Azərbaycan QHT-ləri dünyaya çıxır: vətəndaş cəmiyyətinin tarixi uğuru
Bizi izləyin

Nida Təhlil

Azərbaycan QHT-ləri dünyaya çıxır: vətəndaş cəmiyyətinin tarixi uğuru

Vətəndaş cəmiyyəti instutlarının əsas prinsipi ictimai tələbləri nəzərə almaq və fəaliyyətini bu tələblərə uyğun qurmaqdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əsas ictimai tələb milli maraqların müdafiəsi olub, torpaqlarımızın işğalı bunu şərtləndirən əsas amil idi. Vətən müharibəsində işğala son qoyulduqdan sonra da ictimaiyyətin milli maraqların qorunması tələbi dəyişmir, xüsusilə Azərbaycanın ətrafında baş verənlər, ölkəmizə qarşı təzyiq cəhdləri və beynəlxalq müstəvidə aparılan qarayaxma kampaniyaları fonunda bu, daha da prinsipiallıq qazanıb. Məhz bu məqamda QHT sektorunun ictimai tələblərə nə qədər adekvat fəaliyyət göstərə bildiyi amili ön plana çıxır. Çünki bir çox məsələdə təkcə dövlətin milli maraqların müdafiəsi məqsədilə apardığı siyasi-diplomatik mübarizə yetərli olmur və nəticəni vətəndaş cəmiyyətinin dəstəyi sayəsində əldə etmək mümkündür. Ki, Azərbaycan QHT-lərinin son vaxtlar həyata keçirdiyi fəaliyyət, ortaya qoyduqları iş sayəsində konkret nəticələrin əldə edilməsi bunun əyani örnəyidir.

İki məqama diqqət etdikdə QHT-lərin fəaliyyətindəki keyfiyyət dəyişikliyini və beynəlxalq müstəvidə nəticələr əldə etdiyini görə bilirik.

Birincisi, Laçın-Xankəndi yolunda suverenliyimiz uğrunda apardıqları uzunmüddətli mübarizədir;

Azərbaycan QHT-ləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mədənlərin qanunsuz istismarına qarşı 2022-ci ilin 12 dekabr tarixində Laçın-Xankəndi yolunda aksiyaya başladı. Vətəndaş cəmiyyətinin Azərbaycan ərazisində baş verən ekosidə qarşı etirazı regiondakı siyasi prosesləri də kökündən dəyişdi. Bu aksiyaya qədər Qarabağda qanunsuzluqlar baş alıb gedirdi: talanan təbii sərvətlərimiz Ermənistana daşınır, eləcə də Ermənistandan Qarabağa silah-sursat keçirilir, ümumilikdə, Laçın yolu “boz zona” olaraq istifadə edilirdi;

QHT-lərin aksiyası bütün bu qanunsuzluqların qarşısını aldı və Azərbaycan dövləti vətəndaş cəmiyyətinin haqlı tələblərini dəstəkləyərək, suveren ərazilərimizdə qanunsuzluqlara son qoymaq istiqamətində praktiki addımlar atdı. Nəticədə Laçın yoluna sərhəd-keçid məntəqəsi quruldu və bununla ərazilərimizdəki erməni separatizminin 30 ildir “nəfəslik” olaraq istifadə etdiyi “Laçın dəhlizi” tarixin arxivinə göndərildi. Bu, vətəndaş cəmiyyəti instututlarının ictimai tələbə uyğun olaraq milli maraqların müdafiəsi istiqamətində tarixi addımı və dövlətin suverenliyizin qorunması strategiyasına əhəmiyyətli töhfəsi idi.

İkincisi, Ermənistanın dağ-mədən sənayesindəki ekoloji pozuntularını beynəlxalq müstəviyə çıxarılması, buna qarşı beynəlxalq səviyyədə mübarizənin aparılmasıdır.

Ermənistanın Arazdəyəndə metallurgiya zavodu inşa etməsi bölgə ilə bağlı siyasi planlarından qaynaqlanır, xüsusilə ABŞ investisiyasını bu bölgəyə gətirmək və Azərbaycana qarşı “qalxan” kimi istifadə etmək hədəfinə hesablanıb. Lakin belə bir zavodun inşa edilməsi Araz çayının çirkləndirilməsi, ümumilikdə bölgənin ekoloji fəlakətə sürüklənməsi deməkdir. Azərbaycan QHT-ləri bu ekoloji fəlakətlə bağlı beynəlxalq müstəvidə həyəcan təbili çaldı. BMT başda olmaqla mötəbər beynəlxalq strukturlara müraciətlər ünvanlandı, beynəlxalq ictimaiyyətin diqqəti bölgədə planlaşdırılan ekoloji fəlakətə yönləndirildi. Bu addımın artıq konkret nəticələri müşahidə edilir.

- Azərbaycan vətəndaş cəmiyyətinin müraciətlərinə dünyadan çoxsaylı QHT-lər qoşulur, ekoloji fəlakətlər bağlı ayrılıqda bəyanatlar verir, müraciətlər qəbul edirlər;
- Beynəlxalq müstəvidə diqqətin baş verə biləcək ekoloji fəlakətə yönləndirilməsi Ermənistanı metalurgiya zavodunun inşasını dayandırmaq haqda düşünməyə məcbur etdi: erməni mediasının məlumatlarına görə, zavodun inşasının tamamilə dayandırılması və başqa bölgəyə köçürülməsi haqda müzakirələr gedir;


Faktiki olaraq, QHT-lərimiz dünyanı ayağa qaldırdı və beynəlxalq diqqəti ekoloji fəlakət təhlükəsinə yönəltdi. Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələyə xüsusilə diqqət çəkib.

Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin”, - dövlət başçısı bildirib.

Bu, dövlət başçısının QHT-lərin fəaliyyətinə verdiyi dəyərdir, eyni zamanda, dövlətin vətəndaş cəmiyyəti institutlarının açdığı izdən hərəkət edərək, ekoloji fəlakətin qarşısının alınması istiqamətində hərəkətə keçməsidir.

Təkcə bu iki fakt – Laçın-Xankəndi yolunda tarixi aksiya və Ermənistanın ekoloji fəlakətə səbəb olacaq addımına qarşı beynəlxalq müstəvidə həyata keçirilən fəaliyyət Azərbaycanın QHT sektorunda müsbətə doğru köklü dəyişikliyin olduğunu sübut edir. Artıq Azərbaycanın vətəndaş cəmiyyəti institutları təkcə ölkə daxilində yox, regionda və dünyada təsiredici nəticələr əldə edir. Təbii ki, bu, hər şeydən öncə dövlət və milli maraqlarımızın qorunması baxımından əhəmiyyətlidir.

Azərbaycan QHT-lərinin dünyaya açılması fonunda bu sektorun keçmiş fəaliyyəti də yada düşür. Çünki cəmi bir neçə il öncəyə qədər QHT sektoru nəinki regionda və beynəlxalq səviyyədə deyil, hətta ölkə daxilində də, belə demək mümkünsə, heç bir rola malik deyildi. Və bu sektor ictimai maraqların müdafiəsi istiqamətində səmərəli və keyfiyyətli layihələrin icrasından daha çox, “qrantoyedlər”i, müftəxorları ilə tanınır, qalmaqallı qrant layihələri ilə gündəmə gəlirdi. O da sirr deyil ki, bu sektorda yol verilmiş nöqsanlar qruplaşmaların yaranmasına, bir çox hallarda “reket QHT”-lərin önə çıxmasına səbəb olmuşdu. Təbii ki, belə bir mühitin hökm sürdüyü QHT sektoru nəinki beynəlxalq müstəvidə, heç Azərbaycan cəmiyyətində də milli maraqların müdafiəsi üçün heç nə edə bilməzdi və etmirdi də.

Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi köklü islahatlar siyasəti QHT sektorunu da əhatə etdi və atılan addımlar, dəyişikliklər vətəndaş cəmiyyəti institutlarında ciddi sağlamlaşdırmanın aparılması ilə nəticələndi. Bunu QHT sektorunun əldə etdiyi nəticələrdə aydın görmək mümkündür:

- Ölkə daxilində cəmiyyətin inkişafına hesablanan böyük layihələr həyata keçirilir;
- Vaxtilə “Biləcəridən o yana keçməyən” QHT sektoru indi nəinki regionda, bütün dünyada səsini eşitdirə bilir;
- Beynəlxalq müstəvidə milli maraqlarımızın qorunması istiqamətində mühüm nəticələr əldə olunub: misal üçün, Azərbaycan vətəndaş cəmiyyətinin itkinlər mövzusunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə, BMT-yə ünlanladığı müraciətlər beynəlxalq ictimai rəydə öz yerini alır, həmin təşkilatlar da ictimai etirazları hiss edirlər və bu Azərbaycanın mövqeyinin qəbul edilməsi məsələsində rol oynayır;
- Xarici ölkələrə ünvanlanan məktub və müraciətlərin mətnlərində də böyük keyfiyyət dəyişiklikləri müşahidə olunur: artıq söz xatirinə nələrsə yazılmır, konkret faktlar və arqumentlər ortaya qoyulur, qaldırılmış məsələlərə cavablar tələb edilir və son dövrdə baş verənlər QHT sektorunun buna nail olduğunu da deməyə əsas verir;


Amma və lakin QHT sektorunda əldə olunmuş bu ciddi uğurun qorunması da vacibdir. Çünki vaxtilə QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsində yol verilən nöqsanlar, bu sektorda ələbaxımlılıq mühitinin, qruplaşmaların yaradılması günümüzə problemlər, xüsusilə “reket QHT”-ləri də “miras” qoyub. Əvvəlki dövrdən “miras” qalan “reket QHT”-lər bəzi hallarda şəxsi və qrup maraqları naminə ümumilikdə vətəndaş cəmiyyətinin fəaliyyətinə kölgə salır, onun artıq beynəlxalq müstəviyə çıxmış fəaliyyətini tormozlamağa çalışır. Belə “QHT”-lər öz maraqları naminə avantürist iddialar irəli sürür, çamur atır, hətta dövləti belə şantaj etməkdən çəkinmirlər. Vətəndaş cəmiyyəti sektorunun inkişafı, ümumilikdə dövlət və milli maraqlar naminə keçmişdən qalan bu “mirası” təmizləmək, QHT sektorunu tamamilə sağlamlaşdırmaq olduqca vacibdir, xüsusilə beynəlxalq səviyyədə mübarizənin aparıldığı bu dövrdə labüddür. Artıq dövr dəyişib, dünyaya çıxan QHT sektorunda “qrantoyedlər”ə, müftəxorlara, araqatanlara yer yoxdur. Sağlamlaşdırma addımlarının sürətləndirilməsi də tezliklə QHT sektorundan bu “qara miras”ın təmizlənəcəyinə, “reket QHT” dövranının arxada qalacağına əminlik yaradır.

Azərbaycanın vətəndaş cəmiyyətinin böyük potensialı var, son dövrlər beynəlxalq müstəvidə əldə edilən uğurlar bunu ispatladı. Bu potensialı “reket QHT”-lərin, qruplaşmaların, dövləti şantaj edənlərin cılız maraqlarına qurban vermək olmaz. Bu ictimai tələbdir, vətəndaş cəmiyyəti institutlarının əsas prinsipi də ictimai tələbi yerinə yetirməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm