Nida Təhlil
Moskvanın Bakıya qarşı hibrid müharibəsində yeni dalğa - Kimlərə sifariş verilib?
Cənubi Qafqazda Rusiyanın imperativ maraqlarına təhlükə hesab etdiyi yeni reallıqların yaranması fonunda Moskvanın Bakıya qarşı hibrid müharibə üsulları ilə hücumları intensivləşib. Əslində regiondakı şərtlər əməkdaşlıq üçün geniş imkanlar açır, lakin Rusiya əməkdaşlıq yox, hakimlik iddiasından imtina etmək istəmir və bu iddialarının perspektivləri sual altına düşdüyünə görə yeganə bacardığı planı - müxtəlif üsullardan istifadə etməklə həm ritorik, həm praktik müstəvidə təzyiq cəhdlərini dövriyyəyə salıb.
Hazırda Moskvanın Bakıya qarşı Avropa və ABŞ-a qədər uzanan coğrafiyadakı hibrid müharibəsinin səbəblərini, bu müharibədə istifadə etdiyi üsulları anlamaq üçün üç il öncə - 2023-cü ildə baş verənləri xatırlamaq zərurəti var.
2023-cü ilin 20 sentyabr tarixində Qarabağda qalan separatçılara qarşı keçirilən anti-terror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bərpa etdi.

Bu, regionun təhlükəsizliyini təhdid edən erməni separatizminin məhv edilməsi ilə yanaşı, Rusiyanın Cənubi Qafqazdakı əsas rıçaqının da sıradan çıxarılması idi, xüsusilə 44 günlük müharibədə Qarabağ münaqişəsinin həlli fonunda Moskva əsrlərdir istifadə etdiyi kartlardan məhrum olmuşdu. Bundan sonra Rusiya Azərbaycan-Ermənistan sülh danışıqlarında “vasitəçilik” etməklə regiondakı güc balansını əlində saxlamağa çalışırdı, lakin bu, bölgə üçün yalnız mənfi perspektivlər vəd edirdi.
- Rusiyanın “vasitəçiliyi” yalnız öz maraqlarını təmin etməyə hesablanmışdı və bu, sülhün əldə edilməsi imkanlarını sual altına salırdı;
- Digər güclər də “vasitəçilik” etməyə can atırdı ki, nəticədə bölgənin qlobal qarşıdurma platformasına çevrilməsi riskləri yaranırdı;
Cənubi Qafqazda sülhün arxitekturasını inşa edən Azərbaycan Ermənistanla ikitərəfli danışıqlar formatını inkişaf etdirməklə bu riskləri böyük ölçüdə neytrallaşdıra bildi. Bakının strateji addımları İrəvanla sülh perspektivlərini gücləndirir, eyni zamanda, regionun qlobal qarşıdurma meydançasına çevrilməsinin qarşısını alırdı. Hərçənd, mövcud şərtlərin Moskvada qəzəblə qarşılandığı da sirr deyildi. Rusiyanın Azərbaycana qarşı hibrid müharibəni gücləndirməsi də məhz bundan sonraya təsadüf edir.
2024-cü ilin 25 dekabrında Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasından sonra Moskvanın Bakıya qarşı təzyiq cəhdləri daha da genişləndi. Təyyarənin vurulması qəsdli olmasa da, rəsmi Bakı haqlı olaraq, üzrxahlığın edilməsi, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi tələbini irəli sürdü.

Rusiya üzrxahlıq etsə də, digər iki tələbi - günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsini hələ də yerinə yetirməyib, hətta bu ölkənin prezidenti Vladimir Putin ən yüksək səviyyədə vəd versə də. Əksinə, AZAL-ın təyyarəsinin vurulmasından sonra Moskvanın təyyarənin vurulması ilə bağlı istintaqa müdaxilə cəhdləri baş verdi, bunun fonunda Bakıya qarşı hibrid hücumları intensivləşdi. Bu hücumlar xüsusilə üç müstəvidə həyata keçirilib.
Birincisi, 2025-ci ilin fevral ayından etibarən kiberhücumların edilməsidir.
Hücumlar Rusiyaya bağlı dövlət haker qrupu “APT29” tərəfindən Azərbaycan media platformalarına qarşı edilib. Bununla bağlı faktlar Azərbaycan Parlamentinin Xarici Müdaxilə və Hibrid Təhdidlərə Qarşı Mübarizə üzrə Komissiyasının araşdırmasında ortaya çıxıb. Komissiyanın məlumatına görə, hücumlar Bakıdakı "Rus Evi" və "Sputnik" agentliyinin bağlanmasına “cavab” xarakteri daşıyırdı. Azərbaycan ötən il Rusiya tərəfindən bir neçə dəfə kiber hücuma məruz qalıb.

İkincisi, Rusiyadakı Azərbaycan icmasına qarşı dövlət səviyyəsində törədilən terror hücumlarıdır. Yekaterinburqda və digər bölgələrdə soydaşlarımızın qətlə yetirilməsi, ardınca azərbaycanlılara qarşı əsassız təzyiqlərin edilməsi bu prosesin tərkib hissəsi idi. Soydaşlarımıza qarşı təzyiq bu gün də davam edir.

Üçüncüsü, informasiya müstəvisində anti-Azərbaycan kampaniyasının genişlənməsidir.
Kremlə bağlı ekspertlər, eləcə də media resursları Azərbaycanla bağlı informasiya siyasətini qarayaxma və təhdid kampaniyası məntiqinə uyğun həyata keçirib. Total xarakter daşıyan hücumda Solovyov kimi media “ruporları”, Zatulin kimi rəsmi şəxslər də daxil olmaqla jurnalist, bloqer və ekspert “ordusu” iştirak edib.
Moskvanın Bakıya qarşı hücum istiqamətlərindən biri də Ukraynadır. Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya Kiyevdəki səfirliyimizi üç dəfə raket atəşinə tutub. İlk hücumda bunun təsadüf ola biləcəyi fikri güclü olsa da, zərbələrin davam etdirilməsi məqsədyönlü şəkildə edildiyini təsdiq etdi.
Prezident İlham Əliyev də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, birinci hücumdan sonra Azərbaycan dövləti bunun təsadüf olduğunu düşünüb.

“Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi. Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir”, - dövlət başçısı qeyd edib.
Rusiya Ukraynada təkcə səfirliyimizi yox, enerji infrastrukturumuzu da açıq şəkildə hədəfə alır. Ötən ilin avqstunda Ukraynanın Rumıniya ilə sərhədinə yaxın Orlivka (Orlovka) qazpaylayıcı (qaz ölçmə və kompressor stansiyası) obyektinə zərbələr endirildi. Bu obyekt Trans-Balkan qaz marşrutunun bir hissəsidir və burada Azərbaycandan SOCAR vasitəsilə qaz idxalı planlaşdırılırdı. Bir müddət sonra isə Odessa yaxınlığında SOCAR-a məxsus neft bazasına (yanacaq anbarı) dron hücumları edildi. Moskva bununla bir tərəfdə rəsmi Bakıya təzyiq edir, digər tərəfdən, Avropanın enerji bazarında Azərbaycanın iştirakına maneələr törətməyə çalışır.
Rusiyanın Azərbaycana qarşı hibrid müharibəsinin hədəfləri aydın görünür:
- Azərbaycan-Ermənistan sülh prosesində yer almaq, bununla Cənubi Qafqazda “hakimlik” iddialarını saxlamaq;
- Regionun kommunikasiyasının bərpasından pay əldə etmək, xüsusilə Zəngəzur dəhlizində iştirak;
- AZAL-ın vurulan təyyarəsinə görə rəsmi Bakını tələblərindən imtina etməyə məcbur etmək və s;
Təzyiq və diktə yolu ilə Azərbaycanın geri addım atmağa məcbur olacağı düşüncəsi Rusiyanın strateji yanlışı oldu. Çünki Bakı 2023-cü ilin sentyabrından sonra Moskvanın strat verdiyi hibrid müharibəsində geri çəkilmədi, əksinə, haqlı tələblərini davam etdirdi və soydaşlarımızın hüquqlarının qorunması istiqamətində prinsipiallıq nümayiş etdirdi, eləcə də regionda uzunmüddətli və davamlı sülhün bərqərar olması məqsədilə nəticəyönümlü siyasət yürütdü.

2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda baş tutan görüş və əldə olunan razılaşmalar isə Rusiyanın Cənubi Qafqzda üç yüz illik hökmranlıq iddialarının sonu hesab oluna bilər. Azərbaycan və Ermənistan liderləri Prezident Donald Trampın şahidliyi ilə iki tarixi addım atdı.
1. Sülh sazişi layihəsi paraflandı: bununla Rusiyanın Bakı-İrəvan xəttində “vasitəçilik” planları baş tutmadı;
2. Naxçıvana maneəsiz keçidlə bağlı TRİPP layihəsi (Zəngəzur dəhlizi) razılaşdırıldı: Zəngəzur dəhlizində ABŞ-ın rəsmi zamin kimi qəbul edilməsi Rusiyanın kommunikasiya planlarını da sıradan çıxardı;
Bununla yanaşı, Bakı Vaşinqtonla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri, Vaşinqtonda razılaşdırılmış Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması bunun rəsmiləşməsi idi. Bu, həm də Rusiyanın Cənubi Qafqaz siyasətində klassik təsir imkanlarından, bu imkanları yenidən bəpa etmək perspektivindən tamamilə məhrum olmasıdır. Rusiyanı qıcıqlandıran əsas amillərdən biri məhz budur.

AZAL-ın təyyarəsi, soydaşlarımıza qarşı qətllərin törədilməsi, təzyiqin edilməsi, Ukraynada səfirliyimizə və enerji resurslarımıza zərbələrin endirilməsi, eləcə də informasiya və kiber hücumlarla nəticə əldə edə bilməyən Moskvanın hibrid müharibədə yeni dalğalara təkan verdiyi müşahidə edilir. Bu dəfə Avropa və ABŞ-dakı agentura şəbəkəsi işə salınıb, məqsəd bu ölkələrdə Azərbaycanın imicini zədələmək, eyni zamanda, rəsmi Bakının Qərblə münasibətlərini sabotaj etməkdir. Avropada “söyüş müxalifəti”nə yeni simaların qoşulması və aktivləşdirilməsi, həmçinin, Vaşinqtonda Azərbaycan Prezidentinin qaldığı otel ətrafında təxribat cəhdlərinin edilməsində Moskvanın direktivləri aydın görünür.
Asif Nərimanlı
-
Dünya10:12Moskvada polisə hücum: Ölənlər və yaralananlar var
-
Dünya09:48Avropa Rusiya ilə müharibə edəcək: ABŞ izləyəcək
-
Nida Xəbər 09:28Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
-
İqtisadi gündəm09:12Yeni bahalaşma gəlir: Nə olacaq?
-
Dünya07:55Vuçiçə qarşı sui-qəsd cəhdi: 2 nəfər saxlanıldı
-
Sosial06:46Bakıda bu rayonlarda yeni söküntülər olacaq - Ünvanlar
-
Magazin204:30Məşhur cütlük ayrıldı, tamaşa ləğv olundu
-
Qoroskop01:20Günün ulduz falı: məhsuldar dövrə qədəm qoyursunuz














.jpg)



.jpg)


.jpg)















