İkinci “lift diplomatiyası”, yoxsa... – Əliyevlə Paşinyan nələri müzakirə edib? - VİDEO
Bizi izləyin

Nida Təhlil

İkinci “lift diplomatiyası”, yoxsa... – Əliyevlə Paşinyan nələri müzakirə edib? - VİDEO

İkinci “lift diplomatiyası”, yoxsa... – Əliyevlə Paşinyan nələri müzakirə edib? - VİDEO

MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə ən mühüm məqamlardan biri Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu. Sülh gündəliyinin müzakirə edildiyi görüş qeyri-rəsmi formada baş tutsa da, burada iki məqam diqqət çəkir.

Birincisi, Əliyevlə Paşinyan Qarabağdan erməni separatizminin ləğvindən sonra ilk dəfə birbaşa təmas qurdu;
İkincisi, Qərb görüş təşkil etmək üçün çox israr etsə də, bu, Rusiyada baş tutdu;

Ən mühüm detal isə Əliyevlə Paşinyanın ikitərəfli formatda müzakir aparmasıdır, halbuki, vasitəçilik üzərində Rusiya-Qərb qarşıdurması fonunda Putinin üçtərəfli formata çalışacağı gözləntisi var idi. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan da görüşün Rusiyada baş tutmasıdır. Və belə demək mümkünsə, Rusiya bu görüşlə bölgədə əsas oyunçu olduğunu ən azı vizual olaraq nümayiş etdirdi.

Bütün bunlarla yanaşı, Əliyevlə Paşinyanın Sankt-Peterburq təmaslarında yadda qalan iki məqam da var.

- Tərəflər söhbəti ayaqüstə aparıb;
- MDB iclasını birlikdə tərk ediblər;




Bu texniki detallar ermənilər üçün kabus olan “lift diplomatiyası”nı xatırladır. 2018-ci ilin 28 sentyabrda MDB dövlət başçılarının Düşənbədə keçirilən sammiti çərçivəsində Əliyev Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla ilk dəfə görüşdü. Əslində bu görüş yox, ayaqüstü müzakirə idi və Əliyevlə Paşinyan müzakirəni liftdə də apardı. Ermənistanda “lift diplomatiyası” adlandırılan bu müzakirələrdə Paşinyan “atəşkəsə” əməl etmək haqda söz vermişdi və Əliyevdən xahiş etmişdi ki, torpaqları danışıqlar yolu ilə azad edəcək, lakin hakimiyyətə yeni gəldiyi üçün hazırda zamana ehtiyacı var. Əliyev 2021-ci ildə “lift diplomatiyası” adlandırılan həmin müzakirənin detallarını açıqladı.

Düşənbə şəhərində o, mənə təklif etdi və söz verdi ki, atəşkəsə riayət edəcək və münaqişənin həll edilməsi ilə bağlı səylər göstərəcək. Sonra bizim nümayəndələr arasında birbaşa təmaslar yarandı. Məlumat mübadiləsi aparılırdı. Sonra Paşinyan özü qeyd edirdi ki, təmas xəttində bu qədər dinc vəziyyət mövcud olmayıb. Çünki o məndən xahiş etmişdi bunu. Çünki mən hesab edirdim ki, bu, sülhə töhfə verəcək, o, öz sələflərinin səhvlərini təkrar etməyəcək, öz siyasətini dəyişəcək. Ancaq o, mənim jestimi yanlış dəyərləndirdi. O, bunu zəiflik əlaməti kimi gördü. Halbuki, bu, güc və böyüklük əlaməti idi. Sonra onun Şuşada məlum rəqsi və məlum bəyanatları bizim təmaslara son qoydu. Əlbəttə, müharibə zamanı da bizim heç bir təmasımız ola bilməzdi”, - Prezident bildirmişdi.

Ermənilərin Paşinyanı ittiham etdiyi “lift diplomatiyası”ndan sonra rəsmi İrəvanın təxribat mövqeyi müharibənin başlanmasına səbəb oldu və Azərbaycan nəticədə torpaqlarını tamamilə azad etdi. İndi sülh gündəliyinin müzakirəsi fonunda ermənilərin yenidən “lift diplomatiyası” qorxuları qayıdır. Çünki Ermənistanda belə bir fikir var ki, Paşinyan nə vaxt Əliyevlə birbaşa təmas qurursa, hansısa məsələdə geri addım atır.

Hərçənd, mövcud vəziyyətdə Əliyevlə Paşinyanın Sankt-Peterburqda ikitərəfli şəkildə apardığı müzakirələr üçüncü tərəflərin prosesə müdaxiləsi olmadan sülh sazişinin imzalanmasına töhfə verə bilər. Hər iki liderin iclasdan birlikdə çıxması detalını da əslində ikitərəfli təmas mühitinin formalaşması kimi qəbul etmək mümkündür. Lakin həlledici amil Nikol Paşinyanın sülh gündəliyinə nə qədər sadiq qalacağıdır. “Lift diplomatiyası” adlandırılan Düşənbədə verdiyi sözə əməl etməmişdi. Bu baxımdan, Sankt-Peterburq görüşünün ikinci “lift diplomatiyasına” çeviriləcəyi, yoxsa sülhə töhfə verəcəyi proseslərin inkişafında bilinəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm