Nida Təhlil
Rəsulzadə irsi ətrafında ehtiras: İran və Rusiyanı narahat edən nədir? - FOTOFAKTLAR
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması haqda Prezident sərəncamı onun və ümumən Cümhuriyyət qurucularının irsi ilə bağlı həm Azərbaycanda, həm də qonşu ölkələrdə müzakirələrin artmasına səbəb olub. Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın açıqlaması isə nədənsə hakimiyyətin ittiham olunmasına fürsət yaradıb.
Azərbaycanda aparılan ideoloji müzakirələrin müəyyən çərçivədən kənara çıxmasının İran və Rusiyada əleyhimizə işləyə biləcəyi əslində gözlənilən idi. İranda Rəsulzadə irsinə marağın artması haqda əvvəlki yazılarda məlumat vermişdik. Bizdə Cümhuriyyət qurucuları ətrafında mənasız mübahisələr davam edərkən Arazdan cənubda olanlar o müzakirələri izləyir, sistemləşdirir, kitablaşdırır, səslənən yersiz ittihamlardan necə istifadə edəcəklərini də öyrənirlər.
Rəsulzadənin “İrane-nou” qəzetindəki fəaliyyəti və İran liberalizmin banisi Seyyid Həsən Tağızadə (Təbriz əsilli idi) ilə dostluğundan çıxış edərək onun haqqında, bəzən də AXC qurucularının az qala hamısı haqqında “paniranist”, “panislamist” kimi bəhs etməyə çalışırlar. Rusiyada isə separatçıların sabiq lideri Fəxrəddin Abbaszadə Rəsulzadəni Stalinlə bərabər “çar oxrankası”nın (daxili kəşfiyyat) agenti, Rusiya imperiyasının müdafiəçisi kimi təqdim edirdi, onun bu yanaşması ardıcılları tərəfindən davam etdirilir. Həm İranda, həm Rusiyadakı müəyyən dairələr Rəsulzadə və digər Cümhuriyyət qurucularının irəli sürüb reallaşdırdıqları Azərbaycan ideyasını Osmanlı intriqası kimi təqdim edirlər. Müəyyən solçu nəşrlər isə Cümhuriyyət qurucularını ingilis imperializiminin casusları elan edir, bu zaman Mustafa Kamal Paşa və Lenin arasında yazışmalara istinad edirlər. Yəni Rəsulzadə və Cümhuriyyət qurucularına münasibət anti-Aazərbaycan dairələri üçün ümumən Azərbaycanın müstəqil xalq, müstəqil dövlət olma ideyasına münasibətlə təndir, eynidir.
Son müzakirələrdə daha çox diqqət yetiriləcək məsələ “Lazarev” klubunun açıqlaması idi. Açıqlamada Rəsulzadənin Pilsudski, Türkiyə və ABŞ-la əməkdaşlığı da müasir Rusiyaya qarşı demarş kimi qınanır, Azərbaycanın onun yubileyini qeyd etməsinin Rusiya-Azərbaycan əməkdaşlığına zidd olması vurğulanırdı. MDB Ölkələri İnstitutunun direktoru, Dövlət Dumasının deputatı Konstantin Zatulin iddia edirdi ki, Prezidentin sərəncamı “Azərbaycan legionunun yaradıcısını şöhrətləndirmək üçün saxta cəhddir”. “Lazarev” klubu və MDB Ölkələri İnstitutu Rəsulzadənin Pilsudski, Hitler və müharibədən sonra Türkiyədə fəaliyyət göstərən “SSRİ Əsir Xalqlarının Azadlığı Komitəsi” ilə əməkdaşlıq etdiyini xatırladıb. “Buna baxmayaraq, Bakıda onu “Azərbaycanın atası” elan etdilər və son 10 ildə ikinci dəfə onun yubileyini dövlət səviyyəsində qeyd etməyə qərar verdilər” - “Lazarev” Klubu ittihamlarını yekunlaşdırıb.
Lazarev klubu birbaşa erməni lobbiçiliyi edən qurumdur, Zatulinin kimliyini isə xüsusi xatırlatmağa ehtiyac yoxdur. Demək, kampaniya birbaşa erməni lobbisinin kampaniyasıdır; Njdenin ifşasına cavab olaraq düşünülüb. Amma Ukraynaya hərbi təcavüzdən sonra Rusiyada artan velikorus şovinizmi səbəbindən “Njdenin ifşasına qarşı Rəsulzadənin ifşası” hədəfi həddini aşıb: velikorus şovinistlər sadəcə alman faşistləri ilə təsdiqlənməyən əməkdaşlığa görə deyil, ümumən rus imperiyasına qarşı istənilən çıxışa görə Cümhuriyyət qurucularını ittiham edirlər. Polşa dövlətçiliyinin bərpaçısı Pilsudski və “soyuq müharibə” illərində sovet imperiyasına qarşı istənilən dissident hərəkatda iştirak belə qınanır. Halbuki həm Pilsudski, həm də SSRİ Əsir Xalqlarının Azadlığı Komitəsi ilk növbədə antifaşist idilər.
İranda Rəsulzadə ilə bağlı iki ideoloji xətt nəzərə çapır - I xətt onu özününküləşdirmək, İran siyasi mədəni kimliyinin daşıyıcısı kimi göstərməkdir. Təəssüf ki, bu xəttin intişarına bizdəki yanlış, yersiz kampaniyalar da təkan verir. II xətt isə ondan Osmanlı hərbiyyəsinin və Qərb imperializminin anti-İran layihəsi kimi bəhs edir.
I xətti nümunə olaraq İranın “Səhər” kanalında nümayiş olunan, Rəsulzadəni paniranist kimi təqdim edən “sənədli film”i göstərmək olar. Onu da qeyd edək ki, İran təbliğat aparatı yalnız Rəsulzadə deyil, Pişəvəri haqda belə iddialar tirajlmağa, onların personasına olan marağı əks qavrayışa çevirməyə cəhdlər edilir.
Amma bu təqdimatla razılşmayan irqçi-paniranist nəşrlər kanalın yanıldığını göstərir, Rəsulzadə əleyhinə “ifşaedici” materiallar dərc edirlər. Qeyd edirlər ki, “Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Pişəvərinin Azərbaycanda (Cənubi Azərbaycan nəzərdə tutulur-C.Q.) oynadığı rolu oynayıb. O fərqlə ki, “Rəsulzadə Osmanlı pantürkizminə, Pişəvəri isə rus bolşevizminə xidmət edirdi”. İddia edilir ki, Rəsulzadəni də bir çox siyasətçilər kimi hakimiyyət maraqlandırırdı, II Dünya Müharibəsi illərində “Azərbaycan Osmanlı Respublikasını” dirçəltmək üçün Hitlerlə görüşə belə getmiş, lakin uğursuz olmuşdu (bu, təsdiqlənməyən iddiadır-C.Q). İran KİV-ləri son illər islamlaşma və türkləşmə düsturunun cənubi azərbaycanlılar arasında yayılmasından da əndişə hiss edir, ona görə də bu formulu irəli sürmüş şəxslərdən biri olan Rəsulzadənin təbliğini İran üçün təhlükə adlandırırlar. Çünki onların fikrincə, düsturun islamlaşma bəndi ilə Tehran rəsmilərini aldadan “pantürkistlər” İranın vahid siyasi mədəni kimliyini təhdid edirlər.
Yəni “İran millətçisi Rəsulzadə” haqda iddialar elə İran KİV-lərinin özləri tərəfindən də təkzib olunur. Cümhuriyyətin qurulmasından sonra Cənubi Qafqaza göndərilmiş İran fövqəladə missiyasının xatirələrinə istinadən məlumat verilir ki, Rəsulzadə yeni yaratdıqları dövlətin əsasları hələ möhkəmlənmədiyi halda, missiyaya daxil olan iranlı diplomatların hüzurunda İranın süqutundan danışırmış. Sözügedən xatirələr “Fövqəladə Qafqaz nümayəndə heyəti” kitabında toplanıb. Seyid Ziyauddin Təbatəbainin başçılığı altında İranın Qafqaza səfər edən nümayəndə heyətinin apardığı danışıqların stenoqramları və bağlanmış müqavilələrin mətnləri verilmiş kitab Rza Azəri Şəhrzai tərəfindən tərtib və izah edilmiş sənədlər toplusudur, hicri şəmsi və 1380-ci ildə (qriqoryan təqvimi ilə 2002-ci ildə) İran Xarici İşlər Nazirliyinin Çap və Nəşriyyat Mərkəzi tərəfindən nəşr edilib.
Qeyd edək ki, Qazaxıstan və Özbəkistanda da 20-ci əsrin əvvəllərində başlamış milli hərəkatlar və liderləri haqda bənzər müzakirələr aparılmaqdadır. Bununla yanaşı Özbəkistanda cədidizm hərəkatının, Qazaxıstanda Alaş muxtariyyətinin irsinə dövlət tərəfindən sahiblənmək meyilləri xeyli güclənib. Ötən illər Rusiyadan gələn etirazlara rəğmən basmaçılar hərəkatının əsas simaları reabilitasiya olunub, milli qəhrəmanlar kimi yubileyləri qeyd olunmağa başlayıb. II Cahan hərbi illərində Sovet İttifaqına qarşı döyüşmüş Türküstan legionu ilə bağlı yasaqlar da tədricən götürülür.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı