Prezidentin iştirak etdiyi üç fərqli sammit və Bakının çoxvektorlu siyasəti
Bizi izləyin

Nida Təhlil

Prezidentin iştirak etdiyi üç fərqli sammit və Bakının çoxvektorlu siyasəti

Son 10 gündə beynəlxalq ictimaiyyət üç müxtəlif coğrafiyada, üç fərqli siyasi birliyin sammitinə şahidlik etdi.

1- 2 oktyabr – Kopengahen: Avropa Siyasi Birliyinin sammiti;
6-7 oktyabr – Qəbələ: Türk Dövlətləri Təşkilatının sammiti;
9-10 oktyabr – Düşənbə: MDB dövlət başçılarının sammiti;


Hər üç sammitin keçirildiyi məkan fərqli olduğu kimi, siyasi yanaşmalar/mövqelər də fərqli, hətta Avropa və MDB timsalında əks-cəbhələrdir: Avropa Siyasi Birliyi öz cəbhəsini gücləndirmək və yeni geosiyasi reallıqlarda “Köhnə Qitəni”n güc mərkəzi rolunu saxlamağa çalışır; Türk Dövlətləri Təşkilatı yeni geosiyasi güc mərkəzi kimi önə çıxmağı hədəfləyir; MDB, xüsusilə Rusiyanın rəhbərliyi ilə Qərblə qarşıdurmada səflərini sıxlaşdırmaq, geosiyasi mübarizədə mövqelərini qorumaq istyir;

Bu üç fərqli birliyin fərqli məkan və zamanda keçirilən sammitlərini birləşdirən yeganə amil Azərbaycanın iştirakı idi.

Avropa Siyasi Birliyinin 7-ci zirvə görüşünə xüsusi dəvət edilən Prezident İlham Əliyev Kopenhagendə böyük hörmətlə qarşılandı. Azərbaycan Avropa üçün təkcə enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş deyil, eyni zamanda, geosiyasi proseslərdə mövqeyini gücləndirmək və bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsində yer almaq üçün həlledici oyunçudur. Bu kontekstdə sammit çərçivəsində Avropa liderlərinin Azərbaycan Prezidenti ilə görüşməyə can atması təsadüfi deyildi, çünki Avropa İttifaqının ümumi maraqları ilə yanaşı, üzv ölkələrin individual siyasəti də mövcuddur və bu ölkələr Avrasiyadakı proseslərə təsir imkanlarına malik olan rəsmi Bakı ilə ikitərəfli münasibətlərdə maraqlıdırlar.

Prezident İlham Əliyev sammit çərçivəsində 8 görüş keçirdi: Moldovanın prezidenti Maya Sandu, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna prezidenti Volodimir Zelenski, Niderlandın baş naziri Dik Sxof və Fransa prezidenti Emmanuel Makron.

Qarşı tərəflərin müraciəti əsasında baş tutan bütün görüşlərdə müzakirələrin xüsusilə iki istiqamət üzrə qurulması Azərbaycanın nüfuzunu özündə əks etdirir.

a) Azərbaycanın Avropa İttifaqının təhlükəsizliyində oynadığı rol və ikitərəfli münasibətlərin inkişafı;
b) Bakı-İrəvan danışıqları və Cənubi Qafqazda əldə olunmuş sülh;


Bu, Azərbaycanın Cənubi Qafqazın əsas gücü, Prezident İlham Əliyevin isə regionu lideri kimi qəbul edildiyinin isbatıdır.

Prezident İlham Əliyevin Avropa səfərindən sonra Türk Dövlətləri Təşkilarına (TDT) üzv ölkələr Qəbələdə toplandı. TDT-nin 12-ci Zirvə Görüşü bir sıra hadisələr fonunda xüsusilə əhəmiyyətli idi.

- Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının böyük ölçüdə təmin edilməsi;
- Zəngəzur dəhlizi ilə bağlı razılaşma türk dünyasının önündə coğrafi parçalanmanı aradan qaldırmaq perspektivləri açır;
- Çoxqütblü qlobal siyasətin ön plana çıxdığı dünyada geosiyasi mübarizənin kəskinləşməsi və TDT-nin bu proseslərdə vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyi;


Əliyev çıxışında TDT-nin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini xüsusilə vurğuladı. Çünki mövcud geosiyasi mübarizədə “sağ qalmağın” yeganə yolu budur. Və türk dünyasının dərin inteqrasiyası, eləcə də coğrafi parçalanmasının aradan qaldırılması istiqamətində mühüm rol oynayan Azərbaycan lideri TDT-nin gələcək vizyonunun qurulması missiyasını da həyata keçirir. Qəbələ sammiti TDT-nin gələcək vizyonunun formalaşması strategiyasında mühüm mərhələlərdən biri idi.

Qəbələ sammitindən sonra Prezident İlham Əliyevi MDB dövlət başçılarının zirvə görüşünün keçirildiyi (9-10 oktyabr) Düşənbədə gözləyirdilər. Azərbaycan liderinin zirvədə iştirakı təşkilat üçün xüsusilə əhəmiyyətli idi:

- MDB bununla əks-cəbhəyə - Avropaya Azərbaycan kimi regional oyunçunun təşkilatda yer aldığının mesajını verir;
- Təkcə Cənubi Qafqazın deyil, Avropa və Asiyanı birləşdirən coğrafiyanın lideri olan Azərbaycanla münasibətlər üzərindən geosiyasi müstəviyə güclü çıxış əldə edir;


Düşənbədə baş verənlər bunun əyani nümayişi idi. Sammitdən bir gün öncə - 9 oktyabrda Prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin təkbətək görüşü keçirildi. Ötən ilin dekabrında AZAL-ın mülki təyyarəsinin vurulması nəticəsində gərginləşən ikitərəfli münasibətlərdən sonra liderlər ilk dəfə canlı təmasa keçirdi. Və Putin Əliyevlə görüşdə Bakının təyyarənin vurulması məsələsində irəli sürdüyü bütün tələbləri – təzminatın ödənilməsi və günahkarların cəzalandırılması, qəbul etdiklərini açıqladı. Bu, Azərbaycanla münasibətlərin Rusiya, ümumilikdə MDB üçün nə qədər əhəmiyyətli olduğunu təsdiq edir. Düşənbə sammitində (10 oktyabr) Prezident İlham Əliyevin böyük hörmətlə qarşılanması da bundan qaynaqlanırdı.

Cəmi 10 gündə Prezident İlham Əliyevin Avropadan Asiyaya qədər uzanan böyük coğrafiyada keçirilən üç fərqli sammitdə iştirakının birdən çox səbəbi qeyd oluna bilər.

1. Azərbaycan Avropadan Asiyaya qədər uzanan coğrafiyada həlledici aktor kimi qəbul edilir;
2. Ölkəmiz xarici siyasətdə çoxvektorlu və çoxregional siyasət izləyir: bu, bütün güc mərkəzlərini, yaxud müxtəlif cəbhələri Azərbaycanla münasibətlərə önəm verməyə vadar edir
;

Son 10 gündə Prezident İlham Əliyevin üç fərqli məkanda keçirilən sammitlərdə ardıcıl olaraq iştirakı Azərbaycaın qlobal nüfuzunun təzahürüdür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm