Nida Təhlil
Bakı regionun etibarlı tərəfdaşı, Ankara isə açarıdır - Müsahibə

Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin (TARSAM) rəhbəri, tarixçi professor Naci Yengin Publika.az-ın suallarını cavablandırıb.
Onunla olan müsahibəni təqdim edirik:
- Türkiyə-Azərbaycan ittifaqı regionun geosiyasi mənzərəsində getdikcə güclənir. Sizcə, bu ittifaq gələcəkdə regional güc balansına necə təsir göstərəcək?
- Oğuz atamızla başlayan Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz bir bağa sahibdir. Hər iki dövlət eyni kökdən gəlir, bu da münasibətlərə dərin mənəvi məzmun qatır. Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bu əlaqələr siyasi, hərbi və iqtisadi müstəvilərdə daha da möhkəmləndi.
Bu gün Türkiyə və Azərbaycan regionda bir-birini tamamlayan iki strateji aktora çevrilib. İttifaq təkcə iki dövlətin maraqlarına deyil, bütün türk dünyasının inteqrasiyasına xidmət edir. Gələcəkdə bu birlik təkcə Cənubi Qafqazda deyil, Orta Asiya və Yaxın Şərqdə də balansı dəyişdirəcək. Azərbaycan, Türkiyə, ümumiyyətlə, Orta Asiya türk dövlətləri dostluqlarını balanslı şəkildə ticarət, iqtisadiyyat və mədəniyyət cəhətdən gücləndirməlidir.
- Cənubi Qafqaz son illərdə həm təhlükəsizlik, həm də enerji baxımından strateji mərkəzə çevrilib. Azərbaycanın bu prosesdə rolu nədən ibarətdir?
- Cənubi Qafqaz bölgəsi dünyanın taleyini müəyyənləşdirir. Dünyanın gözü, enerji yataqlarının ünvanı olan Cənubi Qafqaz bölgəsindədir. Azərbaycan isə artıq sadəcə enerji ixracatçısı deyil, həm də regional təhlükəsizlik anlayışının mərkəzi fiquruna çevrilib. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Bununla yanaşı, Azərbaycan diplomatik baxımdan da yeni mərhələyə qədəm qoyub. Balanslı siyasət yürütməklə həm Rusiya, həm Qərb, həm də qonşu ölkələrlə əlaqələri qorumağı bacarır. Bu, onu regionun etibarlı tərəfdaşına çevirir.
- Bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə münasibətlərdə nikbin açıqlama ilə çıxış etdi. Bəyanata əsasən, Ermənistan-Azərbaycan sülh müqaviləsi Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcək, sərhədlərin açılmasına gətirib çıxaracaq. Bu iddia reallaşa bilərmi?
- Əgər Ermənistan həqiqətən sülh istəyirsə, əvvəlcə tarixlə üzləşməlidir. Qeyd edim ki, 1877-ci ilə qədər Türkiyənin Ermənistan ilə hər hansı problemi olmayıb.
Türkiyə onlara qarşı düşmənlik etməyib, əksinə, onları qoruyub. Lakin ermənilər 24 aprel 1877-ci ildə Osmanlı və Rus imperiyaları arasında başlayan müharibədə saxta dövlət vədinə aldanaraq, rusların tərəfində oldular. Bununla da Ermənistan-Türkiyə münasibətləri pozuldu. Bugünkü reallıqda isə Paşinyan anlayır ki, Türkiyə ilə yaxınlaşmaq onun siyasi varlığını qorumağın yeganə yoludur. Ankara artıq regionun açarıdır. Türkiyənin dəstəyi olmasa o, hakimiyyətdən gedə bilər. Son zamanlarda Paşinyana qarşı olan çevriliş cəhdlərinin qarşısını da Türkiyə aldı. Lakin Avropa dinc dayanmır, bu dövlətlər arasında nifaq toxumları səpir. Çünki əgər iki dövlət arasındakı münasibətlər bərpa olunsa, bu, Türkiyənin ticarət sektorunda güclənməsinə töhfə verəcək.
- Sülhün əldə olunması üçün Ermənistan konstitusiyasında və təhsil sistemində hansı dəyişikliklər edilməlidir?
- Ermənistanda hələ də azərbaycanlılara qarşı nifrət təbliğatı davam edir. Dərsliklərdə və rəsmi sənədlərdə saxta iddialar yer alır. Əgər sülh istəyirlərsə, bu düşüncə tərzi dəyişməlidir. Məsələn, Ağrı dağının adı Ermənistanda hələ də Ararat kimi qeyd olunur. Ötən ay Paşinyan açıqlamalarından birində ölkəsinin pasportundan Ağrı dağının təsvirinin çıxarıldığını açıqladı. O, bunu Ermənistanın ərazi bütövlüyünü tanımaqları kimi əsaslandırdı. Ümumiyyətlə, Ermənistanda dərsliklərdə və s. türklər əleyhinə iddialar yer almaqdadır. Bunların hər biri sülh müqaviləsinə uyğun olaraq dəyişdirilməli, Ermənistan konstitusiyası yenidən yazılmalıdır. Əgər bu cür addımlar ardıcıl həyata keçirilərsə, Türkiyə ilə münasibətlərin bərpası da mümkündür.
- Qərbdəki erməni lobbiləri olmasaydı, Ermənistan bu qədər təsir gücünə sahib ola bilərdimi?
- Əsla. Ermənistanın əsas dayağı məhz Qərbdə formalaşmış erməni diasporudur. Bu lobbilər vasitəsilə Ermənistan uzun illər beynəlxalq aləmdə özünü “zərərçəkmiş dövlət” kimi təqdim etməyə çalışıb.
1990-cı illərdə Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə yetərincə güclü deyildilər. Amma indi vəziyyət dəyişib. 44 günlük müharibə göstərdi ki, Ermənistan arxasında kim olursa-olsun, Azərbaycan və Türkiyə birliyi qarşısında dayana bilməz.
- Hazırda Qərb və Rusiya arasında güc balansı dəyişir. Sizcə, Azərbaycan hansı istiqamətdə daha sabit və müstəqil siyasət qura bilər?
- Azərbaycan bu müstəvidə çox həssas yanaşma sərgiləməlidir. Bir növ “Qıldan incə, qılıncdan kəskin” siyasət yürütməlidir. Rusiya ilə münasibətlərdə ehtiyatlı, Qərblə əməkdaşlıqda isə praqmatik yanaşma vacibdir. Azərbaycanlıların uzun müddət Rusiyanın təsirində qalması, azadlıqlarını əllərindən aldığı üçün onlara qarşı nifrət formalaşdırıb.
Rusiya zəhəri qabda açıq verir, Qərb isə onu bal içində gizlədir. Azərbaycan bu ikisinin arasında milli maraqları əsas tutmalıdır. Hərbi, iqtisadi və enerji baxımından balanslı siyasət ölkənin gələcəyinin təminatıdır.
- Zəngəzur dəhlizi hazırda gündəmin ən çox müzakirə olunan mövzularından biridir. ABŞ-ın təşəbbüsü ilə gündəmə gələn “Tramp marşrutu” layihəsi Azərbaycan üçün nə vəd edir?
- Bu layihə ilk baxışdan “sülh və rifah” adı altında təqdim edilsə də, onun arxasında geosiyasi maraqlar dayanır. ABŞ-ın məqsədi bölgədəki enerji və ticarət yollarına nəzarət etməkdir. ABŞ bu layihə ilə Ermənistanı 99 il ərzində bir növ himayəsinə aldı.
Zəngəzur dəhlizi türk dövlətləri üçün strateji körpüdür. Bu yol Orta Asiyadan Avropaya uzanan türk birliyinin real təzahürüdür. Əgər bu dəhliz tam açılarsa, Azərbaycanın iqtisadi və siyasi çəkisi əhəmiyyətli dərəcədə artacaq. Lakin ABŞ və Qərb bunu tam nəzarət altında saxlamaq istəyir. Azərbaycan isə burada öz maraqlarını qorumağı bacarmalıdır.
- Sizcə, gələcəkdə Qafqazda yeni müharibə təhlükəsi yarana bilərmi?
- Təəssüf ki, bəli. Qafqaz dünyanın ən həssas regionlarından biridir. Əgər Üçüncü Dünya müharibəsi baş verəcəksə, bu, məhz buradan başlaya bilər. Ermənistanın daxildəki revanşist qüvvələr və xaricdən gələn təhriklər sülh prosesini zədələyir.
Əgər Ermənistan yenidən silahlanarsa və köhnə xəyalına qayıdarsa, vəziyyət bir anda dəyişə bilər. Ona görə də regionda davamlı sülhün tək yolu əməkdaşlıq və qarşılıqlı etimaddır.
- Ukrayna və Yaxın Şərqdəki müharibələr qlobal təhlükəsizlik sistemini sarsıdıb. Növbəti riskli regionlar hansılardır?
- Ukrayna bu gün Qərbin əlində alətə çevrilib. ABŞ Ukraynanın təbii sərvətlərinə çıxış əldə edib, Avropa isə bu münaqişədən iqtisadi mənfəət qazanmağa çalışır. Ukrayna Avropa və ABŞ-ın bir növ Rusiyaya qarşı “tətikçisi”dir. Türkiyə Rusiya və Ukrayna arasında sülh əldə etmək üzrəykən, Avropa bunun qarşısını aldı. Əgər bu vəziyyət davam edərsə, növbəti gərginlik nöqtəsi Cənubi Qafqaz və Orta Asiya ola bilər. Çünki bura həm enerji resursları, həm də strateji mövqeyi baxımından böyük güclərin maraqlarının toqquşma nöqtəsidir. Azərbaycan üçün əsas məsələ bu burulğanda milli maraqlarını qorumaqdır.
Roza Şəfiyeva
-
Rəsmi xronika15:48
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
İdman15:40
Ən gözəl seçki: Bu iki xanım prezident olmaq istəyir - FOTOLAR
-
Rəsmi xronika15:31
TDT-nin Qəbələ Bəyannaməsi qəbul edildi
-
İdman14:32
Azərbaycan millisinin sabiq üzvündən erməniyə: Bu eybəcərliyi Qafqazın hansı ölkəsində öyrənibsən?
-
Sosial14:02
Pensiyalarla bağlı yeni qaydalar təsdiq edildi - Nə olacaq?
-
İdman13:50
Bekhemin dəbdəbəli kolleksiyası: Birinin qiyməti 1 milyon dollardan çoxdur - FOTOLAR
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO