Hərb tariximizin şanlı səhifəsinə yazılan əməliyyat
Bizi izləyin

Nida Təhlil

Hərb tariximizin şanlı səhifəsinə yazılan əməliyyat

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər.

Beləliklə, 19 sentyabrda uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli dövlət bayrağımız yüksəldildi, ərazi bütövlüyümüz tam bərpa edildi.

Hərbi ekspert Ədalət Verdiyev antiterror tədbirlərinin ildönümü ilə bağlı Publika.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməsi üçün zərurəti Azərbaycan ərazilərində qalmaqda davam edən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlar olub:

“Azərbaycan ərazisində yüzlərlə döyüş mövqeyinin hazırlanması, 350-dən çox müxtəlif tipli artilleriya qurğularının atəş mövqələrinə yerləşdirilməsi, 100 kilometrdən çox ərazinin mina tarlasına çevrilməsi, bölmələrimizin fəaliyyətini izləmək məqsədi ilə 200-dən artıq kameraların erməni silahlıları tərəfindən quraşdırılması proseslərə mənfi təsir edirdi. Belə olan halda təbii ki, Azərbaycan tərəfi uzun müddət bu məsələlərə bigənə qala bilməzdi. Ermənistan tərəfindən basdırılan minalarda polis əməkdaşları və mülki vətəndaşların həlak olması Azərbaycan tərəfinin səbir kasasını daşdıran son düşmən təxribatı oldu.

Nəticədə 24 saata yaxın davam edən antiterror tədbirləri nəticəsində düşmənin 1000-ə yaxın qüvvəsi məhv edildi. Bu hadisə unikal tədbir kimi hərb tariximizin şanlı səhifələrindən birinə yazıldı. Ordumuz bu tədbirlər zamanı öz gücünü bir daha dünyaya nümayiş etdirdi. Ordumuz bütün beynəlxalq hüquq prinsiplərinə riayət etdi. Antiterror tədbirləri nəticəsində Azərbaycan dövləti bütün ərazilərində öz suverenliyini bərpa etdi”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm