İnsan haqları və Azərbaycanın anti-müstəmləkə mövqeyi – Prezidentdən mühüm mesajlar
Bizi izləyin

Nida Təhlil

İnsan haqları və Azərbaycanın anti-müstəmləkə mövqeyi – Prezidentdən mühüm mesajlar

İnsan haqları və Azərbaycanın anti-müstəmləkə mövqeyi – Prezidentdən mühüm mesajlar

İnsan hüquqlarından siyasi və ideoloji rıçaq kimi istifadə edildiyi sirr deyil, xüsusilə geosiyasi oyunçular müxtəlif ölkələr üzərində təsir imkanlarını genişləndirmək, yaxud təzyiq etmək məqsədilə bu vasitədən geniş istifadə edirlər. Həmin ölkələr analoji vəziyyətlə üzləşdikdə - özlərinin insan haqlarını pozması ilə bağlı faktlar gündəmə gələndə isə bunu süngü ilə qarşılayır, məsələni “daxili işlərə müdaxilə kontekstində” təqdim edirlər. Fransanın timsalında insan haqları məsələsinin öz mahiyyətindən uzaqlaşaraq, tamamilə siyasi alətə çevrildiyini görmək mümkündür.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bununla bağlı real vəziyyəti izah etdi. Dövlət başçısı bildirdi ki, insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir.

“Biz Avropa Şurasına qəbul olunarkən mən Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim və Strasburqa gəlmişdim. Nümayəndə heyətimizin Avropa Şurası rəhbərliyindən eşitdiyi ilk fikirlərdən biri bu idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz. Biz yaxşı tələbələr idik və bunu öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini qaldıranda, onlar ittiham olunurlar. Təkcə onlar deyil, hətta Azərbaycan Hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz belə etmirik. Çünki insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir”, - Prezident vurğulayıb.

İnsan haqlarının “heç bir ölkənin daxili məsələsi olmadığı” adlandırılsa da, reallıqda hər zaman ikili standart yanaşma tətbiq edilib. Azərbaycan da uzun illər ərzində bu yanaşmadan əziyyət çəkən ölkələrdəndir. Qərb dairələri insan haqları məsələsindən Azərbaycana qarşı uzun illər ərzində iki məqsəd üçün istifadə edib.

Birincisi, Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasi kursuna təsir etmək;
İkincisi, Ermənistanın maraqlarını qorumaq, Azərbaycanı Qarabağda işğala əsaslanan status-kvo ilə barışmağa məcbur etmək;


Hələ Birinci Qarabağ müharibəsi dövründə “907-ci düzəliş” də daxil olmaqla Azərbaycana qarşı qəbul edilən qərarların əsas hədəfi bu idi. Bir tərəfdən Azərbaycanda “insan haqları pozulur” iddiasını tirajlayır, anti-milli şəbəkələri hərəkətə gətirməklə süni şəkildə “problemlər” yaradılır, digər tərəfdən Qarabağın işğalını legitimləşdirməyə çalışırdılar. Avropa strukturlarında – AŞPA və Avropa Parlamentində qəbul edilən qətnamələr/qərarlar da eyni məqsədə xidmət edirdi: Azərbaycanı müstəqil siyasətdən və torpaqlarımızın azad edilməsi planından imtina etməyə məcbur etmək.

Prezident İlham Əliyev bütün təzyiqlər qarşısında Azərbaycanın milli maraqlarının müdafiə edilməsi və torpaqlarımızın azad olunması məqsədindən geri çəkilmədi. İkinci Qarabağ müharibəsi, ardınca anti-terror əməliyyatı ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Lakin 44 günlük müharibənin başlandığı ilk gündən etibarən Qərb dairələri Azərbaycana qarşı “insan haqları” məsələsini süni şəkildə gündəmə gətirməklə ordumuzun dayanmasına çalışdı. Buna nail ola bilmədikdə Xankəndidə separatçıların qalıqlarını qorumaq, qondarma “erməni dövləti”ni legitimləşdirmək məqsədilə yenə insan haqları məsələsindən geniş şəkildə istifadə etdilər. Fransa bu prosesdə lokomotiv rolunu oynayır, Avropa strukturlarının erməniyönümlü siyasətini koordinasiya edirdi. Nəticə əldə edə bilməsələr də, bu gün belə eyni təxribat cəhdlərini davam etdirirlər. Açıq şəkildə ermənipərəst siyasəti yürüdən Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ respublikası”nın saxta “səfirliyinin” fəaliyyət göstərməsi belə nümunələrdəndir. İkinci Qarabağ müharibəsində Azərbaycanın qarşısını almağı bacarmayan Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı senat səviyyəsində tanımaq qərarı ilə suverenliyimizə qarşı təxribat törətdi. Lakin bu cür təxribatlar Azərbaycanın suverenliyini bərpa etməsinə və bölgədəki reallıqlara təsiri olmadı. Buna baxmayaraq, Fransa keçmiş separatçıların qondarma “səfirliyinin” fəaliyyəti ilə Azərbaycana təzyiq etməyə çalışır, bu siyasətini də iki absurd fikirlə əsaslandırmağa çalışır:

- “Ermənilərin hüquqlarını qoruyur”, halbuki, bu separatizmin dəstəklənməsi deməkdir və beynəlxalq hüquqa tamamilə ziddir;
- Azərbaycana bu yolla təzyiq edərək, Fransanın müstəmləkə siyasətini ifşa edən Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə son qoymağa çalışır;

Halbuki, Bakı Təşəbbüs Qrupunun missiyası tamamilə başqadır və bu, Azərbaycan-Fransa münasibətlərinə aid deyil. Prezident İlham Əliyev də bu məsələyə münasibət bildirib.

“Fransanın ölkəmizin suverenliyinə münasibəti və qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı Fransada qəbul edilmiş qərarlar münasibətlərimizə müəyyən dərəcədə mənfi təsir göstərib. Hətta bu gün də Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyi fəaliyyət göstərir. Lakin bunlar nisbətən kiçik məsələlərdir. Söhbət Fransa ilə münasibətlərimizdən getmir. Söhbət beynəlxalq davranışın fundamental prinsiplərindən gedir. XXI əsrdə sizdən 10 min kilometr uzaqlıqda yerləşən müstəmləkəyə sahib ola bilməzsiniz, xüsusilə də həmin ərazidə yaşayan insanlar sizi istəmirlərsə. İnsanlar öz həyatlarını özləri qurmaq istəyirlər. Yeni Kaledoniyadan və ya digər ərazilərdən daha kiçik olan, lakin dövlətçiliyə malik, Birləşmiş Millətlər Təşkilatında səsini ucalda bilən və öz bayrağı olan çox sayda ölkə var. Nə üçün onlar da bu hüquqa malik olmasınlar?”, - dövlət başçısı qeyd edib.

Məsələnin mahiyyəti məhz burada ortaya çıxır. Əgər “insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz” prinsipi əsas götürülürsə, nə üçün Fransanın müstəmləkə ərazilərində baş verənlər bu ölkənin “daxili işi” kimi təqdim edilməlidir?! Bu, Qərb dairələrinin insan haqlarını manipulyasiya etdiyini və siyasi maraqların alətinə çevirdiyini sübut edən amillərdəndir. Fransanın, eyni zamanda, bir sıra Qərb ölkələrinin Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyə qarşı fəaliyyətini, haqları pozulan xalqlar üçün tribunaya çevrilməsinə dözümsüzlüyü də insan haqlarından danışan dairələrin ikiüzlülüyünü çılpaqlığı ilə ortaya çıxarır. Çünki Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə ərazilərində insan haqlarını pozduğunu, xalqların azadlıq arzularına qarşı törətdiyi zorakılığı beynəlxalq gündəmə daşıyır.

Fransanın qondarma dənizaşırı əraziləri – faktiki olaraq, müstəmləkədə saxladığı xalqlar uzun illər ərzində öz problemlərini beynəlxalq ictimaiyyətə çatdıra bilməyiblər. İnsan haqlarından danışan institutlar baş verənləri görməzdən gəlib, yaxud Qərb ölkələri Fransa ilə münasibətlərə görə azadlıq hərəkatlarının zorakılıqla yatırılmasına göz yumub. Bununla yanaşı, Fransanın müstəmləkə ərazilərində tətbiq etdiyi informasiya blokadasına, hərbi xunta qaydaları ilə idarəçilik, hətta soyqırımı kimi aktlara əl atmasına dünya susub. XXI əsrin üçüncü onilliyində insan haqlarının qorunması beynəlxalq hüququn əsas prinsiplərindən olmasına rəğmən, Yeni Kaldeniyada, Polineziya, Martinika, Sen-Martendə və digər ərazilərdə müstəqillik istəkləri güc yolu ilə boğulur. Fransanın XXI əsrdə də müstəmləkə siyasətinə davam edə bilməsinin əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin diqqətsizliyi, insan haqları təşkilatlarının səssizliyidir.

Bakı Təşəbbüs Qrupu məhz beynəlxalq müstəvidəki bu ədalətsizliyi aradan qaldırdığı, müstəmləkəçiliyə qarşı çıxdığı, xalqların azadlıq istəklərinə qarşı süngü siyasətini dünyaya çatdırdığı üçün hücumlara məruz qalır. BTQ 2023-cü ildə fəaliyyətə başlayanda, Fransa başda olmaqla Qərb dairələri bu təşkilatın mühüm nəticələr əldə edə biləcəyini düşünmürdü.

- 2024-cü ilin may ayında Yeni Kaledoniyada yerli kanaklar Fransa hökumətinin konstitusiyaya dəyişiklik cəhdinə qarşı mübarizəyə başlayanda rəsmi Paris informasiya blokadası ilə baş verənlər haqqında beynəlxalq ictimaiyyətin məlumat əldə etməsinə mane yaratmağa çalışsa da, BTQ-nin fəaliyyəti nəticəsində bütün dünya törədilən zorakılıqlardan xəbər tutdu. Daha sonra BTQ Yeni Kaledoniyada baş verənlərlə bağlı BMT-yə hesabatlar təqdim etdi, nəticədə məsələ beynəlxalq müstəviyə daşındı.
- Həmin ilin iyun ayında BTQ-nin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənildi.
- Avqust ayında BTQ BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında” adlı alternativ hesabat təqdim etdi.
- Oktyabr ayında BTQ-nin təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirildi. BMT İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində keçirilən konfransda Fransanın neo-müstəmləkə siyasəti və dənizaşırı ərazilərdə insan haqlarına qarşı törətdiyi əməllər beynəlxalq ictimaiyyətə təqdim olundu.
- Oktyabrın 25-də BMT-nin İnsan Haqları Komitəsi BTQ-nin alternativ hesabatına istinadən Fransanı sərt şəkildə tənqid etdi.
- 7 noyabr tarixində BMT İnsan Hüquqları Komitəsinin yayımladığı hesabatda Fransanın gerçək siması – bəşəri dəyərlərə qarşı törətdiyi vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması halları, Yeni Kaledoniya başda olmaqla dənizaşırı ərazilərdə həyata keçirdiyi zorakılıq aktları öz əksini tapdı.


Fransa hökuməti müstəmləkə altındakı xalqların azadlıq tələblərini siyasiləşdirmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə Azərbaycanı “daxili işlərə müdaxilə etməkdə” ittiham etsə də, nəticə əldə edə bilmədi, çünki BTQ-nin neokolonizmə qarşı mübarizəsi beynəlxalq hüquqa əsaslanırdı və baş verənlərlə bağlı dünyanı məlumatlandırmaqla rəsmi Parisi fakt qarşısında qoydu. Nəhayət, 2025-ci ilin iyulunda Fransa Kanakinin (Yeni Kaledoniya) gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə müqavilə imzalamağa məcbur oldu. Yeni Kaledoniya ilə yanaşı, digər müstəmləkə ərazilərində - Polineziyada, Martinikada, Sen-Martendə də azadlıq tələbləri, bu tələblərə qarşı Fransanın zorakılıq siyasəti Bakı Təşəbbüs Qrupu çərçivəsində beynəlxalq gündəmə çevrilib.

Prezident İlham Əliyevin də dediyi kimi, Bakı Təşəbbüs Qrupu bu mövzunu – müstəmləkə siyasətini qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır.

Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıblar: “Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır. Uzun illər ərzində Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə mövcud problemlərlə bağlı eşidilən o çox zəif səslər koordinasiyalı şəkildə aparılan hücum qruplarının təzyiqi nəticəsində susdurulurdu. Onlara qarşı təzyiqlər göstərilir, hədələr edilirdi. Hətta mənə verilən məlumata görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən bəzi şəxslər saxlanılıblar. Yeri gəlmişkən, onlar təkcə Fransada deyil, İsveçrədə də saxlanılıblar. Onlardan bəziləri hətta həbs olunublar. Bütün bunlar isə insan hüquqlarından danışan, dünyaya demokratiyanın nə olduğunu öyrətməyə çalışan şəxslərin gözü qarşısında baş verir”.

Prezident beynəlxalq medianı müstəmləkə siyasətinə qarşı cəsarətli mübarizə aparmağa çağırıb.

Azərbaycanın müstəmləkə siyasətinə qarşı çıxmasının əsas səbəblərindən biri də özünün bu ağrılı təcrübəni yaşamasıdır. XIX əsrdə müstəmləkə altına düşən Azərbaycan XX əsrin əvvəlində qısa müddətə müstəqillik əldə etsə də, Sovet İttifaqının tərkibində yenidən eyni tale ilə üzləşdi. Azərbaycanın respublika olması yalnız formal xarakter daşıyırdı və hər şeyd mərkəzdən – Moskvadan idarə olunurdu. Sovetlərin qurulmasından dağılmasına qədərki 70 illik dövrdə Azərbaycan böyük itkilərlə üzləşdi.

- Torpaqlarımızın bir hissəsi – Zəngəzur, Göyçə, Dərəlyəz mahalı və digər ərazilər mərkəzin göstərişi ilə Ermənistana birləşdirildi;
- Yeraltı və yerüstü sərvətlərimiz yenə mərkəzin göstərişi ilə talandı;
- Azərbaycanın inkişafının qarşısını alındı;


SSRİ dağılanda və müstəqilliyimiz bərpa olunanda neft-qaz ölkəsi olan Azərbaycan elektrik enerjisi və təbii qazsız qalmışdı, halbuki, sovetlər dövründə milyonlarla barel neft istehsal edən ölkə idi. Bu faktlar müstəqilliyin nə qədər böyük nemət olduğunu anlamağa imkan verir. Müstəqilliyimizin bərpasından, xüsusilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dirçəlməyə, inkişaf etməyə başladı. Çünki təbii sərvətlərimizə özümüz nəzarət edir və bu, müstəqil Azərbaycanın inkişafı istiqamətində üçün xərclənirdi. 1990-cı illərdə işğala məruz qalsaq da, müstəqil siyasət və güclü iqtisadiyyat nəticəsində torpaqlarımızı azad etməyə, suverenliyimizi bərpa etməyə nail olduq. Bu gün müstəqil Azərbaycan regionun əsas gücü, qlobal siyasətin isə orta gücü olaraq qəbul edilir.

Prezident İlham Əliyev bildirib ki, müstəqilliyim bəhrəsi məhz budur.

“Biz XIX əsrdə müstəmləkəyə çevrildik və müstəmləkə kimi yaşadıq. Daha sonra Sovet İttifaqı yaradıldıqda isə biz müstəqil deyildik, Sovet İttifaqının tərkibində idik. Respublika idik? Bəli, amma heç bir real hüquqa malik olmayan bir respublika. Müstəmləkə kimi yaşamağın nə demək olduğunu da, azad olmağın nə demək olduğunu da tarixi yaddaşımızdan yaxşı bilirik. Məsələn, XIX və XX əsrlərdə müstəmləkəçilik dövründəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etsəniz, aradakı fərqin gecə ilə gündüz qədər olduğunu görərsiniz. Onlar bizim yalnız sərvətlərimizi talayırdılar. Azərbaycandan milyardla barel deyil, milyard tonlarla neft hasil olunmuşdu. Sovet İttifaqı dağıldıqda isə biz təbii qazsız və elektrik enerjisiz qalmışdıq. Bu gün də Bakının ətrafındakı çirklənmiş ərazilərin təmizlənməsi ilə məşğuluq. Sərvətlərimizi istismar edənlərin təbiətimizə vurduğu zərərin aradan qaldırılması üçün milyardlarla vəsait xərcləyirik. Ötən otuz ildən çox müddətdə isə Azərbaycan, artıq qeyd olunduğu kimi, orta gücə malik dövlətə çevrilib. Məhz müstəqilliyin bəhrəsi budur. Sovet İttifaqı dağılanda xatırlayıram ki, Rusiyada bir çox analitiklər deyirdilər: “Bu respublikalar məhv olacaq. Onlar mərkəz olmadan yaşaya bilməyəcəklər”. Bəs nə baş verdi? Onların hamısı normal həyat yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən az firavan yaşayır, amma onların heç biri məhv olmadı. Müstəqilliyin üstünlüyü də məhz budur. Məhz buna görə biz Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin müstəqilliyini, azadlığını dəstəkləyirik. Bir daha qeyd etmək istəyirəm ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur”, - dövlət başçısı vurğulayıb.

Məsələ məhz bundan ibarətdir. Vaxtilə müstəmləkə taleyini yaşamış, müstəqilliyini bərpa etdikdən sonra isə insan haqları məsələsində süni şəkildə hücumlara məruz qalmış xalqların azadlıq istəklərinin boğulmasını istəmir və heç bir siyasi maraq güdmədən səmimi şəkildə bu mövqedən çıxış edir. İnsan haqları məsələsini siyasi alətə çevirən Qərb dairələrindən fərqli olaraq, Azərbaycanın məqsədi XXI əsrdə müstəmləkə siyasətinin davam etməməsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm