdindən 2022-ci ilə qədər Türkiyədə ümumilikdə 332 min 884 nəfər FETÖ ittihamı ilə saxlanılıb, onlardan 101 mini həbs olunub, 104 mini haqqda ədliyyə nəzarəti qərarı çıxarılıb.

Və bu əməliyyatların bu gün də davam etməsi FETÖ təhlükəsinin aradan qalxmadığını, əksinə, yenidən güclənmək istiqamətində çalışdığı, xüsusilə bu il yenidən aktivləşməyə başladığını, proseslərə müdaxilə cəhdləri etdiyini deməyə əsas verir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir neçə gün öncə Polis Akademiyasında çıxışı zamanı FETÖ ilə mübarizənin yeni mərhələsini elan etdi, lakin bu dəfə terror təşkilatının “məhrəm təşkilatlanmasına” qarşı. Ərdoğanın çıxışı fonunda Türkiyə mediasının yaydığı məlumatlar FETÖ-nün yeni addımlarını “məhrəm təşkilatlanma” adlanan indiyə qədər gizlənmiş üzvlərinin aktivləşməsi üzərindən ata biləcəyi təhlükəsini yaradır.

Türkiyəli köşə yazarı Nedim Şener bildirir ki, FETÖ-nün “məhrəm”, yaxud “xüsusi sahə” adlandırdığı təşkilatlanma “dövlətin kapilyar damarlarına” qədər sızmaq, ən məxfi qərarların verildiyi qurumları ələ keçirmək taktikasıdır: “Bu qurumlar Türkiyə Silahlı Qüvvələri, Türkiyə polisi, Ədliyyə sistemi, Milli İstihbarat Təşkilatı, valiliklər, bölgələrin rəhbər orqanlarıdır. O cümlədən, bir sıra özəl qurumlara da sızmağa çalışırlar”.

N.Şener qeyd edir ki, FETÖ PKK-dan daha təhlükəli terror təşkilatıdır.

“Çünki həm siyasətdə, həm bürokratiyada, həm mediada, həm ədliyyədə, polisdə, təhsildə – bir sözlə hər yerdədirlər. FETÖ-nün ən təhlükəli tərəflərindən biri də “rəngləndirmə taktikası”dır. Bununla hər cür siyasi kimliyə bürünə, hər cür təriqətə, camaata sıza bilirlər. Bu, Fətullah Gülənin “dövlətin kapilyarlarına qədər sızılması” təlimatına uyğun həyata keçirilir”, - N.Şener bildirir.

Türkiyədə prezident seçkilərinə müdaxilə FETÖ-nün 2016-cı ildən sonra çəkildiyi “yeraltı”ndan çıxmağa başladığını deməyə əsas verir. Seçkilərə iki gün qalmış prezidentliyə namizəd Məhərrəm İncə haqqında montaj edilmiş kasetlər tirajlandı. Namizədliyini geri götürən M.İncə bəyan etdi ki, bu, ona qarşı FETÖ tərəfindən həyata keçirilən əməliyyatdır. Məqsəd İncənin geri çəkilməsi və onun səslərinin Millət İttifaqının namizədi Kamal Kılıçdaroğluna getməsi idi. 15 iyul hadisələrində Ərdoğanı devirə bilməyən FETÖ bunu seçki yolu ilə etməyə çalışırdı. Nəticə əldə edə bilmədilər, lakin bu bir həqiqəti ortaya çıxardı: dövlətin bütün sferalarına sızmağa çalışan, o cümlədən, ictimai sektordan tutmuş təhsilə qədər müxtəlif sahələrdə şəbəkələşən FETÖ həm də siyasətə, seçki mübarizəsinə müdaxilə edir.

Bu həqiqət FETÖ-nün Azərbaycan planı fonunda da diqqət çəkir və müxalif siyasi partiyanın sədri Qubad İbadoğlunun bu şəbəkə ilə əlaqələrinin hansı məqsədə xidmət etdiyini aydınlaşdırır: müxalifətdə təşkilatlanmaq və iqtidara qarşı “siyasi mübarizə” adı altında fəaliyyət göstərmək;

Faktlar FETÖ-nün yox olmadığını və hər keçən gün başda Türkiyə olmaqla mövcud olduğu – gizləndiyi ölkələr üçün ciddi təhlükəyə çevrildiyini təsdiq edir. Və tələb edir ki, FETÖ-nün təmizlənməsi məqsədilə həlledici addımlar atılmalıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm