Azərbaycan Vardanyanın bankını alır? - Ermənistanda sensasiya yaradan əməliyyat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Vardanyanın bankını alır? - Ermənistanda sensasiya yaradan əməliyyat

Gürcüstanın ən böyük bankı olan “Bank of Georgia”nın (BOGG PLC) Ermənistanda “Ameriabank”ı almaq niyyəti erməni ictimai rəyində ciddi müzakirələr yaradıb.

Publika.az
xəbər verir ki, Ermənistan mediası bir neçə şübhəli sualı araşdırmağa çalışır.

- Ermənistanda müxtəlif banklar satışa çıxarılıb, sonuncu olaraq, HSBC, lakin “Bank of Georgia” niyə məhz “Ameriabank”ı almaq istəyir?
- “Ameriabank”ın səhmdarlarından olan Ruben Vardanyan hazırda Bakıda həbsxanadadır, bankın satışı necə həyata keçiriləcək?
- Vardanyanın səhmdarı olduğu erməni bankının alınmasının arxasında Azərbaycan dayanırmı?

Bu sualların müzakirələrində konspriloji iddialar belə irəli sürülür. Bu iddialardan biri də “Ameriabank”ın satılmasının Vardanyanın azadlığa çıxması üçün fidyə ola biləcəyi haqdadır. “Ameriabank”ın rəsmiləri bu iddialara aydınlıq gətirib.

Bankın açıqlamasında bildirilir ki, satış işi tamamlanmayıb, tərəflər alqı-satqı ilə bağlı danışıqlar mərhələsini başa çatdırıblar: “Alqı-satqı razılaşması BOGG və “Ameriabank”ın səhmdarlarının ümumi yığıncağında təsdiqlənməli, o cümlədən, Ermənistan Mərkəzi Bankı bunu qəbul etməlidir. Bu proses yaxın bir neçə ayda tamamlana bilər”.

Açıqlamada Ruben Vardanyanın bankın səhmdarları arasında olub-olmadığına da aydınlıq gətirilir. Ruben Vardanyan bankın birbaşa səhmdarı deyil. “Ameriabank”ın 48,82 faizlik səhmdarı Vardanyanın payının idarəçiliyinin həvalə edildiyi “İmast Group”dur (keçmiş Ameria Group). Səhmdarlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (17,71 faiz), Asiya İnkişaf Bankı (13,91 faiz), Afeyan Fondu və ESPS Group (12,05 faiz) da var. Hər bir səhmdar yalnız öz payı ilə bağlı qərar qəbul edə bilər, əqdin təsdiqi isə bütün səhmdarların qərarı ilə baş tutmalıdır.

Bank qeyd edir ki, alqı-satqı ilə bağlı danışıqlar iki il əvvəl başlayıb. Həmin vaxt Ruben Vardanyan həbs olunmamışdı və prosesdə bütün səhmdarlar kimi, Vardanyanın səhmlərini idarə edən “İmast Group” da iştirak edib.

Məlumata görə, “Ameriabank”ın satışı üzrə əməliyyatının məbləği 303,6 milyon dollardır. Alqı-satqı başa çatdıqdan sonra bankın hazırki səhmdarları arasında 10 faizlik pay Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq, digər səhmlərin hamısı London Fond Birjasında qeydiyyatdan keçmiş “Bank of Georgia”ya keçəcək və əsas səhmdar da Gürcüstan bankı olacaq. Böyük Britaniyanın Maliyyə Xidmətlərini Tənzimləmə Xidmətləri artıq maliyyə əməliyyatı sirkulyarını təsdiqləyib.

Erməni iqtisadçı Tatul Manaseryan bankın satılmasının Vardanyanın azadlığa çıxmasına hesablandığına dair iddiaları sadəlövhlük adlandırıb. Lakin o da iddia edir ki, Türkiyə və Azərbaycan “Ameriabank”ın alıcısı olan Gürcüstan bankı vasitəsilə Ermənistanın maliyyə bazarına daxil olmağa çalışa bilər: “Ermənistanın bank sistemində bank sirrini saxlamağa imkan verən müxtəlif ödəniş və məlumat ötürmə sistemi mövcuddur. Unutmayın ki, bank sirri dövlət sirrinin bir hissəsidir. Bu isə gerçəklərin açıqlanmayacağı deməkdir. Türkiyə və Azərbaycan öz məqsədlərinə çatmaq istiqamətində çalışır. İstisna etmirəm ki, Ermənistanın Mərkəzi Bankı da “Ameriabank”ın satışına icazə verəcək”.

“Ameriabank”ın Gürcüstan bankı tərəfindən alınması və bu alqı-satqının Bakıda həbsdə olan Ruben Vardanyanla bağlı olduğuna dair iddialar yalnız iddia olaraq qalır. Lakin bu iddiaların Ermənistanda yaratdığı ciddi ajiotajı seyr etmək də maraqlıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm