Nida Təhlil
“Bakı Enerji Həftəsi”: Qlobal enerji gündəliyi Azərbaycanda formalaşır
Qlobal enerji gündəliyinin formalaşmasında mühüm rol oynayan 31-ci “Bakı Enerji Həftəsi” həmişə olduğu kimi, yenə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirən enerji həftəsi özündə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u birləşdirir. “Bakı Enerji Həftəsi”nin dünyanın aparıcı enerji tədbirlərindən birinə çevrilməsini dünya liderlərinin rəsmi məktublar ünvanlaması da təsdiq edir. Bu il keçirilən tədbirə ABŞ prezidenti Donald Tramp, Böyük Britaniyanın baş naziri Keir Starmer və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi məktub göndərib.
Tramp prezident İlham Əliyevə ünvanladığı məktubda “31-ci “Bakı Enerji Həftəsi”ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram”. – deyə qeyd edir:
“Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur. Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaq”.
Starmer məktubunda “Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır”, - deyə vurğulayıb.
Ərdoğan isə qeyd edib ki, bölgədə baş verən hadisələr Azərbaycanla enerji sahəsində atdıqları addımların nə qədər düzgün olduğunu bir daha göstərir. Türkiyə prezidenti bildirib ki, region üçün vaxtilə xəyal hesab edilən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməyə davam edirlər.
Liderlərin rəsmi məktubları, eləcə də tədbirdə iştirak edən yüksək səviyyəli rəsmilər və beynəlxalq şirkətlər “Bakı Enerji Həftəsi”nin qlobal enerji gündəliyinin formalaşmasındakı rolunu göstərir.
Prezident İlham Əliyevin tədbirdə çıxışı və verdiyi mesajlar qlobal enerji sektorundakı mövcud vəziyyət və perspektivlər baxımından xüsusilə əhəmiyyətli oldu. Dövlət başçısı ABŞ prezidenti Donald Trampa enerji məsələsini “yenidən normal məcraya” qaytardığına görə təşəkkür edib.
“Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu. Çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”, - dövlət başçısı bildirib.
Həqiqətən də dünyada anormal olan fikir formalaşdırılmışdı. Guya qlobal ekoloji problemlərin səbəbkarı neft-qaz ehtiyatları olan ölkələrdir və yeganə çıxış yolu “alternativ enerji mənbələrinə” keçiddir. Tramp hakimiyyətə gəlişindən sonra bu anormal rəyi dəyişdirdi. Neft və qaz sənayesinə qarşı uzun illər aparılan qarayaxma və damğalama kampaniyasına son qoyulub - dünya faydalı qazıntılar olmadan yaşaya bilməz. Praqmatizm vacibdir: enerji təhlükəsizliyi + bərpaolunan enerjiyə sərmayə. Təbii sərvətlərdən düzgün istifadə - düzgün enerji siyasəti və milli maraqlara əsaslanan praqmatik yanaşma ölkələr üçün ən doğru yoldur. Azərbaycan bu yolla həm özünü, həm də qlobal enerji təhlükəsizliyini gücləndirir.
Prezident qeyd edib ki, ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir: “Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız”.
Məsələnin əsas mahiyyəti məhz budur: ölkələr neftin olub-olmaması ilə yox, gəlirlərin necə istifadə edilməsi ilə mühakimə edilə bilər.
Azərbaycan enerji sektorundan əldə edilən gəlirlərin necə istifadə edilməsi ilə bağlı mühüm təcrübə formalaşdıra bilib. Azərbaycan təbii sərvətlərdən əldə etdiyi vəsaitləri sosial infrastruktur, təhsil, səhiyyə, ordu quruculuğu və iqtisadi inkişafa yönəldib. Enerji layihələri işə düşdükdən və Azərbaycan böyük maliyyə vəsaitləri əldə etməyə başladıqdan sonra nəhəng işlər görülüb. Uğurlu enerji siyasətinin həyata keçirilməsiylə əldə olunan nəticələr bunun bariz nümunəsidir.
1990-cı illərin əvvəllərində 20 faiz torpağımız işğal altında idi, 1 milyon qaçqın, 50 faizdən çox yoxsulluq olan bir ölkə idi Azərbaycan. Hətta enerji resurslarına baxmayaraq, elektrik enerjisini və qazı idxal edirdi. İndi Azərbaycan tamamilə fərqli ölkədir: ərazilərini azad edib, yoxsulluq səviyyəsi 5 faizə düşüb, işsizlik minimal səviyyədədir, xarici borc ÜDM-in cəmi 6 faizini təşkil edir, dövlət ehtiyatları xarici borcu 18 dəfə üstələyib. 30 il əvvəl investorlar cəlb edən Azərbaycan bu gün investor ölkəyə çevrilib. Bu gün SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya qoyur. Torpaqlarımızın azad edilməsinin əsasında da məhz enerjidən əldə olunan gəlirlərin düzgün istiqamətdə xərclənməsi – güclü iqtisadiyyat və güclü ordunun yaradılması idi.
Azərbaycanın son 30 ildə keçdiyi yol eyni problemlərdən əziyyət çəkən ölkələr üçün örnəkdir. Azərbaycanın inkişafı, sosial, iqtisadi, hərbi, xarici siyasəti sübut edir ki, təbii sərvətlərdən düzgün istifadə edilən zaman onlar bir çox üstünlüklərə yol aça bilər.
Prezident bildirib ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı: “Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu. Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır”.
Dövlət başçısının çıxışında ən vacib məqamlarda biri Azərbaycanın enerji potensialı ilə bağlı dedikləri idi. Prezident bəyan etdi ki, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir.
“Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur”, - dövlət başçısı diqqətə çatdırıb.
Azərbaycan bərpaolunan enerji sektoruna ciddi yatırımlar edir. Artıq gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək.
Azərbaycan üçün enerji sektorunda ən mühüm istiqamətlərdən biri də qlobal enerji təhlükəsizliyinə verdiyi töhfədir. Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən ölkələr üçün mühüm tranzit imkanları təqdim edir. Dövlət başçısı bildirib ki, bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik.
“Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir. Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik. Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu, ötən il avqustun 8-də Ağ Evdə ABŞ prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir”, - Prezident deyib.
Dövlət başçısının çıxışında qlobal enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolun əhəmiyyəti və gələcəkdə həyata keçiriləcək işlər əksini tapıb. Bu mesajların “Bakı Enerji Həftəsi”ndə verilməsi isə qlobal enerji gündəliyinin formalaşmasında mühüm töhfədir.
Asif
-
İnanc18:36Məhərrəmlik ayı bu tarixdə başlayacaq
-
Hadisə17:21Qayınatası gəlinini buna görə öldürüb
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir


















.jpg)
















