İranla yaxınlaşma bizə nə verəcək? - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

İranla yaxınlaşma bizə nə verəcək? - ŞƏRH

"Əldə edilən yeni razılaşma da bu sularda iki ölkənin birgə fəaliyyət göstərməsi, neft və qaz quyularının qazılması üçün lazımi vasitələrin birgə istehsalını ehtiva edir. Çünki İranın belə dərin sularda qazıntı işləri aparmaq üçün texnologiyası yoxdur. Azərbaycanın isə əksinə, bu sahədə həm zəngin təcrübəsi, həm də texnologiyası var".

Bu sözləri politoloq Qabil Hüseynli Publika.az-a İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində Xəzərin statusu ilə bağlı əldə edilmiş razılaşmanı və Astara-Rəşt dəmiryolu xəttinin maliyyələşməsi ilə bağlı aparılan müzakirələri şərh edərkən deyib.

Politoloq bildirib ki, bu məsələdə İranın tutduğu mövqe bu günədək problemin həllinə böyük sədd çəkmişdi:

“Məlum olduğu kimi, Xəzərin yekun statusu hələ müəyyən edilməyib. Bu məsələdə İranın tutduğu mövqe, xüsusilə, yekun statusun müəyyən edilməsinə təsir edən əsas amillərdəndir. İran Xəzəri bərabər hissəyə bölüb onun resurslarından istifadə etməyi istəmirdi. Ancaq Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin orta xətt prinsipi ilə bölünməsini tələb edirdi. Bu prinsipə artıq İrandan başqa bütün ölkələr, hətta Türkmənistan da razılaşmağa xeyli yaxınlaşıb. Ancaq Xəzərin yekun statusu haqqında ortaq məxrəcə gəlmək mümkün olmasa da, bir konvensiyanın imzalanması nəzərdə tutulub. Bu konvensiyaya görə, mübahisəli hesab edilən ərazilərdə həm fauna və floradan, həm də sulardan ortaq istifadə edilməsi və eləcə də Xəzərin təkindən karbo-hidrogen ehtiyatlarının çıxarılması məsələsində ortaq fəaliyyət göstərilməsi nəzərdə tutulub. Ruhani Azərbaycana gələrəkən bu məsələ ətraflı surətdə müzakirə edildi.

Xəzərin cənub hissəsində - Lənkəran-Astara bölgəsində, yəni Azərbaycanın bölgə sularına düşən ərazilərdə çox böyük neft və qaz ehtiyatları kəşf edilib. İran bundan təkbaşına istifadə etmək istəyirdi. Ancaq ölkəmiz qətiyyən buna imkan vermədi. Əldə edilən yeni razılaşma da bu sularda iki ölkənin birgə fəaliyyət göstərməsi, neft və qaz quyularının qazılması üçün lazımi vasitələrin birgə istehsalını ehtiva edir. Çünki İranın belə dərin sularda qazıntı işləri aparmaq üçün texnologiyası yoxdur. Azərbaycanın isə əksinə, bu sahədə həm zəngin təcrübəsi, həm də texnologiyası var. Bu səbəbdən ortaq şirkət yaradılması və Xəzərin təbii ehtiyatlarından ortaq istifadə edilməsi barədə sazişin imzalanması uğurludur. Çünki indiyə qədər hadisələr qarşıdurma şəraitində inkişaf edirdi və İran heç cür burada Azərbaycanın işlər aparmasına icazə vermirdi. Hətta bir neçə il bundan əvvəl qarşıdurmaya bənzər bir şərait yaranmışdı. Yeni imzalanmış müqaviləyə görə, bundan sonra Xəzərin təkindən həm İran, həm də Azərbaycan bərabər şəkildə istifadə edə biləcək”.

Politoloq bildirib ki, Astara-Rəşt dəmiryol xətti layihəsi də özlüyündə çox böyük bir işdir:

“Bu layihə hər iki ölkəyə çox böyük faydalar verəcək. Bakı-Tbilisi-Qars dəmiryolundan sonra Şimal-Cənub dəmiryolu çəkiləcək və bu layihə Azərbaycanı böyük dəmiryol qovşağına çevriəcək. Artıq Azərbaycan Astarasından İran Astarasına qədər yolun bir hissəsində körüpünün tikintisi başa çatıb. Oradan Rəşt bölgəsinə dəmiryolunun çəkilməsi üçün İranın pulu olmadığından, həmin xərcləri Azərbaycan kredit şəklində verəcək. Bu da təxminən yarım milyard dollar həcmində bir məbləğ deməkdir. Bu vəsaiti İran faiz şəklində geri qaytaracaq. Qaytara bilməsə, Astara-Rəşt xətti üçün ortaq şirkət yaradılacaq və Azərbaycan da bu xəttdən istifadə edəcək. Beləliklə, Azərbaycan bölgənin qüdrətli dövləti kimi bir sıra iri iqtisadi layihələrə imza atacaq və İranla bağlanmış müqavilələrin aparıcı tərəfi olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm