Zəngəzur dəhlizində Tehran-Moskva savaşının şifrələri - İran əslində nə istəyir?
Bizi izləyin

Nida Təhlil

Zəngəzur dəhlizində Tehran-Moskva savaşının şifrələri - İran əslində nə istəyir?

Zəngəzur dəhlizi üzərindən Tehran-Moskva qarşıdurması İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri ilə də həll edilmədi. Bu kontekstdə əsas diqqətçəkən məqam Şoyqunun “Rusiya Zəngəzur dəhlizi ilə bağlı İranla əvvəlki razılaşmalara sadiqdir” açıqlaması idi. Bu, İranın istədiyi “dəhliz layihəsinin gündəmdən çıxarılması” yox, Rusiyanın “dəhliz İranın regiondakı maraqlarına təhlükə yaratmır” mövqeyinin davam etdirilməsidir.

Və Əhmədianın Moskva səfərindən sonra baş verənlər də İran rəsmisinin “əliboş” qayıtdığını deməyə əsas verir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Moskva Zəngəzur dəhlizi ilə bağlı öz arqumentlərini təqdim edib və İranın bunu başa düşəcəyinə ümid edir” açıqlaması, kommunikasiyanın açılması üzrə Üçtərəfli İşçi Qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçukun İrəvana səfəri və verdiyi bəyanatlar da bu ehtimalı gücləndirir. İran isə “müharibə edəcəm” təhdidini davam etdirməkdədir, SEPAH-a bağlı informasiya resursları təbliğatı bu yöndə aparır. Son olaraq, İran Elmi Hövzələrin rəhbəri, İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi “Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir” açıqlamasını verdi.

Baş verənlər üç ana sualı ön plana çıxarır:

- İran niyə Zəngəzur dəhlizinə qarşıdır?
- İranın dəhlizə qarşı təbliğatı nədən ibarətdir və reallıqla nə qədər uzlaşır?
- Niyə indi məhz Rusiyanın üzərində fokuslanırlar?


İran Zəngəzur dəhlizi ilə bağlı narahatlığının təməl səbəblərini rəsmi şəkildə elan etmir. İranın özü üçün “təhlükə” kimi qəbul etdiyi bir neçə məqama toxunmaq olar:

- Qarabağın azad edilməsindən sonra İranın Cənubi Qafqaza giriş imkanları böyük ölçüdə məhdudlaşdı: Tehranda düşünürlər ki, Zəngəzur dəhlizi 10 noyabr bəyanatına uyğun açılarsa, Ermənistana, bütövlükdə bölgəyə girişi bloklanacaq;
- Zəngəzur dəhlizi reallaşması bu layihənin də bir hissəsi olduğu Orta dəhlizin perspektivini gücləndirəcək və bu, İranın Avrasiyanın nəqliyyat şəbəkəsindəki rolunu müəyyən qədər azalda, yaxud ona qarşı alternativləri önə çıxara bilər;
- İranın əsas hədəfi praktiki icrası nə qədər qeyri-mümkün görünsə də, Fars körfəzi-Qara dəniz marşrutunu reallaşdırmaqdır. Ki, Mehridən keçəcək dəhliz bu layihəni tamamilə rəfə qaldıra bilər;
- Və ən mühüm məqamlardan biri Zəngəzur dəhlizi ilə bölgədə Türkiyənin rolunun artması, Azərbaycanın güclənməsi Tehranda narahatlıq yaradır;

Hərçənd, rəsmi Bakı dəfələrlə Tehrana “bölgədəki maraqlarına təhlükə olmadığını” izah edib, regional əməkdaşlıq platformasını (3+3) irəli sürüb, hətta dəhlizin İran marşrutunun da açılmasına razılaşaraq, niyyətini praktiki müstəvidə nümayiş etdirib. Eyni izahı Moskva və Ankara da paylaşır. Tehran isə əməkdaşlıq imkanlarını dəyərləndirmir, əksinə, pozucu mövqeyindən əl çəkmir, halbuki, İran bu prosesdə “ofsaytda” qalan tərəfdir və müdaxilə imkanları məhduddur.

İranın Zəngəzur dəhlizinə qarşı kampaniyasının iki xətt üzrə aparıldığı müşahidə edilir.

1. Zəngəzur dəhlizi “NATO-Turan” dəhlizidir;
2. İran bu layihəyə qarşı “lazım olarsa, hərbi müdaxiləyə” əl atacaq, “ikinci cəbhədə döyüşmək gücündədir”, “İranın hərbi rəhbərliyi hərbi ssenari üzərindən düşünür” və s.


“NATO-Turan dəhlizi” İranda Azərbaycana qarşı çıxışları ilə tanınan ekspert Akef Kazemi tərəfindən ortaya atılıb, lakin bu iddianın müəlliflik hüquqları daha uzağa gedir. Hələ 80-ci illərdə Naxçıvanı Azərbaycana birləşdirəcək Mehri yolu layihəsi gündəmə gələndə erməni terrorçu Zori Balayan bunu “NATO-Turan dəhlizi” adlandırıb (bu fakt Cəmaləddin Quliyevə məxsusdur). Kazemi Balayanın iddiasını yenidən gündəmə gətirdi və İranın Zəngəzur dəhlizini “NATO və Turan”a bağlaması həm Rusiyaya, həm də dəhlizi “Bir kəmər bir yol” layihəsinin Orta dəhlizində birləşdirici keçid olaraq görən Çinə ünvanlanan təbliğatdır. Türkiyənin NATO üzvü olmasına və Turanın qurulması planına diqqət çəkməyə çalışır, “təhlükəni” Pekin və Moskvaya göstərirlər. Halbuki, dəhliz 10 noyabr razılaşmasına uyğun açılarsa, orada təhlükəsizliyi NATO ilə qlobal qarşıdurma yaşayan Rusiya qoruyacaq. Rusiya “NATO-Turan dəhlizi”ndə dayanacaq?! Yəni İranın təbliğatı gülüncdür. “Hərbi müdaxiləyə” əl atacaqları haqda dedikləri isə blefdir. İran da bunu anlayır, lakin bəlkə alınar düşüncəsi ilə “strateji çəkindirmə” taktikasını tətbiq edir.

Zəgəzur dəhlizinə görə adətən Azərbaycanı təhdid edən İranın indi Bakıya yox, Moskvaya xitab etməsinin iki səbəbi var.

Birincisi, Rusiya dəhliz layihəsinin reallaşması istiqamətində aktivləşib və proses Moskvanın planına uyğun davam edərsə, Bakı və Ankaranın mövqeləri güclənəcək, Tehranın bölgədə “ikinci dərəcəli” oyunçu mövqeyi sabitlənəcək;
İkicisi və ən əsas məqam Zəngəzur dəhlizində Rusiyanın iştirakına qarşı olan Qərbə “regionda sizin maraqları İran qoruyur” mesajını verməkdir: Ermənistanın sərhədlərini “qırmızı xətti” elan edəndə İranın hədəflərindən biri Qərbdən dəstək əldə etmək, yaxud ən azı sanksiyalar məsələsində qazanclı çıxmaq idi, buna görə Azərbaycanı hədəf olaraq seçmişdi; indi hədəfi daha böyükdür – Rusiya;

Qarabağdan çıxdıqdan sonra Zəngəzur dəhlizini əsas dayaq nöqtəsi olaraq görən Rusiyanın geri çəkilməyəcəyi bəllidir. İranın nə edəcəyi, dəhliz layihəsinə hansı formada qarşı çıxacağı maraqlıdır: “NATO-Turan dəhlizi” təbliğatı və “hərbi müdaxilə” blefinin işə yarayacağı ehtimalı zəifdir, bu baxımdan, İran nəticə əldə edə bilməsə də, yenidən Azərbaycanın üzərinə fokuslana bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm