Nida Təhlil
Putin nüvə doktrinasını niyə dəyişdirdi, dünyanı nələr gözləyir? - DETALLAR
Rusiyanın nüvə doktrinasına dəyişiklik etməsi yeni dünya müharibəsinin qapılarını bir qədər də araladı. İndi dünyanın mərkəzi paytaxtlarında əsas gündəm budur: Putin nüvədən istifadə edəcəkmi, bundan sonra nələr olacaq?
Putin nüvə doktrinasını sonuncu dəfə 2020-ci ilin iyununda imzalayıb. Altı səhifəlik doktrina “Nüvədən qorunmaq üzrə dövlət siyasətinin əsas prinsipləri” adlanır. Doktrinada qeyd olunur:
- Rusiya nüvə silahını çəkindirmə vasitəsi hesab edir;
- Nüvə silahından istifadə “məcburi tədbir”dir;
- Nüvə silahı təcavüzün qarşısını almaq məqsədi daşıyır;
- Nüvə silahından Rusiyaya və ya müttəfiqlərinə qarşı nüvə və digər kütləvi qırğın silahlarından istifadəyə cavab olaraq tətbiq edilə bilər;
- Rusiyaya qarşı adi silahlarla təcavüz zamanı dövlətin mövcudluğu təhlükə altında olanda nüvə silahından istifadə edilə bilər;
Doktrinaya edilən dəyişiklik Rusiyanın nüvə silahından istifadə imkanlarını da genişləndirdi. Dəyişikliyə görə, Rusiyaya qarşı strateji və taktiki təyyarələr, qanadlı raketlər, dronlar və digər aerokosmik hücum silahlarından kütləvi şəkildə istifadə edilməsi, bu silahların dövlət sərhədini keçməsi haqda etibarlı məlumatlar əldə edildikdə nüvə zərbəsi ilə cavab veriləcək. Bu, nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətlərinin hücumlarına da aiddir.
Rusiya 2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra dəfələrlə nüvə təhdidindən istifadə edib, lakin ilk dəfədir ki, onun nüvə təhdidi reallığa bu qədər yaxındır. Və bir neçə amildən irəli gəlir.
Birincisi, Ukrayna Kurska hücum etdi və ilk dəfə Rusiyanın sərhədlərini yararaq, irəlilədi: bu məqam sual yaradır: Rusiya dövlətinin mövcudluğu sual altındadır? Çünki 2020-ci ildə qəbul edilmiş doktrinada qeyd olunur ki, adi silahlarla hücum “dövlətin mövcudluğunu təhdid edərsə, nüvə zərbəsi endirilə bilər”. Kurskda nə baş verdiyi dəqiq bilinməsə də (Qərb və Rusiya mediası fərqli məlumatlar yayır), Rusiya ordusunun nəticə əldə edə bilmədiyi məlumdur;
İkincisi, Ukraynanın hücumunu nüvə dövlətləri – ABŞ, Fransa və Böyük Britaniya dəstəkləyir, yaxud qeyri-rəsmi formada dəstək verir: bu iddianı irəli sürən Rusiya nüvə doktrinasına dəyişiklik etməklə əslində Kurskdakı vəziyyəti dəyişdirməyə çalışır; sentyabrın əvvəlində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, “Kursk hücumunda Qərb silahlarından istifadə edilir”, bunu rəsmi Kiyev də təsdiq edib;
Bu iki amil Rusiyanı nüvə doktrinasına dəyişiklik etməyə sövq etdi. Doktrinaya əlavə edilən “nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətlərinin hücumları təsdiqini taparsa” qeydi də bundan qaynaqlanır.
Və son iki ildə bütün dünyanı düşündürən sual yenidən aktuallaşır: Rusiya nüvə zərbəsi endirəcəkmi?
Moskvanın sərgilədiyi siyasət və doktrinaya edilən dəyişiklik belə bir təhlükəni daha da artırdı, lakin Rusiyanın nüvə silahından hələ də “strateji çəkindirmə” məqsədilə istifadə etdiyi, bunun “dövlətin mövcudluğu sual altına düşmədiyi müddətdə” belə də qalacağı aydın görünür. Doktrinaya edilən dəyişiklik iki hədəfə hesablanıb:
- Cari dövrdə Qərbi Kurskdan çıxması üçün Ukraynaya təzyiqə məcbur etmək;
- Orta müddətdə Ukraynaya silah dəstəyinə tərəddüdlər yaratmaq: Qərbdə silah məsələsinə yanaşma birmənalı deyil, Rusiyanın nüvə doktrinasına dəyişiklik etməsi etiraz edənlərin mövqelərini gücləndirəcək;
- Uzaq perspektivdə müharibənin gedişatını Rusiyanın şərtlərini nəzərə almaqla masada sülh danışıqlarına, yaxud ən azı atəşkəs razılaşmasına doğru yönəltmək;
Rusiyanın gedişinin effektiv olacağı ehtimalı çoxdur. Qərb-NATO müharibə arealının Avropaya doğru genişlənməməsi üçün geri addım ata bilər. Hərçənd, hadisələrin inkişafında Qərbin fərqli gediş edə biləcəyi də istisna edilməməlidir: Ukraynaya silah dəstəyində nüvə dövlətləri – ABŞ, Fransa və Böyük Britaniya geri çəkilə və arxa fonda qalmaqla dəstəyini qeyri-nüvə dövləti olan Avropa ölkələri üzərindən genişləndirə bilər. Hərçənd, bütün variantlarda Ukraynanı çətin dövr gözləyir.
Asif Nərimanlı
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır