ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: İrəvan təlaş içində
Bizi izləyin

Nida Təhlil

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: İrəvan təlaş içində

Rəsmi Bakı ilə Ağ Evin yeni rəhbərliyi arasında ilk təmas artıq reallaşıb. Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib. Donald Trampı yenidən Prezident seçilməsi münasibətilə təbrik edən dövlət başçısı qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. İlham Əliyev vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.

İlkin təmas artıq reallaşıb

Göründüyü kimi, artıq Ağ Evə qayıdışa hazırlaşan Tramp və onun administrasiyası qarşıdakı dörd ildə dünya siyasətində hansı rol oynayacağının, müxtəlif bölgələr, o cümlədən Cənubi Qafqazla bağlı hansı mövqenin sərgilənəcəyinin planlarını cızmaqdadır. Bu baxımdan ilkin təmasların bu siyasətin formalaşdırılmasına təsiri və rolu mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, Prezident İlham Əliyev hələ bir müddət əvvəl - Şuşa mediaforumunda Azərbaycan üçün ən uyğun seçimin məhz Donald Tramp olduğunu demişdi. "Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi", - Prezident İlham Əliyev bildirib.

Azərbaycanın ali rəhbərliyinin bu açıqlaması rəsmi Bakının qarşıdakı dörd ildə ikitərəfli münasibətlərin yenidən məhz bu prinsiplər - qarşılıqlı hörmət və dəstək üzərində qurulacağına ümid etdiyini göstərir.

Güclü dövlət konsepsiyası

Əslində, Donald Trampın əvvəlki siyasi kursunu davam etdirəcəyi onun seçkiqabağı kampaniya müddətində verdiyi bəyanatlarla da təsdiqlənir. Proqnozlar ondan ibarətdir ki, Tramp ilk prezidentliyi dövründə olduğu kimi, bu dəfə də Vaşinqtonun xarici siyasət kursunu ənənəvi Amerika modelindən çıxararaq özünəməxsus şəkildə davam etdirəcək. Bunun ilkin işartıları da görünməkdədir.
Trampın da siyasi doktrinasının əsasını güclü dövlət konsepsiyası təşkil edir. Hansı ki, bu konsepsiya Azərbaycanın ali rəhbərliyi tərəfindən illəridir reallaşdırılmaqdadır. Məhz bu konsepsiyanın uğurla reallaşdırılması Azərbaycanın beynəlxalq səviyyədə müstəqil xarici siyasət yürütməsinə, milli maraqların güclü şəkildə müdafiə olunmasına şərait yaradır. Yeni reallıqlar dünya güclərinin Bakı ilə hesablaşmaq məcburiyyətində qalmasını zəruri edir.

Güclü lider məfhumu

Təbii ki, bu siyasətin digər mühüm bir faktoru həm də güclü lider məfhumudur. Hansı ki, Prezident İlham Əliyev dörd il öncə Vətən müharibəsində bütün təzyiqlərə baxmayaraq dövlətimizin ərazi bütövlüyü və suverenliyini təmin etməklə xalqının, dövlətinin əsl Lideri olduğunu bütün dünyaya nümayiş etdirib. Bu amil dünyada ədalətin, ənənəvi dəyərlərin qorunması istiqamətində Azərbaycan modelinin nümunə kimi göstərilməsini şərtləndirir.

Vaşinqtonun xarici siyasət kursuna ciddi təsir edəcək

Bir çox dövlət başçıları, siyasi liderlər Azərbaycanın yürütdüyü məlum siyasətdən yararlanaraq beynəlxalq böhranın hökm sürdüyü mövcud şəraitdə öz dövlətçilik ənənələrini, varlıqlarını qorumaq uğrunda mübarizə aparırlar. Ağ Evin yeni rəhbərinin siyasi portretinin analizi onu deməyə əsas verir ki, Donald Tramp məhz güclü liderlərlə, öz dövlətinin inkişafı üçün müstəqil uğurlu siyasət yürüdən dövlət başçıları ilə qarşılıqlı əlaqələrin inkişafında, ünsiyyətdə olduqca maraqlıdır. Ekspertlər də proqnozlaşdırırlar ki, Trampın şəxsi münasibətlərə mühüm əhəmiyyət verməsi Vaşinqtonun qarşıdakı dörd ildə xarici siyasət kursuna ciddi təsir göstərən amillərdən biri olacaq.

İrəvan təlaş içində

Təbii ki, Azərbaycan üçün yeni Tramp dönəmini maraqlı edən tək ikitərəfli münasibətlər yox, həm də Ağ Evin yeni administrasiyasının Cənubi Qafqazda sülh və sabitlik naminə İrəvan-Bakı danışıqlarında sərgiləyəcəyi mövqedir. İrəvanda bu istiqamətdə ciddi təlaş içindədirlər. Bir çoxları Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı məhz demokratların siyasi əsəri hesab edirlər. ABŞ-də erməni lobbisinin Trampa yaxın və onun komandasında yer alacaq siyasi fiqurlarla təmasları intensivləşdirdiyinə dair məlumatlar yayılır. Lakin bu təmasların o qədər də uğurlu alınmadığı, Trampın siyasi baxışlarına ciddi təsir etmədiyi deyilir. İrəvanda bu qənaətdədirlər ki, Ermənistanı Rusiyaya qarşı mübarizədə özünün Cənubi Qafqazdakı qalasına çevirən demokratların bu illər ərzində göstərdikləri səylər Trampın qələbəsi ilə təhlükə altına düşüb. Çünki Trampın Ukrayna böhranına yanaşması demokratlardan köklü şəkildə fərqlənir ki, bu da Ermənistanın ABŞ üçün əhəmiyyətini yeni administrasiya dönəmində minimuma endirir. Bu amil Azərbaycanla sülh danışıqlarında da mühüm rol oynayacaq. Paşinyanın və erməni revanşistlərin sülhdən qaçmaq planlarının pozulacağı da istisna deyil. Çünki Tramp tarixə yeni müharibələr başladan lider yox, məhz müharibələri sonlandıran Prezident kimi düşmək istəyir.

Göründüyü kimi, yanvarın 20-dən ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır. Bu mərhələdə Bakının qarşı tərəfdən gözləntiləri olduqca aydındır. Müstəqil siyasi kursa, yeni reallıqlara, ədalətli sülhün təmininə qarşılıqlı hörmət və ikili standartların ortadan qaldırılması. Trampın bu gözləntiləri hansı dərəcədə doğruldacağını isə zaman göstərəcək.("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm