Nida Təhlil
GİPA: ABŞ-ın maraqlarına işləyən “kadr bankı” necə hazırlanır? - DETALLAR
ABŞ-ın Bakıdakı səfirliyi 2024-2026-cı illər üçün GİPA-nın Jurnalistika üzrə Magistr Proqramını elan edib. Bu proqrama qəbul olunacaq şəxslər iki il ərzində Tbilisidə təhsil alacaq və bütün xərclər Vaşinqton tərəfindən qarşılanacaq. Kifayət qədər cəlbedici görünən GİPA (Gürcüstanın İctimai Əlaqələr İnstitutu) proqramı Azərbaycanda da məşhurdur və bir çox tələbə bakalavr pilləsindən sonra bu proqram üzrə təhsil almağa can atır. Lakin tələb olunan səviyyədə ingilis dilini bilmək, yaxud üst səviyyəli savadlı olmaq GİPA-ya daxil olmaq üçün yetərli deyil.
GİPA-ya daxil ola bilmək üçün “vasitəçiyə” – “zaminə” ehtiyac var. ABŞ səfirliyinin proqrama qəbulla bağlı elanında da bu tələb yer alır: “Üç tövsiyə məktubu”. Sual yaranır: məqsəd yalnız magistr təhsili verməkdirsə, niyə namizədlərdən ərizə forması, şəxsiyyətini təsdiq edən sənəd və diplomla yanaşı, məhz tövsiyə məktubu da tələb olunur, özü də bir yox, üç ədəd?!
Əslində təhsil və digər bütün xərcləri qarşılayan ABŞ-ın GİPA proqramının gerçək mahiyyəti məhz bu detalda – tövsiyə məktublarında gizlənib. Və bu detal GİPA-nın Cənubi Qafqazda ABŞ üçün “kadr bankı” rolunu oynadığını, gəncləri bu institutda hazırlayaraq, öz şəbəkələrinə qoşduqlarını təsdiq edir.
Üç ədəd tövsiyə məktubu media və ya vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən verilməlidir. Bu məktublar “zamin” rolunu oynadığı üçün onu verənlərin də ABŞ-a bağlı şəbəkənin üzvləri olduğu sirr deyil. Beləliklə, GİPA-ya tələblərə cavab verən istənilən tələbə yox, məhz ABŞ şəbəkəsinin istədiyi şəxslər qəbul olunur. Yaxud GİPA-da təhsil almaq istəyən tələbə tövsiyə məktublarını almaq üçün mütləq ABŞ şəbəkəsinə qoşulmalı, yaxud şəbəkə üzvlərinin “süzgəci”ndən keçməlidir. Hər iki halda təhsil adı altında Birləşmiş Ştatlar üçün jurnalistika, hüquq, ictimai və media sahəsində “piyadalar” yetişdirilir. 1994-cü ildə ABŞ-ın İnformasiya Agentliyi və Milli İctimai İdarəetmə Akademiyasının dəstəyi ilə yaradılan GİPA-nın gerçək missiyası bundan ibarətdir.
ABŞ səfirliyinin elanından məlum olur ki, bu il Azərbaycandan 5 nəfər namizəd seçiləcək. Artıq elan başa çatıb, hansı namizədlərin seçiləcəyi bəlli deyil, lakin bəllidir ki, bu seçimdə təqdim edilən tövsiyə məktubları, bu məktubları yazanların kimliyi və Qərb dairələri üçün nə qədər əhəmiyyətli olması həlledici rol oynayacaq. Bu, GİPA-ya qəbul prosedurunu birinci mərhələsidir və göründüyü kimi, proqrama qəbul edilən tələbələr ilk mərhələdə artıq bu və ya digər formada şəbəkəyə qoşulmuş sayılırlar.
İkinci mərhələ iki istiqamətdə təşkil edilir.
Birinci istiqamət tədris və təlimlərin keçirilməsindən ibarətdir. Bu prosesdə onlara xüsusilə “qərb dəyərləri” öyrədilir. Belə demək mümkünsə, onların “beyni yuyulur” və milli dəyərlərini sıfırlayırlar. Bu prosesdə əsas işi Qərbin donor təşkilatları ilə əməkdaşlıq edən müəllim və professor heyəti – şəbəkənin üzvləri olanlar həyata keçirir. Misal üçün, onlardan biri GİPA-nın Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin təsisçisi Maia Mikaşavidzedir. Mikaşavidze Azərbaycanda müxaliofətyönümlü media platformalarını maliyyələşdirən “Internews” təşkilatının layihə koordinatorudur.
Tədris prosesində tələbələrə “qərb dəyərləri” adı altında Qərbdəki dairələrin maraqlarına uyğun formada işləməyin sirləri aşılanır:
- Neqativ informasiyaların hazırlanması;
- Neqativlər yoxdursa, onun kəşf edilməsi və istehsalı;
- İctimai proseslərdə - seçkilər zamanı, yaxud hansısa ölkə əhəmiyyətli hadisələrdə informasiya təxribatlarının həyata keçirilməsi və s;
Tədris prosesində nəzəri olaraq hazırlanan tələbələr paralel şəkildə ikinci istiqamətə - praktiki təcrübəyə yönəldilir. Bu məqsədlə yenə ABŞ-ın Cənubi Qafqazdakı media platformaları olan resursların qapıları açılır, misal üçün, “JAM-news.net”, “Euroasianet.org”, “OC media” və digərləri. Bu praktiki təcrübə təhsil haqqı da daxil olmaqla bütün xərcləri ABŞ tərəfindən ödənilən tələbələri əlavə gəlirlə də təmin edir. Adıçəkilən media resursları donor təşkilatları tərəfindən maliyyələşdirilir və əsas informasiya siyasəti də bölgədə Qərb maraqlarının müdafiə edilməsidir. Lakin hər birinin informasiya siyasətində xüsusilə seçilən ortaq məqam Azərbaycana qarşı mövqeyin sərgilənməsi, Ermənistanın maraqlarının müdafiəsidir. Misal üçün, “JAM-news.net” saytı Xankəndini “Stenapakert”, Qarabağdakı separatçıları isə “hökumət” olaraq təqdim edirdi. Yaxud “OC media” “Qarabağ blokadadır” kimi erməni iddialarını yayır, Azərbaycanı “mülki əhaliyə hücum etməkdə” ittiham edirdi. Belə nümunələr kifayət qədərdir, o cümlədən, saytların informasiya siyasətində əsas ağırlıq Azərbaycanla bağlı neqativ məlumatların yayılması, yaxud neqativ ictimai rəyin yaradılmasıdır.
GİPA-da təhsil alan azərbaycanlı tələbələrin üzərində “beyin yuyulması” əməliyyatı bu redaksiyalarda praktiki olaraq həyata keçirilir, daha sonra geriyə - ölkəyə qayıdanda Qərb şəbəkəsinin “mübariz piyadasına” çevrilirlər. Bu proqramın iştirakçılarının əksəriyyətinin məhz Qərb şəbəkəsinə bağlı informasiya resurslarında – “Mikroskop Media”, “FaktYoxla” platforması, “Abzas Media”, “Azadlıq radiosu” və digərləri – işləməsi də təsadüfi deyil. Çünki GİPA-da hazırlanan azərbaycanlı tələbələrin mütləq çoxluğu Qərb-ABŞ şəbəkəsində xidmət etmək üçün ölkəyə qayıdır. Və onların bir çoxu geri qayıdarkən, milli dəyərlərdən uzaqlaşmış halda olurlar. Onlar arasında “məşhurları” da var:
- Vaxtilə Azərbaycanda Qərb dairələrinə işləyən, daha sonra Avropa paytaxtlarında qapı-qapı gəzərək, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çalışan Emin Hüseynov GİPA-nın məzunudur;
- Nərmin Şahmarzadə, Fatimə Mövlamova kimi radikal feministlər GİPA-da təhsil alıb: Şahmarzadənin Qarabağ məsələsində erməniləri müdafiə edən “məşhur çıxışlarından” bütün cəmiyyət xəbərdardır;
- Ermənilərlə açıq əməkdaşlıq edən, “Agos” qəzetinin müxbiri və Azərbaycana qarşı mövqeyi ilə tanınan Arzu Qeybula da GİPA-da oxyuub;
Bu siyahını kifayət qədər uzatmaq olar, lakin GİPA-da təhsil alanların əksəriyyətinin Azərbaycanda erməni maraqlarını, LGBT-ni, radikal feminizmi və bu kimi milli dəyərlərdən uzaq nəsnələri təbliğ etdiyi, bir çoxunun da məhz Qərbdən maliyyələşən media resurlarında işlədiyi sirr deyil.
Göründüyü kimi, GİPA ABŞ-ın birbaşa maliyyələşdirdiyi və bölədə “kadr bankı” olaraq istifadə etdiyi platformadır. Orada təhsil alanların, daha doğrusu, almaq imkanı yaradılanların mütləq çoxluğu Qərb şəbəkəsinin aktiv üzvü kimi milli maraqların əleyhinə fəaliyyəti ilə seçilirlər.
GİPA-da azərbaycanlı tələbələrlə bağlı əsas diqqətçəkən məqam isə onlara “qərb dəyərləri”nin öyrədilməsi ilə yanaşı, Qarabağ məsələsində anti-milli mövqeyin aşılanması, düşüncələrinin Ermənistanın maraqlarına uyğun şəkildə formalaşdırılmasıdır. İstisna deyil ki, Qərbdə təsir imkanlarına malik olan erməni diasporu/lobbisi ABŞ-ın maliyyələşdirdiyi proqramdan həm də öz maraqlarına uyğun istifadə edirlər. Hətta zaman-zaman Ermənistan xüsusi xidmət orqanlarının GİPA-a cəlb etdiyi erməni tələbələr vasitəsilə azərbaycanlıları ələ almaq cəhdlərinin olduğu da istisna edilməməlidir.
Bu kontekstdə GİPA-da təhsil almış Heydər İsayevin dedikləri diqqət çəkir. H.İsayev iki il öncə “JAM-news.net” portalına açıqlamasında bildirirdi ki, təhsil aldıqları dövrdə erməni tələbələrlə Qarabağ məsələsini, müharibəni dəfələrlə müzakirə ediblər.
“Qarabağ münaqişəsinə toxunulduğu zaman bəzi azərbaycanlılar döyüş ruhuna köklənirdi. Deyirdilər, bu müharibədir və biz öz torpaqlarımızı qaytarmalıyıq, köçkünlərimiz üçün. Qalanlar isə, o cümlədən də mən ermənilərlə razılaşmışdıq ki, bütün bunlar sadəcə siyasi oyunlardır və bu mövzuda söhbətlərdən qaçmağa çalışırdıq. Biz müharibə əleyhinə idik və istəyirdik ki, döyüşlər mümkün qədər tez bitsin. Müharibədən sonra kursumuzdakı ermənilərdən və azərbaycanlılardan ibarət kiçik qrup yaxşı münasibət saxlaya bildi. Bu müharibənin necə baha başa gəlməsini dərk etməyimiz bizi birləşdirdi. Müharibəyə qədər məndən Qarabağ münaqişəsi ilə bağlı mövqeyimi soruşsaydılar, mən özümü daha çox Azərbaycanyönlü adlandırardım, amma təhsil zamanı, müharibə günlərində və sonra mən neytral oldum, mən bu münaqişədə hansısa tərəfi tutmuram”, - o deyir.
Və bununla əslində tədricən düşüncələrinin ermənilərin mövqeyinə uyğun dəyişdiyini etiraf edir. Çünki Qarabağda işğala son qoyulmamasını, daha sonra separatizmin qalmasını Ermənistan istəyirdi. H.İsayev qeyd edir ki, buna səbəb müəllimlərin azərbaycanlı və erməni tələbələri yaxınlaşdırması olub.
Bu amil Ermənistanın da GİPA proqramından zaman-zaman öz maraqlarına uyğun istifadə etdiyini təsdiq edir. İstisna deyil ki, Qarabağ məsələsi bitsə də, Ermənistan GİPA-dan eyni məqsədlə istifadə etməyə davam edir və bu prosesdə erməni diasporu/lobbisinin rolu böyükdür.
Bütün bunlar GİPA-nın təhsil adı altında birbaşa ABŞ-a bağlı şəbəkə formalaşdırmaqla məşğuldur. Azərbaycanlı tələbələrin bu proqramda təhsil alması bizim üçün ikiqat risk təşkil edir, çünki Qərb şəbəkəsinin “piyadasına” çevrilənlər bir çox hallard paralel olaraq, Ermənistanın da maraqlarına xidmət edir. Təcrübə ilə təsdiq olunub.
Publika.az analitik
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO