ABŞ-ın Bakının daxili işinə müdaxilə cəhdi - Blinken danışıqları niyə təhrif edir?
Bizi izləyin

Nida Təhlil

ABŞ-ın Bakının daxili işinə müdaxilə cəhdi - Blinken danışıqları niyə təhrif edir?

ABŞ dövlət katibi Entoni Blinkenin iyunun 20-də Prezident İlham Əliyevə zəngi iki kontekstdə xüsusilə diqqət çəkir.

Birincisi, ABŞ-ın Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirməsi, bölgədə Bakının həlledici oyunçu olduğunu qəbul etməsidir. Bunu Vaşinqtondan verilən mesajlar da deməyə əsas verir. Prezident Co Baydenin Bakı Enerji Həftəsi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda da bu məqam vurğulanırdı.


İkincisi, Vaşinqtonun son dövrlər Bakı-İrəvan xəttində sülh sazişinə dair aparılan danışıqlarda fəallıq nümayiş etdirməsidir.

Blinkenin Əliyevlə telefon danışığının mətnində də bu qeydlər yer alır.

Blinken Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi istiqamətində əldə edilən nəticələri təqdir edib, ABŞ-ın prosesə dəstəyini qeyd edib. Həmçinin, iqlim dəyişikliyi və enerji sektorunda ikitərəfli əməkdaşlıqdan bəhs edib, COP29 tədbirinin uğurla keçirilməsi üçün səy göstərəcəklərini vurğulayıb. Eləcə də ABŞ-Azərbaycan əlaqələrinin inkişafından danışıb.

Prezident İlham Əliyev də sülh mətninin təşəbbüskarının Azərbaycan olduğunu qeyd edərək, ikitərəfli formatda sülh prosesinin irəliləməsinə səylərin davam etdirildiyini, ABŞ-ın bu prosesə verdiyi töhfənin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Əlavə edib ki, Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulması sülh gündəliyinin irəli aparılması baxımından vacibdir. Dövlət başçısı Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çatdığını da bildirib. Bununla yanaşı, Azərbaycan-ABŞ münasibətlərinin inkişafından, enerji sektoruda əməkdaşlıqdan, iqlim dəyişikliyi və COP29 tədbirinə hazırlıqdan bəhs edib.

Tərəflər insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparıb. Telefon danışığının mətni müzakirələrin ABŞ-Azərbaycan münasibətlərinin ruhuna uyğun olduğunu göstərir.

ABŞ tərəfinin telefon danışığı ilə bağlı yaydığı rəsmi məlumat isə suallar yaratdı, xüsusilə Bakı-Vaşinqton münasibətləri fonunda. Dövlət Departamenti ikitərəfli münasibətlər üçün heç də uyğun olmayan mövqe sərgiləyib.

Birincisi, diplomatik etiket ciddi şəkildə pozulub.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin adından yayımlanan rəsmi açıqlamada yalnız Blinkenin fikirləri yer alır. “Blinken belə dedi, Blinken bunu vurğuladı, Blinken çağırış etdi” kimi həm iddialı, həm də diplomatiyada ən vacib nüans olan qarşılıqlı hörmət prinsipinə zidd qeydlər var. Prezident İlham Əliyevin fikirləri, Azərbaycanın həm sülh sazişinə, həm ikitərəfli münasibətlərə dair dediklərinə yer verilməyib. Bu yumşaq desək, diplomatik etiketitin pozulmasıdır.

İkincisi, telefon danışığının mətni tamamilə təhrif olunub.

Azərbaycan liderinin fikirlərinin yer almadığı açıqlamaya nəzər yetirdikdə, belə təsəvvür yaranır ki, telefon söhbətində danışan tərəf yalnız Blinken olub. Halbuki, Prezident İlham Əliyev bu müzakirələrdə vacib mesajlar verib.

- Sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək;
- Ermənistanın mövcud konstitusiyası və normativ-hüquqi aktları sülhə maneələr yaradır;
- Münaqişə başa çatdığı üçün Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməlidir;
- Bakı beynəlxalq iqlim problemlərinə həsr olunan COP29 tədbirinə böyük səylə hazırlaşır və s;

ABŞ tərəfinin rəsmi açıqlamasında bu məqamların heç birinin qeyd olunmaması ilə yanaşı, telefon söhbətinin mətni fərqli formada təqdim edilir. Misal üçün qeyd olunur ki, “Blinken bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs olunanların hamısını tez bir zamanda azad etməyə çağırıb”. Halbuki, tərəflər sadəcə, “insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparıb”. Və istisna deyil ki, Blinken müəyyən çağırışlar etdikdən sonra, Prezident İlham Əliyev bu məsələlərin Azərbaycanın daxili işi olduğunu, hər şeyin daxili qanunvericiliyə uyğun tənzimləndiyini diqqətə çatdırıb. ABŞ tərəfi isə hər şeyi tamamilə təhrif edir.

Sual yaranır: Dövlət Departamenti ikitərəfli münasibətlərə uyğun olmayan təhfirə niyə yol verir?

Burada ABŞ-ın Azərbaycandakı şəbəkəsinə verdiyi mesaj var, həm də bununla özünü ifşa edir. Rəsmi açıqlamada “haqsız yerə həbs olunanlar” qeydinin konkret nəyə və kimə aid olduğu qeyd olunmasa da, istisna deyil ki, söhbət “qrant qaçaqmalçılığı”na görə qanun qarşısına çıxarılanlardan gedir. İstintaq “Abzas.net” və “Toplum Tv” işində ciddi faktları ortaya çıxarıb. Belə ki, başda ABŞ olmaqla Qərbdən maliyyələşən şəbəkəyə ayrılan milyonlarla vəsait qaçaqmal yollarla ölkəyə gətirilib, həm vergidən yayınma hallarına yol verilib, həm də gətirilən vəsait və onların xərcləndiyi layihələrdə qeyri-şəffaflığa yol verilib. Bəllidir ki, Blinkenlə telefon söhbətində Prezident İlham Əliyev qanunun pozulması faktlarını təqdim edib, rəsmi məlumatda qeyd olunan “ölkələrin daxili qanunlarının aliliyinə hörmət” detalı da bunu deməyə əsas verir. Telefon danışığının mətnini təhrif edən ABŞ isə “haqsız yerə həbs olunanlar” qeydi ilə Azərbaycandakı şəbəkəyə “onların azad edilməsi istiqamətində” çalışdığını göstərməyə çalışır. Hərçənd, bu məqam “qrant qaçaqmalçılığı” şəbəkəsinin ABŞ-a bağlı olduğunun etirafı da hesab oluna bilər. Görünür, Vaşinqton öz şəbəkəsinin müdafiəsi naminə ikitərəfli münasibətlərə uyğun olmayan mövqe sərgiləməkdən, hətta diplomatik etiket qaydalarını pozmaqdan belə çəkinmir.

Vaşinqtonun qeyri-diplomatik mövqeyi həm də Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilədir. Dövlət Departamenti Azərbaycan qanunvericiliyinin tələblərini nəzərə almadan, həbs olunanların “haqsız yerə olması” haqda hökm çıxarır. Sual yaranır: ABŞ hansı əsasla “qrant qaçaqmalçıları”nın həbsini “haqsız” hesab edir? Axı ortada istintaqın aşkarladığı təkzibolunmaz faktlar var. Bu, ABŞ-ın “insan haqları və demokratiyadan” yalnız öz maraqlarının təmin olunması və ölkələrin daxili işlərinə müdaxilədə istifadə etdiyini təsdiq edir. Vaşinqtonun Ermənistanda etirazçılara qarşı polis dəyənəyi, hətta odlu silahların tətbiq edilməsinə göz yumması, Azərbaycanda isə qanunun alililiyinin təmin edilməsini fərqli formada təqdim etməsi də bu ölkənin gerçək simasını nümayiş etdirir.

ABŞ-ın belə yanaşması ikitərəfli münasibətlərə yalnız xələl gətirə bilər. Və Azərbaycana qarşı qərəzli, ədalətsiz yanaşma hər şeydən öncə ABŞ-ın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi ilə nəticələnəcəyi bəllidir. Vaşinqton bu haqda düşünməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm