Azərbaycan: Geniş Yaxın Şərqdə azad dünyanın müttəfiqi - Məşhur nəşrdən ABŞ-a çağırış
Bizi izləyin

Nida Təhlil

Azərbaycan: Geniş Yaxın Şərqdə azad dünyanın müttəfiqi - Məşhur nəşrdən ABŞ-a çağırış

Azərbaycan: Geniş Yaxın Şərqdə azad dünyanın müttəfiqi - Məşhur nəşrdən ABŞ-a çağırış

Yaxın Şərqdə İsrail və İranın proksisi HƏMAS arasında savaş davam edərkən, Yaxın Şərqdəki başqa bir müharibə dünya, xüsusən də ABŞ üçün dərslərlə yekunlaşdı. Sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Rusiya və İranın dəstəyi ilə 1990-cı ildən zorla işğal etdiyi ərazilərə tam nəzarəti geri qaytara bildi. Bu, dünyanın müxtəlif ölkələrinin müdafiə nazirliklərinin illər boyu öyrənəcəyi unikal hərbi kampaniya idi.

“The Washington Times”-da Rob Sübhaninin “Azərbaycan: Geniş Yaxın Şərqdə azad dünyanın müttəfiqi” yazısı bu cümlələrlə başlayır.

O, Azərbaycan Prezidenti İlham Əliyevin işğal olunmuş ərazilərimizi geri qaytarmaq üçün apardığı strateji planlaşdırmanın II dünya savaşında Duayt Eyzenhauer hərbi strategiyası ilə müqayisə edir. Qeyd edilir ki, Əliyevin müharibə doktrinasının ən fundamental strategiyası erməni hərbi obyektlərini dəqiqliklə və minimum mülki itki ilə hədəfə almaq üçün müasir dron texnologiyasından istifadə etməsi idi. “Son altı ildə Azərbaycan İsraildən 5 milyard dollardan çox hərbi texnologiya alıb. Yəhudi dövləti ilə müsəlman Azərbaycanı arasındakı dərin əlaqələr cənab Əliyevə azadlıq müharibəsini ildırım sürəti ilə və mülki əhalinin həyatına böyük hörmətlə başlamasına imkan verdi”.

Müharibədən sonra Azərbaycanın Ermənistana etdiyi sülh təklifləri, II dünya müharibəsindən sonra əzəli düşmənlərin normal iqtisadi və diplomatik əlaqələr qurması ilə müqayisə edilir: “Cənab Əliyev öz xalqı ilə yaxın vaxtlara qədər Rusiyanın Yaxın Şərqdə “təyyarədaşıyan gəmisi” kimi xidmət edən Ermənistan arasında daimi sülh üçün şərait yaradıb. Ermənistanın bəxtindən onun baş naziri Nikol Paşinyan başa düşür ki, xalqının çiçəklənməsinin yeganə yolu Azərbaycanla daimi sülh sazişi imzalamaqla iqtisadiyyatını azad dünya ilə inteqrasiya etməkdir. Bir sözlə, cənab Əliyev daimi sülh üçün şərait yaradıb və beləliklə, ABŞ-ın hərtərəfli dəstəyinə layiqdir”.

Sübhaniyə görə, Vaşinqton və azad dünya başqa bir ortaq dəyər üçün Azərbaycanı qucaqlamalıdır: fundamental insan hüququ olan dini azadlıqlara hörmət. Bu hüquq Cənubi Karolina əhalisi qədər-10 milyonluq müsəlmanların və dünyanın ən qədim yəhudi icmalarından birinin vətənidir: “Təəccüblü deyil ki, İsraildən kənarda ən böyük sinaqoqlardan biri Bakıdadır və Azərbaycan İsraillə tam diplomatik əlaqələr qurub”.

Daha sonra Azərbaycanın kiçik, lakin yüksək təhsilli bəhai icmasına ev sahibliyi etməsi xatırladılır: “İranda ayətullahlar bəhailəri təqib etməkdə və öldürməkdə davam edərkən, cənab Əliyev açıq şəkildə bildirdi ki, təkcə bəhailər deyil, yəhudilər, xristianlar və digər dini azlıqlar Azərbaycan vətəndaşlarıdır və heç bir şərt olmadan öz inanclarını həyata keçirməkdə azaddırlar. Həqiqətən də Azərbaycan və onun demokratik düşüncəli Prezidenti bütün müsəlman dünyası üçün nümunə ola bilər və beləliklə, azad dünya tərəfindən qəbul edilməlidir”.

Müəllifin fikrincə, Azərbaycanın ABŞ və azad dünyanın qalan hissəsi ilə bölüşdüyü üçüncü dəyər cənab Əliyevin mühüm enerji ixracatını silaha çevirməməkdə qəti qərarlılığıdır: “Əslində, Vladimir Putinin Ukraynanın işğalı ilə Rusiyanın enerji ixracatını silahlandırması nəticəsində Azərbaycanın Avropaya enerji ixracı üçün dəhliz kimi rolu indi daha da vacibdir. Mərhum Amerika dövlət xadimi Zbiqnev Bjezinski Azərbaycanı “Xəzər dənizinin enerji şüşəsindəki tıxac” kimi qələmə verib. Azərbaycan hazırda azad dünyanın ən etibarlı uzunmüddətli enerji tərəfdaşlarından biridir”.

Sübhani ABŞ-ın “Azərbaycana qarşı siyasəti necə olmalıdır?” sualına da aydınlıq gətirir. Onun fikrincə, birincisi, prezident Bayden azad dünyanın müttəfiqinə dəstək nümayişi olaraq daimi sülh sazişi imzalamaq üçün dərhal cənab Əliyevi və Ermənistanın baş nazirini Ağ Evə dəvət etməlidir. İkincisi, cənab Bayden ABŞ Konqresini Azadlığa Dəstək Aktının 907-ci maddəsini, Azərbaycana qarşı ədalətsiz qanunvericilik maddəsini ləğv etməyə çağırmalıdır. Çünki o, daha geniş Yaxın Şərqdə qlobal sabitlik üçün əsas ölkə ilə daha dərin ittifaqa mane olur: “HƏMAS kimi terrorçu qrupların və Vladimir Putin kimi diktatorların qlobal nizamı pozduğu getdikcə daha təhlükəli olan dünyada azad dünyanın bəxti gətirib ki, Azərbaycan kimi məsuliyyətli müttəfiqi var”.

Xatırladaq ki, Rob (Söhrab) Sübhani Cənubi Azərbaycan əsilli amerikalı siyasətçidir. Əvvəllər Corctaun Universitetinin professoru olan Sübhani hazırda ABŞ, Yaxın Şərq və keçmiş Sovet İttifaqında biznes maraqları olan şirkətlərlə işləmək üzrə ixtisaslaşmış “Caspian Group” şirkətinin sədri və baş icraçı direktoru, “Sparo” Korporasiyasının təsisçisi və baş direktorudur. Səudiyyə Ərəbistanı, İsrail-İran Münasibətlərinə aid əsərləri var.

Sübhani 2012-ci ildə Merilend ştatında ABŞ Senatına seçkilərdə müstəqil namizəd kimi iştirak edib.

Hələ 1990-cı ildə Sovet İttifaqının tərkibində olan Azərbaycan dənizdə neft kəşfiyyatı ilə bağlı BP ilə danışıqlar aparırdı. Sübhaniyə Kommunist Partiyasının lideri Ayaz Mütəllibov tərəfindən əməkdaşlıq təklifi edilib. Məhz Sübahinin vasitəçiliyi ilə “Amoco” şirkətinə “ Azəri “neft yatağına eksklüziv hüquqlar verilib. Azərbaycan lehinə çoxsaylı yazıların müəllifidir.

BƏƏ-də yerləşən Regionlararası Stareteji Analiz Mərkəzinin əməkdaşı Məhəmməd Səlami isə interegion.com saytında “ABŞ Dağlıq Qarabağdakı böhrana necə cavab verir? “ başlıqlı məqaləsində yazır ki, Cənubi Qafqaz böhranına üç regional oyunçu qrupu cəlb olunub: Yaxın Şərq (Türkiyə və İran), Qafqaz (Ermənistan və Azərbaycan) və sülh vasitəçiləri (Avropa, ABŞ və Rusiya). Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ böhrana son qoymağa çalışsa da, Vaşinqton mənəvi dəyərlərlə praqmatik geosiyasi reallıqlar arasında sıxışmış kimi görünür.

Müəllifin fikrincə, ABŞ-ın bu üç illik müharibəyə cavabı konkret nəticə verməyib: “Daha az sərvət və güc cəmləşdiyi üçün Qafqaz ABŞ-ın xarici siyasətində Yaxın Şərq, Avropa və ya Okeaniya kimi prioritet olmayıb. Azərbaycan və Ermənistanın Vaşinqtonla düşmən münasibətləri olmasa da, Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və ya Yaponiya kimi ABŞ-la rəsmi müqavilə müttəfiqləri də deyillər”.

Qeyd edilir ki, ABŞ münaqişə ilə bağlı Azərbaycana təzyiqlər etməyə çalışsa da, effektli yanaşma olmayıb: “ABŞ-da əhəmiyyətli lobbiçilik gücünə malik erməni icması var. 1992-ci ildə Azərbaycan-Ermənistan müharibəsi zamanı erməni lobbisi Azadlığa Dəstək Aktının mətninə 907-ci maddə daxil etməyə nail olub”.

Müəllifə görə, bu güclü lobbini fəaliyyətinə rəğmən ABŞ-ın Azərbaycana qarşı qətiyyətli davranmaq istəməməsinin bir neçə səbəbi var. ABŞ-ı daha çox enerji əməkdaşlığı, geosiyasi reallıqlar və beynəlxalq rəqabət maraqlandırır.

Avropa İttifaqının Rusiya qazından asılılığını 45 faiz azaltmaq qərarından sonra Azərbaycandan idxalı 2027-ci ilə qədər 8 milyard kubmetrdən təxminən 20 milyard kubmetrə çatdırmaq qərarına gəlib. ABŞ Aİ-nin qaz təchizatının təhlükəsizliyinin təminatçısıdır və bu sazişi güclü şəkildə dəstəkləyir. İsrail də neftinin 40 faizə qədərini Azərbaycandan alır.

Xatırladılır ki, bir çox Qərb enerji şirkətləri Azərbaycanın qaz layihələrinə böyük maraq göstərirlər. Böyük Britaniyanın enerji nəhəngi BP enerji şirkətləri konsorsiumu adından Azərbaycanda iki böyük qaz layihəsini idarə edir. Norveçin “Equinor” şirkəti, Fransanın “TotalEnergies” və “ExxonMobil” şirkətləri də Azərbaycanın enerji sahələrində paya malikdir.

Müdafiə sahəsində əməkdaşlıq da xüsusi vurğulanır. Azərbaycan və ABŞ birgə müdafiə və anti-terror, o cümlədən nüvə silahının yayılması və narkotik ticarəti ilə mübarizə, geniş Xəzər regionunda və onun hüdudlarından kənarda təhlükəsizliyin yaxşılaşdırılması sahəsində əməkdaşlıq ediblər. Azərbaycan ordusu ABŞ-ın İraq və Balkanlardakı səylərini dəstəkləyib. Azərbaycanın hava limanları Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) dəstək olmaq üçün ABŞ və NATO-nun uçuşlarına açıq olub və s.

Geosiyasi baxımdan Azərbaycanın ABŞ və Qərb üçün əhəmiyyətinə gəlincə, bu ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz ) bir hissəsidir. Bu marşrut Aİ və Çini dəmir yolu və avtomobil yolu ilə birləşdirir və hər il Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə ikitərəfli ticarətdə 600 milyard avro həcmində mallar nəql edir.

Beləliklə, geosiyasi seçim tələbi haqda bəzi yerli müşahidəçilərin iddialarına rəğmən, beynəlxalq mediada Azərbaycanın Qərb üçün məhz geosiyasi mövqeyinə, nəqliyyat, enerji və təhlükəsizlik sahəsində Qərblə əməkdaşlığına görə əhəmiyyətli olması haqda rəylər yetərincədir. Kifayət qədər əsaslandırılmış bu rəylər, həm də istər Qərbdə, istərsə Azərbaycandakı müəyyən manipulyasilara cavab da hesab edilə bilər.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm